Kərbəla ziyarətindən qayıdan bir qohumdan ziyarət haqqında soruşanda verdiyi cavab məni heyrətləndirdi. “Mən Kərbəlada İmam Hüseynin (ə) əzəmətini əyani olaraq gördüm. Təsəvvür edin, 1400 ildir bir an belə dayanmadan dünyanın demək olar ki, bütün dillərində bu şəxsiyyət anılır və onun müsibətinə göz yaşı tökülür. 1400 ildir bir an belə olsun İmam Hüseynin (ə) ziyarətgahı zəvvarsız qalmayıb. Gördüklərim məni heyrətə gətirdi. Gələnlərin rəngi, irqi, milləti, dili fərqli idi. Amma onların hamısı bir nəfərin işığına toplaşmışdı, bir nəfərə təvəsül edib dua edirdi. Məhz burada mən İmam Hüseynin (ə) əzəmətini dərk etdim.”
Aşura günü ərəfəsində bəzi dar düşüncəlilər İmam Hüseynə (ə) əza saxlamağın guya mənasız olduğunu sübut etmək üçün ciddi cəhdlə ortaya atıldılar. Amma tarix sübut edir ki, bu dahi şəxsiyyətin məqamını alçaltmaq üçün necə böyük qüdrət sahibləri olub, bunun üçün nə qədər var-dövlət sərf ediblər. Lakin bütün bu cəhdlər iflasa uğrayıb və Allah İmam Hüseynin (ə) məqamını daha da uca edib.
Aşura günü bütün dünyada milyonlarla insan o həzrətin işığına toplaşır, əza saxlayır, onun məktəbini yad edir. Bəziləri üçün bu hal qəribə görünsə də, o insanları bu işi görməyə heç kim məcbur etmir. Bəlkə də dini vəzifələrini belə yerinə yetirməyən minlərlə insan elə təkcə Azərbaycanda hər Aşura günü İmam Hüseynə (ə) əza saxlayır, məscidlərdə, evlərdə təşkil edilən mərasimlərə qatılır, ehsanlar edirlər.
Builki Aşura günündə diqqətçəkən məqamlara şahidlik etdim. Mağazaların birində Aşura ilə əlaqədar çörək pulsuz olaraq paylanırdı. Bir avtobus sürücüsü isə insanları pulsuz olaraq daşıyırdı. Eyni zamanda üzərində “Məscid və ziyarətgahlara gediş pulsuzdur” yazılan taksilər var idi. Bu insanları belə bir addım atmağa kimsə məcbur etməmişdi. Bəs görəsən bunun səbəbi, əsl qaynağı nədir? Cavab çox sadə olsa da olduqca dərin məna ifadə edir. “İmam Hüseynə (ə) olan məhəbbət.” Allah üçün bütün varlığından keçən bir insanın dəyəri məhz budur.
P.S. Sonda İmam Hüseyn (ə) məktəbinə dil uzadanlara qısa bir sözümüz var. Özünüzü yormayın. Sizdən əvvəlkilər və sizdən sonrakılar da bu cür cəhdlər edib və edəcəklər. Amma hər birinin sonu iflasdır. Odur ki, Allahla qarşılaşacağınız gündən qorxun, əgər bu günə imanınız varsa.