Ramazan gəldi. Hər il olduğu kimi, bu il də Ramazanın gəlişi ilə bəzi mövzular ətrafındakı müzakirə və mübahisələr təzələndi. Mübarək ayın başlanğıcı ilə bağlı rəsədxana və QMİ arasında yaranan, ciddi gərginliyə keçmədən ikinci tərəfin qələbəsi ilə qurtaran fikir ayrılığı, bir-birindən bəzən 15-20 dəqiqə fərqlənən iftar cədvəlləri, oruc tutmayanların bəhanələri, tutanların ittihamları, həkim məsləhətləri, hətta Ramazanqabağı bazarlarda yaranan canlanma və s. və ia. Demək olar ki, hər il televiziya ekranlarından məscidlərə, internet səhifələrindən metro vaqonlarına kimi hər yerdə bu mövzular müzakirə edilir: haqlı və haqsız mövqelərdən, bilənlər və bilməyənlər tərəfindən.
Bu gün bu mövzulardan birinə toxunmaq istərdim. Məsələnin qoyuluş tərzi və baxış bucaqları nəzərindən mövzunu müxtəlif cür adlandırmaq olar: orucluq mədəniyyəti, insanlıq borcu, mərhəmət... Adını nə qoyuruqsa-qoyaq, məsələnin məğzi eynidir. Mən bu gün oruc tutmayanların oruc tutanlara qarşı münasibətindən danışmaq istəyirəm. İnsafsızlıq olmasın deyə, əvvəlcə bu münasibətin əks istiqamətinə də bir-iki kəlmə ilə toxunmağı lazım bilirəm. Oruc tutanların da oruc tutmayanlara münasibəti birmənalı deyil. Kimisi oruc tutmayanlara tam tolerant münasibət göstərməyin tərəfdarıdır. Yəni “bizim onlara irad tutmağa haqqımız yoxdur, hərə özünə görə cavab verəcək”. Kimisi təbliğat aparır: “Bunlar da bizim qardaş-bacılarımızdır, bəlkə kimi isə hidayət etmək mümkün olar”. Kimisi də qəsdən, acığından susur: “Cəhənnəmə ki, qoy oruc tutmasınlar, cəhənnəmdə yanıb külə dönsünlər”. Hərənin öz həqiqəti, öz məntiqi var. Amma düzünü desəm, birinci ya ikinci fikrin hansının daha düzgün olduğunu heç özüm də bilmirəm. Amma sözüm bunda deyil. Çünki bayaq dediyim ki, oruc tutmayanların oruc tutanlara münasibəti üzərində dayanmaq istəyirəm.
Yuxarıda tərəflərdən birinin o birinə münasibəti haqqında üçüncü, ən axırıncı variantı oxuyanların çoxusunun hiddətə gəldiyini instinktiv olaraq hiss edirəm. Necə ola bilər ki, bir müsəlman o birinə qarşı (hətta oruc tutmasa, namaz qılmasa, araq içsə, haram yesə belə) bu qədər kin-küdurət bəsləsin? Amma insafla düşünək: Ramazan ayında BƏZİ oruc tutmayanların oruc tutan din qardaçlarına qarşı hərəkət və rəftarı məgər bundan çox fərqlənirmi?
40 dərəcə istinin altında tər tökən bir oruclunun yanında buz kimi “coca-cola” butulkasının qapağını şaqqıltı ilə açıb başına çəkən cavan,
17 saat ac qalan adamın gözü qarşısında küçədə dönər aşırdan birisi,
arvadı oruclu ola-ola onu xörək bişirməyə məcbur edən, üstəlik, gözü qarşısında həmin xörəyi yeyən ər,
eyni otaqda oturduğu oruclu iş yoldaşının yanında ləzzətlə çay içən “ziyalı”...
Bunlar da bizim həmvətənlərimizdir. Amma ürəyi daşa dönmüş həmvətənlərimiz. Bu münasibəti görəndən sonra həmin zavallı oruclu bunların haqqında nə düşünməlidir?
Bəziləri deyəcək ki, “Məgər orucu bizə görə tuturlar? Özləri üçün savab qazanırlar da. Allahın qabağında borclarını yerinə yetirirlər də”. Amma bu sözü deyənlər unudurlar: bu elə borcdur ki, hamıya aiddir, canını əziyyətə salıb oruc tutmayanlara da aiddir. Amma oruc tutanlar öz borclarını anlayırlar. Başa düşürlər ki, bu qədər nemətin müqabilində Allaha bəndəlik eləmək lazımdır. Düşünürəm ki, ən azı buna görə onlara hörmət etməyə dəyər.
Doğrudur, orucu hər kəs özü üçün tutur və “hər qoyunu öz ayağından asacaqlar”. Amma bu o demək deyil ki, əgər bir şəxs özü üçün nəyi isə edirsə, ona mane olmağa, onu incitməyə, ona sayğısızlıq göstərməyə haqqımız var. Bir qoca qarı öz təqaüdünü almaq üçün evdən çıxıbsa, avtobusda, metroda ona yer verməli deyilikmi? Bir hamilə qadın növbədə özü üçün durubsa, onu növbəsiz buraxmalı deyilikmi? Bir dilənçi küçədə özü üçün pul yığırsa, ona yardım göstərməli deyilikmi? Nə olsun ki, özü üçün edir, bəs bizim insanlığımız harada qaldı?
Peyğəmbər buyurub ki, isti havada oruc tutmaq cihada bərabərdir. Cihad edən bir əsgərə göstərməli olduğumuz sayğıya bu isti yay günlərində oruc tutan hər kəsin də haqqı çatır. Bir də, “filankəs özü üçün oruc tutur, ondan mənə nə?” deyənlər unutmasınlar ki, bəlkə də elə bu oruc tutanların, namaz qılanların, halal-haram bilənlərin hörmətinə Allah yer üzünə bəla göndərmir. Və bəlkə də bu mömin, əməlisaleh bəndələrin sayəsində hələ ruzimiz kəsilməyib.