Səudiyyə Ərəbistanı kralı Abdulla ölkə tarixində ilk dəfə bu dövlətin qanunverici orqanı hesab edilən Şura Məclisinə 30 qadın təyin edib. Yerli KİV-lər bu olayı “tarixi hadisə” kimi qiymətləndirib.
İslam.az-ın "Yeni Şərq"ə istinadla verdiyi xəbərə görə, Kral Abdulla bundan sonra Şura Məclisində təmsil olunanların 20 faizinin qadınlardan təşkil olunacağı haqda müvafiq qərar qəbul edib.
Xatırladaq ki, mütləq monarxiya rejimi olan Səudiyyə Ərəbistanında seçkili parlament yoxdur və sözügedən Şura kralın qərarlar qəbul etməsi üçün “məşvərət məclisi” xarakteri daşıyır. Onun üzvlərini də kral təyin edir.
Səudiyyə Ərəbistanının SPA dövlət agentliyi kral Abdullanın sözügedən qərarı ölkənin nüfuzlu dini liderlərilə məsləhətləşərək qəbul etdiyini bildirir. Məlumatda bildirilir ki, qərara əsasən Şura Məclisində qadınlar kişilərlə birgə oturmayacaqlar. Onlar qadınlar üçün nəzərdə tutulan xüsusi qapıdan daxil olacaq və başqa bir zalda oturacaqlar.