“Hər udum suda bir əzab, hər bir loxma təamda bir qüssə var.”
Hz. Əli (ə)
Yaşadığımız dünyada bir-birini əvəzləyən günlərimizdə atdığımız hər bir addımın qeydə alındığının bəlkə də fərqində belə deyilik. Gündəlik yaşayışımızda etdiyimiz əməllərin nə zamansa tərəzidə ölçüləcəyini düşünmürük. Amma Allahın vəd verdiyi Böyük gündə bütün bunları görəcəyimizə şübhə yoxdur. Çünki Qurani-Kərimin ayələri ilə təsdiq olunan bu qanun Allahın Konstitusiyasında öz əksini tapıb. Lakin bir çoxumuz bu Kitabı ya heç oxumamışıq, ya da kitabxanamızda yuxarı rəfə qoyub toz basdığını belə unutmuşuq. Amma bir gün o Kitabın Sahibi ilə üz-üzə gələcəyimizi düşünməyərək bu addımı atmışıq.
İnsan unutqandır. Ona verilən nemətlərə görə şükranlığı yoxdur. Amma ona bir bəla üz verdikdə həmin an kömək istəyir və istəyini əldə etdikdən sonra yenidən unudur. Məhz bu unutqanlıq onu məhşər günü əzaba sürükləyir.
Səhər yuxudan duranda bu gün nə iş görəcəyimizi planlaşdırırq. Gündəlik görüşlər, işlər, qazanc və s. Günün sonunda yorğun halda evə gələndə “bir tikə çörək yeyim dincəlim” fikri ilə günümüzü tamam edirik. Amma görəsən özümüzə “Bu gün Allah üçün nə iş gördüm deyirikmi?” Deyə bilərsiniz ki, Allah ehtiyacsızdır. Amma Allahın həqiqətən də köməyə ehtiyacı olduğunu desək yanılmarıq. Allahın bizim köməyimizə, daha doğrusu, bizim vasitəmizlə insanlara yardım etməyə ehtiyacı var. Bir neçə misalla fikrimizi izah edək. Maraqlıdır, Allah məgər qapımıza gələn dilənçini görmürmü? Əlbəttə, görür. Bəs onda nə üçün onun ruzisini vermir? Ona bizim yardım etməyimizi, ruzisini bizim vasitəmizlə almağını istəyir? Deməli, Allah bununla həm Özünün ruzi verən olduğunu bildirir, həm də bizə vəd etdiyi xeyirli əməllərə görə savabı yazır.
Allaha kömək etmək. Küfr kimi səslənir. Axı deyirik Allah ehtiyacsızdır. Amma bu kömək ehtiyacdan qaynaqlanmır. Daha doğrusu, bu köməyə Allahın deyil, bizim ehtiyacımız var. Allaha necə kömək edə bilərik bəs? Bir misalını yazdıq. İmkansızlara əl tutmaqla. Digər biri isə yaratdığı bəşər övladını şeytanın şərrindən qoruyub vəd etdiyi Cənnətə, öz yanına aparmağa kömək etmək. Yəni, qısacası insanlara Allahı tanıtmaq və onun göndərdiyi dini öyrətməkdir.
Bəzən kimsə yolunu azanda “Allah hidayət versin” deyib keçirik. Bəli, hidayəti Allah verir. Bəs biz necə, bu işdə Allaha kömək edirikmi? Yəni insanların haqq yola dəvət edilməsi elə Allaha köməkdir. Allah onun qəlbinə iman salır, amma o iman nurunu işıqlandırmaq biz insanların üzərində olan vəzifədir.
“Ey iman gətirənlər! Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər” (Qurani-Kərim, Muhəmməd surəsi, ayə 7).
P.S. Allaha yardım etmək üçün ilk növbədə insan özü-özünü islah etməlidir. Nəfsini paklayan, Allahın qanunlarına riayət edən biri Allaha kömək edə bilər. Yoxsa insanları haqqa çağırıb özü zəlalətdə olsa, bunun heç bir faydası yoxdur. Allaha yardımçı olmaqda Allah özü yardımçımız olsun!