Bir səsin sorağına yığışmışdı hər kəs. Üzdə təbəssümlə yanaşı, həsrət nisgili var idi. Uzaqda görünən dağıdılmış evlər, yandırılmış kəndlər görünürdü. Camaatın arasından bir nəfər əlini uzadıb təxminən 3 kilometr aralıda olan evi göstərdi: “Bizim evimizdi. 20 ildir həsrətindəyəm həyətimizin. Allah baisin evini yıxsın”.
Müqəddəs bir ocağın ətrafına toplaşmışdı hamı. Ağdamın Çəmənli kəndində Seyyid Lazım ağanın ziyarətgahının ətrafındakı izdiham, eyni zamanda bu müqəddəs yerin sahibi illərdən bəri bu torpaqların həsrət qaldığı bir səsi gözləyirdi. Bir azdan burada Haqqın səsi olan azan səslənəcəkdi. O azan ki, Ağdamda səslənmişdi və həmin səsin çağırışına vaxtilə elə bu müqəddəs yerdə uyuyan zat da namaza tələsmişdi.
Haqqın səsinin bu məkanda səslənməsi təsadüfi deyildi. Axı bura Qarabağ torpağıdır, sinəsinə dağ çəkilmiş, parçalanaraq yad ayaqlar altında tapdanan Qarabağ torpağı. 20 ildir azan səsinə həsrət qalan Qarabağ torpağı.
“Allahu Əkbər! Allahu Əkbər! Allahu Əkbər. Allahu Əkbər!”. Bu səsdəki yanğı hər kəsin üzündəki ifadəni bir anlıq dəyişdi. O qədər nisgil var idi ki, bu səsdə, sanki illərdən bəri üzəri qaysaq bağlamış bir yaranı qanatmış və onun acısına ağlayırdı insanlar. Müqəddəs məkandan verilən müqəddəs səsdə olan yanğı idi ətrafı bürüyən. Sanki bu səsin ahənginə torpaq titrəyirdi. “Həyyə ələssəlat! Həyyə ələssəlat!” sözlərininin təsirindən yad əllərdə olan yurdumuz bizə tərəf tələsirdi.
20 il sonradır. Hafizin ifasındakı o yanğılı azan yenidən eşidilir. Ağdam Cümə məscidindən verilmiş o Haqqın səsi. Özü də Vətən nisgili ilə dünyadan köç edən, bu torpağın lazımlı övladı Seyyid Lazım ağanın uyuduğu məkandan. Minarədən səslənən azanın səsinə seyyidin narahat ruhu bir anlıq rahatlıq tapacaq. Sanki Ağdamdan Cümə məscidinin minarəsindən insanları Haqqa doğru çağırır bu səs.
“Allahu Əkbər! Allahu Əkbər! La ilahə illallah! La ilahə illallah!” Kəsilir haqqın səsi. Narahat olur yenə bu torpaqda uyuyan insanların ruhları. Axı Ağdam hələ də işğal altındadır. Axı bu azanın səsləndiyi minarə indi dağıdılıb. İçərisində namaz qıldıqları müqəddəs məkan təhqir edilib.
P.S. “O səs bizi çağırır. Ağdama çağırır, Qarabağa çağırır”, – deyə əsasına söykənərək dayanmış yaşlı bir seyyid pıçıldandı. Daha sonra isə belə dedi: “İlahi, qismət elə, bu səsi Ağdamda eşidək”. Sanki bir anlıq ayağımın altından yer qaçdı. Xəyalımdan bu sözlər keçdi və yaralı qəlbimi bir daha közlədi: “Görəsən, heç olmasa, bu qoca seyyidi arzusuna çatdıra biləcəyikmi?” Və cavab gəldi qəlbimdən: “Mütləq!”