Dünən bir yas məclisində qarşılaşdığım mənzərəni sizlərlə bölüşmək istəyirəm. Yox, bu dəfə mövzumuz yas məclislərindəki israfçılıq deyil. Onsuz da bu barədə kifayət qədər yazmışıq. Bu dəfəki mövzu haram ticarət və onun acı fəsadları barədədir.
Məclisdə üzbəüz oturduğum 3 nəfərin söhbəti diqqətimi cəlb etdi. Söhbətdən aydın idi ki, bunlardan biri təzə ərzaq dükanı (supermarket) açıb. Amma işlərin zəif getdiyindən şikayətlənir. Yanında oturan digəri isə bir qədər təcrübəli olduğundan öz “ticarət təcrübəsini” bölüşür və “qazanmağın yollarını öyrədir.” Bu şəxs digər həmkarına (sonradan bildim ki, təzə dükan açan hacıdır) ürək-dirək verərək deyir ki, bəs dükanı bacardığın qədər doldur. Hacı isə cavabında – “Satılmayandan sonra o məhsulları niyə yığım ki dükana?! – deyə cavab verir. Bu sualın cavabında “təcrübəli həmkar” maraqlı cavab verir: “Bunun sənə nə dəxli var?! Mal şirkətindir, vaxtı qurtardı “vazvrat” edəcəksən. Təki dükan dolu olsun”.
Söhbətin bu yerində dükanda satılacaq ət və meyvə məhsulları ilə bağlı “məsləhətlər” verilir: “Ət köhnəldi və ya satılmadı, eybi yox. Ucuz qiymətə sən mənə ver mən onu yerbəyer edəcəm”. “Axı necə?” – sualının cavabında maraqlı cavab gəlir: “Bölüşdürəcəm işçilər arasında, sonra aylıq maaşlarından tutacam. 50 qəpik ucuzuna verirsən vəssalam”.
Meyvə-tərəvəz “məsləhətləri” davam edir: “Dükanın bu hissəsini ver “arendaya”. Qoy ziyan da həmin adama olsun. Sənə nə var nolur, ayın axırı pulu al”.
Hacı, bütün bunları edə bilməyəcəyini, amma qazanmaq da istəydiyini bildirəndə “məsləhətçi” başqa bir “halal” yol təklif etdi: “İşçilərə maaş vermə. Əvəzində ərzaq ver. Özü də üstündə qalan köhnə ərzaqları. Həm də sənə xeyir olar. Ya da ki, başqa bir şey də eləmək olar. Satıcın işə gecikdi və ya arada bir qohumundan gəldi dükana, sikayət etdin, sonra da maaşını kəs. Belə eləməsən qazana bilməzsən.”
Bu cür haram ticarətin yollarını ağızdolusu ilə danışan adam eyni zamanda stolun üstündə olanların hamısından o ki, var yeyirdi. Əvvəl elə düşündüm ki, bu acgöz adam müftə yemək gördüyü üçün belə edir. Amma az sonra “ticarət məsləhətçisinin” heç də bu cür biri olmadığını anladım. Əksinə yeməyi belə acgözlüklə yeməsinin səbəbi varmış:
“Şəkərim çoxdu. Gündə üç dəfə iynə vurmasan alınmır. Hələ dərman da atıram. Böyrəklərim də “atkaz” gedir. O gün getmişdim həkimə 1200 manatlıq dərman yazıb.”
“Evdə uşaqlar necədi?” sualının cavabı da maraqlı idi. “Qız qayıtdı. Oğlan da bilirsən də zəhrimar, ata bilmir. O gün polis tutub 10 minə güclə qurtardım.”
Artıq bu söhbətin ardına qulaq asmaq istəməyib bayıra çıxdım. Fikrimi cəlb edən bir məsələ var idi. Görəsən təzə dükan açan hacı bunları eşidəndən sonra yenə də göstərilən “məsləhətlər” əsasında pul qazanmaq istəyəcəkmi?
P.S. Hələ bunun axirət haqq-hesabı var...
Məhəmməd Əlizadə