Son günlərdə dünyada yaşanan "21 dekabr: Qiyamət böhranının" ardından mətbuatda maraqlı bir informasiya yazılmışdı: "Qiyamət dekabr ayının 23-ə kimi təxirə salınır."
Əslində bu qədər ucuz informasiyalarla insanların heysiyyatı ilə oynayanlar gördükləri işin bəlkə də fərqinə varmırlar. Hadisələri təhlil edəndə müəyyən həqiqətlər ortaya çıxmış olur. Həqiqətən də, insan o böyük günün gələcəyinə inanır və içində bir haqq-hesab qorxusu var. Amma necə? Gülünc tərəfi ondan ibarətdir ki, dünyanın müxtəlif yerlərində başlanan "Qiyamət hazırlıqları" fonunda öz iqtisadi maraqlarını güdənlər yetərincə qazandılar. Buna inananlar isə, Qiyamətdən salamat qurtulmaq üçün "yol boxçalarını" tutdular. İnsanın fitrətindəki yaşamaq ehtirası anlaşılandır. Dünyaya olan bağlılıq insanları buna vadar edir. Odur ki, 1-2 gün də sağ qalmaq həvəsi insanları belə işlər tutmağa təşviq edir. Bəs həqiqət necədir? Qiyamətdən qaçmaq olarmı?
Burada uzun-uzadı dini müzakirə açmaq fikrimiz yoxdur. Qurani-Kərimin bir ayəsini, özü də cəmi bir neçə sözdən ibarət olan hikmətini yazmaqla fikrimizi bildirmək istəyirik. Allah Quranda Həzrəti Peyğəmbərə (s) xitabən, aləmlərə rəhmət olaraq göndərilən insana, o insana ki, bütün elmlər onda cəmləşmiş və dünyada ondan alimi yoxdur, o insan ki, Allahın yer üzərindəki elçisidir və Rəbbin sözünü insanlara çatdırandı, buyurur: "Ya Peyğəmbər! Sən nə bilirsən ki, nədir Qiyamət?". Həqiqətən, düşündükdə bir o qədər də anlamaq çətin deyil. Qiyamət gününün hikmətini Allahın yuxarıda sadaladığımız keyfiyyətlərə malik olan bəndəsi belə bilmirsə, biz bunu necə dərk edirik? Bu qədər sadə bir düsturu anlamaq o qədərmi çətindir görəsən?
Əslində bütün bunların bir qaynağı var. İnsanların fitrətində olana yetərincə iman gətirməməməsi. Allahın əzəldən bizim fitrətimizdə yerləşdirdiyi iman nurunu alovlandırmaqdansa onu söndürməklə məşğuluq. Ona görə də bu qədər məntiqsiz düşünür və Qiyamətdən qurtulmaq yollarını arayırıq.
P.S. Qiyamət gününə hazırlaşmaq lazımdır. O andan ki, özünü dərk etdin, Allahın haqq-hesab gününə doğru irəlilədiyini anlamalı və o gün üçün tədarük görməlisən. Amma necə? Dükanlara qaçıb şam, makaron, çörək almaqla deyil. Qiyamət gününə hazırlıq insanın gündəlik həyatında olmalıdr. Atdığımız hər bir addımda, gördüyümüz hər bir işdə haqq-hesab olduğunu unutmamalıyıq. Qiyamət günü üçün topladığımız azuqə yemək deyil, faydalı əməllər olmadır. O qədər gözəl əməl azuqəsi yığmalıyıq ki, Allahın haqq-hesab günündə yaxşı əməllərimiz ağır gəlsin.
P.P.S. Və sonda unutmamalıyıq ki, Həzrət Əlinin (ə) buyurduğu kimi "Hər udum suda bir əzab, hər bir loxma təamda bir qüssə var."