Ali dini rəhbər Ayətullahul-üzma Seyyid Əli Xamenei cənabları İranda səfərdə olan Pakistan prezidenti Asif Əli Zərdari və prezidenti müşahidə edən heyəti qəbul edib. Ayətullah Xamenei cənabları çıxışı zamanı İran və Pakistan arasında ortaq dini, tarixi və mədəni əlaqələrə işarə edərək, Pakistan xalqının İslam inancına söykənən uzun mübarizə tarixinin olduğunu, Pakistanın nailiyyətlərinin sevindirici hal olduğunu söyləyib: "Pakistan xalqının uzun bir keçmişə söykənən mübarizə tarixində Məhəmməd Əli Cinnah və Məhəmməd İkbal kimi şəxsiyyətlərin yeri böyükdür. Bu mübarizənin ən mühüm tərəfi Pakistan xalqının İslama sarılmasıdır. Pakistan xalqının mövcud problemlərdən və əziyyətlərdən tək qurtuluş yolu - yenə İslama bağlılığının qorunmasıdır".