Bir neçə ayın söhbətidir. Yay vaxtı idi. Ailəmlə birlikdə yoldaşımın yaxın qohumlarından birinin evinə qonaq getmişdim. Bəri başdan deyim ki, yaşlı ata, ana və yeniyetmə oğuldan ibarət olan bu kiçik ailənin üzvləri dinsiz deyillər. Amma dindar olub da bir elə hünər göstərməyiblər. Valideynlərin dindarlığı hər gün evdən çıxmazdan əvvəl üzü qibləyə durub üç dəfə Qül hüvəllah və ayətül-kürsi oxumaqla, oruc tutmadıqları Ramazan ayı bitəndə adambaşına 3 kilo buğdanın pulu qədər fitrə zəkatı verməklə (etiraf edim ki, bu da çox zaman bizim təkidimiz və hətta məcburiyyətimizlə olur), Allaha işləri düşəndən-düşənə pirləri gəzib ziyarət etməklə məhdudlaşır desəm, səhv etmərəm. Evin yeniyetmə oğlu bizim dəvətimizlə bir müddət namaz qılıb oruc tutdu, hətta iki il məhərrəmlik vaxtı məsciddən ayağı kəsilmədi. Amma... sonra həvəsdən düşdü, “şəraitim imkan vermir” deyə, ibadətin daşını atdı. (Ümid edirəm ki, heç olmazsa, birdəfəlik yox).