Ölümə yəqini var, amma, dünya ilə fərəhlənir. İnsan xislətindədir bu. Əlində olan dünya ilə fəxr edər, amma Allahı unudar. Övladları ilə fəxr edər, ancaq bunun Allah tərəfindən bəxş olunduğunu yaddan çıxarar. Ona bir bəla üz verdikdə isə dərhal xatırlayar və ölümün haqq olduğunu anlayar amma...
Ölümə yəqini var, amma, necə də mal toplamağa hərisdir! Bu tez keçər, yenə unutqan olar insan. Ətrafındakıların, qonşularının, dostlarının son mənzilə yola salındığını görər, ancaq “bu mənə gəlməz” deyə düşünər. Yenə öz işində olar. Yenə başı dünyaya qarışar, Allah yaddan çıxar. Gün gələr mal-dövləti əlindən çıxar, Allahı xatırlayar, ölümü, dünyanın fəna olduğunu anlayar və sanki geri dönər, amma...
Necə də gülür! Yenə unudar hər şeyi. Ölüm yaddan çıxar və əlində olan 3-5 manatla fəxr edər. Başqalarına yardım etmək əvəzinə “5 günlük dünyadır” deyər.
Necə də istirahət edir! Sübh vaxtı Allahın vacib buyurduğu namaza qalxmaz. “İşə gedəcəyəm, bir az da yatım, durub qəzasını qılaram. Allah bağışlayar” deyər və haqq-hesab günün yenə unudar.
Təəccüb edirəm o kimsəyə ki, dünyanın zavala gəldiyinə yəqini var, amma, dünyaya məftundur və ondan təmənnası var. Zəlzələlər olar, daşqınlar sellər. Dağılar dünyanın bir yeri. Bunu görər insan. Yenə “mənə növbə gəlməz hələ” deyər. Çünki sevir əlində olanı. Bunun əbədi olduğunu düşünür.
Dildə alimdir, qəlbi isə cahildir. Başqalarına elm öyrədər insan. “Allah bunu haram edib, bundan çəkinin” deyər. Amma özü dediyinə əməl etməz. Hər kəs onu alim bilər, hörmət edər, o isə bununla fərəhlənər, daha da bataqlığa doğru sürətlə gedər.
Su ilə zahirini paklayar, amma, qəlbini iman ilə paklamaz. Dəstəmaz alanda o qədər yuyunar ki, “bu müxlis bəndədir” deyər ətrafındakılar. “Yəqin imanı da belədir” düşünərlər. Amma qəlbi qəsavət bağlayıb. Bir dəfə olsun qəlbini paklamır. Çirkab yığılır qəlbində və qara qəlblə dünyadan köçür.
Camaatda eyib axtarar, amma, öz eybindən qəflətdədir. Daim başqalarında eyib axtarar, amma öz gözündəki tiri görməz. Özünə vurğun olar, hər yerdə birinci olmaq istəyər və daim kiməsə nöqsan tutmağa vərdiş edər.
Təəccüb edirəm o adama ki, bilir Allahdan asılıdır, amma Ona asi və ağ olur. Yenə də bu təkəbbürlük sonra o həddə çatar ki, kimdən asılı olduğunu unudar və sonda Firon kimi Allahlıq iddiasına düşər və... Bir gün tənha ölər, qəbirə tənha girər, çünki Allahdan çox insanlarla həmdəmdir.