Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin 60 illik yubileyi və QMİ sədri postunda fəaliyyətinin 30 illiyinə həsr olunmuş "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda keçirilən iki günlük beynəlxalq konfrans bu gün öz işini davam etdirib. APA-nın məlumatına görə, Təzəpir məscidində keçirilən konfransa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov sədrlik edib. Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Tolqat Tacəddin öz təbrik çıxışında bütün insanların və cəmiyyətlərin dialoq şəraitində yaşamasının vacib olduğunu deyib: "Amma təəssüf edirik ki, bu gün biz hələ də dialoqa hazır deyilik. Bu gün ənənəvi dinlərin dialoq və əməkdaşlıq mühitində yaşamasına böyük ehtiyac var. Həmçinin həm sünnü, həm də şiələrin qarşılıqlı anlaşması mühümdür. Necə ki, biz bunu Azərbaycanda, Qafqazda görürük. Bu gün bütün müsəlmanlar eyni problemləri yaşayırlar və biz birgə hərəkət etməliyik".