Yollarına baxa-baxa qalmışam. Görəsən haradasan, sevgili yar? Sənin gözlərimdən uzaq olmağın darıxdırır qəlbimi. Sənin yolunu Hz. Yəqubun (ə) Hz. Yusifi (ə) gözlədiyindən çox gözləyirəm. Ey gözümün nuru, sinəmdəki ahı yalnız sənin gəlişin sağalda bilər. Bu qədər intizarın yetər də artar. Bəlkə bir anlıq da olsa mənim günahdan pərdələnmiş gözlərimə görünəsən. Axı bu qədər hicranın qəmindən bükülmüş belim, əyilmiş vücudum sənin intizarındadır.
Zülm, ədalətsizlik tutub bu dünyanı. Qan çanağına dönüb bu cahan. İnsanlar bir-birinə biganə. Unutmuşlar Allahı da, onun Kitabını da, Peyğəmbərini (s), onun Əhli-beytinin (ə) yolunu da. Görəsən nə qədər zülm artmalıdır ki, Sən gələsən? Məgər hər gün müsəlman ölkələrində məsum uşaqların qanının axıdılması zülm deyilmi? Bəlkə dinsizlərin dünyaya hökmranlıq iddiası ədalətdir? Allahın yolunu qoyub şeytana uyanlar bəlkə doğru yoldadırlar? Məscidlər doludur amma, mömin varmı? Hamı “Allah-Allah” deyir, Allah yolunda doğru, düzgün gedən varmı?
Bilirəm, Sən bizdən də çox narahatsan. Sən bizdən də çox dərd çəkirsən. Ağlayırsan bizim günahlarımızı görəndə. Sarsılırsan Allah yolundan sapanda. Dünyandakı ədalətsizliyə son qoyacağı günü bizdən də çox gözləyirsən. Amma, həbibim, inan ki, qəlbimdəki həsrətdir bu sətirləri yazmağıma səbəb. Bilirəm ki, eşidirsən bizi, hər zaman yanımızdasan. Axı dünya heç zaman höccətsiz qalmaz deyib Allahımız. Sənsən bizim son ümmidigahımız, pənah apardığımız qapı.
Fəqət sənin haqq olduğunu dananlar da çoxdur. Sənin gəlişinə inanmayanlar da çoxdur. Amma Allah vəd verib ki, dünya zülmət olacağı vaxt sən öz nurunla onu aydınladacaqsan. O nurun işığına toplaşacaq səni sevənlər. Sənin intizarınla yaşayanlar.
Ey həbibim, ey gözümün nuru. O günü gözləyirəm ki, Mədinədən gələcək o səs. Sənin zühurunun səsi. Allahın yer üzərindəki son höccətinin səsi. Zamanın İmamının (ə.f.) səsi.
P.S. Bir dua gəldi, süzüldü qəlbimin dərinliklərindən. Allah and verirəm ki, sənin intizarında olanların intizarına tezliklə son versin. AMİN!