Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə deyib ki, mollalıq fəaliyyəti xidmət sahəsi kimi lisenziyalaşdırılmalıdır və onların bu məsələdən kənarda qalması düzgün deyil.
Hörmətli deputatımız qeyd edib ki, bəs mollalıq fəaliyyəti lisenziyalaşarsa, onda bu işlə məşğul olma şərtləri dəqiqliklə müəyyən edilər, mollanın öhdəlikləri aydın bilinər. Mollalar sertifikat aldıqda ona öhdəliklərini göstərən sənəd təqdim edilmir. Lisenziyalaşma olduqda isə mollanın gəlirinin necə olacağı, bu gəlirdən vergi ödəyib-ödəməyəcəyi kimi məsələlər də aydınlaşar.
Deputat onu da deyir ki, bəs mollalıqla məşğul olanlar bu işdən pul qazanırsa, bunun əvəzində vergi ödəməli, Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta haqqı ödəməklə gələcək pensiyalarını təmin etməlidirlər.
Mollaların sözü olmasın XOB əla. Bəyənilsin. Amma...
Bunun əmmasını bir az xırdalayaq. Çünki, hörmətli millət vəkilinin təklifində qaranlıq məqamlar var ki, gərək hazırlayacağı qanun layihəsində bunlar aydın olsun. Məsələn, lisenziyanı mollalar hansı dövlət qurumundan alacaqlar? Lisenziyanın rüsumu və yaxud “şapkası” (əstəğfürüllah “hörməti”) hara ödəniləcək? Lisenziya üçün hansı sənədlər tələb olunur?
Bu “müqəddəs” qanun layihəsi gərək mükəmməl olsun. Odur ki, qanun layihəsinə təkliflər irəli sürmək istərdik.
Məsələn, lisenziya almış hər mollaya ayrıca müəlliflik hüququ tanınmalıdır. Tutaq ki, biri məclis aparmaq üçün bir forma icad elədi. Yaxud Yasin oxuyarkən yeni bir avaz yaratdı. Həmçinin dəfn mərasimində ölünü qəbrə qoymaq üçün nanotexnologiyalar, qəbirin qazılması üçün yeni standart yaratdı. Başqa mollaların bunu plaqiat etməməsi üçün mütləq müəlliflik hüququ qorunmalı, müvafiq dövlət qurumundan bununla bağlı sənəd alınmalıdır. Yəni, molla öz yaratdığı standartları patentləşdirməlidir. Çünki belə olmasa mollalar arasında rəqabət şəraiti sağlam formalaşmayacaqdır. Müəlliflik hüququ olduğu təqdirdə isə bir molla digərinin standartlarından istifadə edərkən mütləq istinad göstərəcək, bu isə sağlam rəqabət mühitinin yaranmasına səbəb olacaqdır. Əks halda bu sahədə ciddi qanun pozuntuları baş verə bilər.
Sənəd demişkən, mollarara lisenziya üçün lazım olan hansı sənədlər olmalıdır? Təklif edirik ki, molla mütləq arxivdən özünün keçmişi haqqında sənəd, həqiqətən molla olması haqqında arayış (QMİ-dən, natorial qaydada təsdiqi ilə), Vergilər nazirliyində qeydiyyat sənədi, şəxsi əmlakı barədə çıxarış, qaz pulu, işıq pulu, su pulu çekləri kimi mühüm sənədləri təqdim etməlidir.
Lisenziya aldıqdan sonra ofisi, yaxud daimi və ya mövsümü fəaliyyət göstərdiyi məsciddə qeydiyyata alınmalıdır.
Mollalar üçün plastik kartlarla ödəniş etmək imkanları olan kassa aparatları tətbiq edilməlidir. Amma yaxşı olardı ki, mollalar üçün xüsusi kassa aparatları düzəldilsin və bu aparatlar çoxfunkisiyalı olsun. Məsələn, ölü dəfn edildikdən və məclisin ilk 3 günü başa çatdıqdan sonra ölünün qəbirdə son durumunu əks etdirən fotoları olan qəbz çap edə bilsin.
Lisenziyalı mollalar Yasin oxuduqları zaman ölü sahibi onlara ödəniş etdikdən sonra, mütləq ölən şəxsin imzası ilə (elektron imza kartı varsa elektron imza), YUXARIDAN (Allah dərgahından) da təsdiq edilmiş qəbz tələb etməlidir. Çünki Yasinin ölüyə dəqiq çatması barədə şəffaflıq təmin edilməlidir.
Bu qanun layihəsi hazırlanarkən mütləq ölülər də nəzərə alınmalıdır. Yəni mollalarla yanaşı ölülər haqqında da standartlar müəyyənləşməlidir. Təklif edirik ki, ölülər də sertifikatlaşdırılsın. Çünki lisenziyalı molla üçün standartlara uyğun olmayan ölünü dəfn etmək çətin olacaqdır. Qanun layihəsinə mütləq şəkildə “Ölü haqqında standartlar” bölməsi əlavə edilməlidir. Burada ölünün boyu, yaşı, çəkisi haqqında standartlar müəyyən edilməlidir.
Qanun layihəsinin müvafiq bəndində molla ilə yas sahibi arasında mütləq alqı-satqı müqaviləsi imzalanması şərt göstərilməlidir. Müqavilədə mollanın və ölü sahibinin hüquqları və öhdəlikləri dəqiq əks olunmalıdır.
Eyni zamanda molla yas sahibinə müvafiq dövlət qurumundan aldığı lisenziyanın sürətini, yas sahibi isə ölünün borcunun olub-olmaması, bankda kreditinin qalıb-qalmaması haqqında arayış, həqiqətən öldüyü haqqında şəhadətnamə (notarial qaydada təsdiqlə), ölmək üçün müvafiq qurumdan icazə arayışı, standartlara uyğun olması haqqında müvafiq ekspertlər qrupunun rəyini əks etdirən sənədi təqdim etməlidir. Molla isə bu sənədləri basdırılan adamın şəxsi işinə tikməlidir. Müqavilənin şərtlərinə molla əməl etməsə 14 iş günü ərzində ölünü sahibinə qaytarmalıdır. Yas sahibi müvafiq sənədləri təqdim etmədikdə, yaxud ölü standartlara uyğun olmadıqda molla onu dəfn etməməli və yas məclisində iştirak etməməlidir. Əgər bu qaydalar molla tərəfindən pozulsa o minimum əmək haqqının 2000 misli qədər cərimə edilməlidir (həbs edilmə variantı da nəzərdən keçirilə bilər).
Qanun layihəsində yas məclislərinə gələnlər də nəzərə alınmalı, yasa gəlməzdən öncə müvafiq qurumdan (hər yas məclisi üçün ayrılıqda) icazə alınmalıdır. Yasda iştirak etmək üçün icazə sənədi (orjinalı) mollaya təqdim edilməli, daha sonra həmin şəxs məclisdə iştirak etməlidir.
Qanun layihəsində ölmək üçün əvvəlcədən müraciət qaydaları, ərizə forması göstərilsə yaxşı olar. Bütün bunlar lisenziyalaşdırılmış mollaların işini daha asan edər. Çünki lisenziyalı molla yalnız sertifikatlaşdırılmış ölünü dəfn etmək hüquqna malik olduğu üçün bütün bunlar dəqiqliklə göstərilməlidir.
Sənəd-sünədin çox olduğunu nəzərə alaraq bu iş üçün ayrıca Dövlət Agentliyi yaradılsa yaxşı olar. Bütün sənədlər də elektronlaşdırılsa və bazaya işlənsə açdığımız zaman kimin nə zaman harda hansı şəraitdə öldüyü, hansı standatla basdırıldığı haqqında geniş məlumat almış olarıq.
Hörmətli millət vəkilimiz qanun layihəsi hazırlayərkən bu təklifləri nəzərə alsa yaxşı olar. Eyni zamanda o dünya ilə bu dünya arasında vasitəçilik edəcək şəxslər və yaxud elektron formada olacaqsa e-mail ünvanlar və telefonlar müəyyənləşdirilməlidir.
P.S. Qanun layihəsi qəbul edilməzdən əvvəl ümumxalq müzakirəsinə çıxarılsa yaxşı olar. Amma eyni zamanda ölülərin də fikirləri, təklif və iradları nəzərə alınmalıdır.