Bu günlərdə Suriyada şəhid səhabə Hücr ibn Ədiynin məzarının dağıdıldığı, mübarək cəsədin çürüməmiş halda aşkara çıxdığı və bundan sonra qəbirdən çıxarılıb naməlum yerə aparıldığı barədə məlumat yayıldı. Bu münasibətlə Hücrün kimliyi barədə oxuculara qısa məlumat verməyi lazım bildik.
Müaviyənin xilafəti zamanı qətlə yetirilmiş Əhli-beyt tərəfdarlarının sayını təyin etmək çətindir. İstər onun bilavasitə iştirakı ilə Şamda, istərsə də əlaltıları vasitəsilə sair şəhərlərdə (xüsusən, Kufədə və Bəsrədə) öldürülmüş insanlar o zamankı İslam cəmiyyətinin ən üstün təbəqəsini təşkil edirdilər. Bunların sırasında Hücr ibn Ədiyy və silahdaşları, Əmr ibn Həmiq Xüzai, Meysəmi-təmmar, Rüşeyd Həcəri, Malik ibn Əştər, Mühəmməd ibn Əbu Bəkr, Müslim ibn Zeymur, Abdullah ibn Nəca və başqalarının adı ilk yerlərdə durur.
Hücr ibn Ədiyy Kindi Həzrət Mühəmməd Peyğəmbərin (s) səhabələrindən idi, o həzrətin vəfatından sonra da İslamın təbliği yolunda fədakarlıq etmişdi. İran və Şam diyarlarının fəthində, xüsusilə də Qadisiyyə savaşında onun misilsiz şücaətlər göstərdiyini yazırlar.
Hücr Kufədə yaşayırdı. Müaviyənin təyin etdiyi Kufə valisi Müğeyrə ibn Şöbə onunla münasibətləri gərginləşdirmək istəmirdi; çünki Hücr nəinki yalnız Kufədə, hətta bütün xilafət ərazisində böyük nüfuz sahibi idi. Lakin Müğeyrədən sonra təyin olunmuş Kufə valisi Ziyad ibn Əbihi (bu, İmam Hüseynin (ə) zamanında Kufə valisi təyin edilmiş Übeydullah ibn Ziyadın atası idi) şəhərdə özbaşınalığı və zülmü ən yüksək həddə çatdırdı. Təbii ki, Hücr bu haqsızlıqla barışa bilməzdi. O, bir ovuc tərəfdarı ilə birlikdə hökumətə tabe olmadığını elan etdi. Ziyad məsələni Şama yazanda Müaviyə tələb etdi ki, Hücrü tərəfdarları ilə birlikdə tutub, onun yanına göndərsin. Ziyad onları həbs edib Şama yolladı. Lakin Müaviyə tezliklə anladı ki, Hücrü Şama gətizdirmək ona sərf etmir. Çünki bu mübariz şəxsiyyət öz atəşin çıxışları ilə şamlıları qəflət yuxusundan oyadıb ayağa qaldıra bilərdi. Ona görə də tapşırdı ki, əsirləri Şamın 4 fərsəxliyində - Mərci Əzra adlı məntəqədə saxlasınlar və onlara öz əqidələrindən dönməyi təklif etsinlər. Hücrün ətrafındakıların bir qismi Müaviyə ilə görüşmək üçün möhlət istədilər ki, bundan sonra düz ya səhv hərəkət etdiklərini aydınlaşdırıb buna uyğun hərəkət etsinlər. Amma Hücrlə 6 silahdaşı öz fıkiriərində möhkəm durdular.
Onların qəbrlərini özlərinə qazdırdılar, sonra boyunlarını vurub həmin qəbirlərdə dəfn etdilər. Bu hadisə İmam Əlinin (ə) şəhadətindən 11 il sonra - hicrətin 51-ci ilində baş verdi. İmam Əli (ə) gələcəkdə Hücrün məzlumluqla şəhadətə çatdırılacağını qabaqcadan xəbər vermişdi. Ən dəhşətlisi bu idi ki, Hücrün qətlə yetirildiyi torpaq vaxtilə onun rəşadət və igidliyi sayəsində müsəlmanlar tərəfindən fəth edilmişdi. Fateh öz fəth etdiyi torpaqda qanına qəltan edildi...
Hücrün qətli demək olar ki, hamı tərəfındən narazılıqla qarşılandı. Müsəlman cəmiyyətinin ən üst təbəqəsində duran şəxslər Hücrün qətlinə ağlayır və Müaviyəni danlayırdılar. Bunların sırasında Ümmül-möminin Aişə, Həsən Bəsri, Abdullah ibn Ömər (ikinci xəlifə Ömər ibn Xəttabın oğlu) və başqaları da var idi. Hətta Həsən Bəsri bu barədə demişdi:
“Müaviyə dörd cinayət etdi ki, bunların bircəsi onun əbədi olaraq ilahi cəzaya düçar olmasına kifayət edər:
- O, bir dəstə səfeh adamın köməyilə bu ümmətə hakim oldu və ümmətin ixtiyarını əlinə aldı. Özü də bu zaman heç kimlə məsləhət-məşvərət etmədi; bir halda ki, Peyğəmbər səhabələri və fəzilətli insanlar camaatın arasında idilər.
- O, özünün şərabxor, əyyaş, ipək libaslar geyinən və musiqiçilərlə əylənən oğlu Yezidi vəliəhd təyin etdi.
- Ziyadı öz qardaşı və Əbu Süfyanın oğlu elan etdi. Halbuki, Peyğəmbər buyurub: “Uşaq doğulduğu yatağa aiddir, zinakarı daş-qalaq etmək lazımdır”.
- Hücrü qətlə yetirdi. Vay olsun onun halına ki, Hücrlə bu cür rəftar etdi! Vay olsun onun halına ki, Hücrlə bu cür rəftar etdi!” (Təbəri. Tarixür-rüsüli vəl-müluk, V, 279; İbn əl-Əsir. Üsüdül-ğabə fı mərifətis-səhabə, I. 385-386; İbn Həcər Əsqəlani. Əl-İsabə fi təmyizis-səhabə, I, 329-330; Hafız ibn əl-Birr. Əl-İstiab fı təmyizil-əshab, II, 310-316; İbn Kəsir. Əl-Bidayətü vən-nihayə, XI, 227-243; Məsudi. Mürucüz-zəhəb, III, 3-4).