Bu gün AMEA İnsan Hüquqları İnstitutunda "Din və ictimai təhlükəsizliyin aktual problemləri" mövzusunda elmi konfrans keçirilib.
APA-nın məlumatına görə, tədbirdə dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin (MM) üzvləri, alim və ilahiyyatçılar, partiya sədrləri iştirak ediblər.
MM üzvü, AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva bu qəbildən olan tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, hər bir cəmiyyətdə, o cümlədən də müasir qloballaşan cəmiyyətdə dinlə bağlı məsələlər əsas insan hüquqlarından biri olan sərbəst düşüncə, vicdan və din azadlığı hüququnu təmsil etməklə daim diqqət mərkəzindədir. A. Mustafayeva əlavə edib ki, Azərbaycan dini tolerantlıq baxımından dünyaya örnək ola bilər.
AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib ki, hazırda Azərbaycanda din dövlətdən ayrı olsa da, bütün dövrlərdə din və dövlət bir-biri ilə sıx bağlı olub. Y. Mahmudov din adı altında Azərbaycana Qərbi Avropadan zərərli meyllərin idxal olunduğunu, bununla da ölkədə İslamın zəiflədilməsi məqsədinin güdüldüyünü vurğulayıb: "Biz doğrudan da tolerantıq. Ancaq tolerantlığımızdan istifadə etməyin!"
Y. Mahmudov anti-terror əməliyyatlarını dəstəklədiyini, lakin Qərbin analoji əməliyyatlarının Şərqə qarşı yaradıldığını bildirib: "Bu gün Əfqanıstan və İraqda soyqırımı aparılır".
İlahiyyatçı Vasim Məmmədəliyev deyib ki, Avropada fəaliyyəti qadağan edilmiş zərərli dini təriqətlər Azərbaycanda fəaliyyət göstərir: "Onlar qeydiyyata götürülməyəndə isə Azərbaycan hökumətini günahlandırır, hay-küy salırlar. Avropa da onlara arxa durur. Halbuki Avropa özü onların fəaliyyətini qadağan edib".
Tədbirdə iştirak edən digər şəxslər də fikirlərini bölüşüblər.
Analoji tədbirin payız aylarında keçirilməsi də planlaşdırılır.