Dini təbliğ etmək, insanları maarifləndirmək gözəl işdir, həm də savabdır. Dini söhbətlərin, moizələrin faydasını inkar edən adam yəqin ki tapılmaz. Mövhumat və xurafatın aradan qaldırılması, günahların kökünün kəsilməsi üçün şifahi təbliğat bəlkə də yazılı təbliğatdan daha üstündür. Çünki adam var ki, kitab oxumağa ərinir, amma maraqlı söhbət olanda həvəslə qulaq asır. Adam var ki, internet səhifəsindəki yazıları oxumağa hövsələsi çatmır, amma youtube-dakı audio və video faylları maraqla izləyir. Özümüz nəticə çıxaraq: avtobusda, metroda kitab və qəzet oxuyan adamlara daha çox rast gəlirik, yoxsa qulaqcıqlarını taxıb, gözlərini yumub dinləyənlərə? Doğrudur, qulaqcıqlarla çoxusu musiqi dinləyir, amma onların arasında dini söhbətlərə, hədislərə, Quran tərcüməsinə qulaq asanlar da olur (xüsusilə, Ramazan ayında).
Sözümün canı budur ki, moizə, nəsihət, vəhhabilər demişkən dəvət güclü vasitədir. Bununla məşğul olan adam da Allah yanında hədsiz savab qazanır. Amma bir məsələ də var ki, sözün təsirli və kəsərli deyilməsi mühüm amildir. Dinləyiciləri, elmi dillə desək auditoriyanı mütləq nəzərə almaq lazımdır. Əgər istəyirsən ki, sənə diqqətlə qulaq assınlar, səni hörmətlə dinləsinlər, səni özlərinə doğma qəbul etsinlər, bu halda gərək camaatın doğma dilində danışasan. Xalq sənin söhbətində özünü görməli, özünü tapmalıdır. Həddən artıq elmi dillə, anlaşılmaz ibarələrlə danışanı kim anlayar ki? Öz dilinə yabançı olan, başqa dillərdən götürülən sözlər də həmçinin. Bu “dillə” danışsan, sənə yabançı, özgə kimi baxarlar, yamsıladığın millətin ab-havasını səndə hiss edərlər. Təəssüf ki, bəzi din xadimlərimiz, ruhanilərimiz danışıqda xarici kəlmələri, başqa dillərə xas olan ifadələri işlətməyi savadlılıq əlaməti hesab edirlər. Elə bilirlər ki, fars, türk, ərəb sözlərini çox işlətsən, həmin ölkələrdə oxuduğunu və həmin millətin alimləri ilə durub-oturduğunu bilib sənə daha çox hörmət edəcəklər. Bəlkə də kimlərsə savadı bununla ölçür. Amma əksəriyyətin gözündə bu adamlar özgə, yad olaraq qalır.
Əlbəttə, əcnəbi danışıq üslublarına uyan ruhanilərimizin hamısının bu yolla özünü göstərmək və gözə soxmaq istədiyini iddia etmirik (hərçənd ki belələri az deyil). Bunu qeyri-ixtiyari olaraq, bilməyərəkdən edənlər daha çoxdur. Bunların əksəriyyətini xarici ölkələrdə təhsil alanlar təşkil edir. Düzünə qalsa, onları qınamaq da olmur. Neyləsinlər? Öz ana dillərini düz-əməlli öyrənməyə macal tapmamış, yeniyetmə yaşından təhsil dalınca gediblər. Oxuduqları, eşitdikləri həmin ölkənin dili olub. Oranın yerli tələbələri ilə qaynayıb-qarışıblar. Təhsil prosesi illərlə davam etdiyi üçün, öz dilini unutma prosesi də güclü olub. Vətənə qayıdandan sonra məlum olur ki, onların nə dediyini heç “tarixi-Nadiri yarısına kimi oxuyanlar” da anlamırlar. Əllərinə qələm götürüb yazanda da azərbaycan dili qrammatikasının ən sadə qanunlarını bilmədikləri aşkara çıxır.
Söhbət açılmışkən, bir məsələni də deyim. Bizim millətin bir xasiyyəti var: xaricdən gələn türklə ya cənubi azərbaycanlı ilə mütləq onun öz dilində danışmağa çalışırıq. Xaricdən gələn adam Azərbaycanda 20 il yaşasa da, nə öz danışıq üslubunu tərgidir, nə də öz ölkəsinin maraqlarını unudur. Amma biz onunla danışanda osmanlı və ya Təbriz ləhcəsindəki sözləri gen-bol işlətməyə cəhd edirik: yeri gəldi-gəlmədi, bacardıq-bacarmadıq, dəxli yoxdur. Unuduruq ki, o, bizim ölkədədir, o, bizim dilimizi bilməlidir, dilimizə hörmət etməlidir, bununla da bizim hörmətimizi qazanmağa səy göstərməlidir. Bunun əvəzində, biz öz dilimizi onun dilinə qurban veririk.
Sonda dəyərli oxucularımıza kiçik bir lüğət təqdim etmək istərdim. Yabançı ləhcə ilə ilə danışan din xadimlərimizin məsciddə oxuduqları moizələri dinləyəndə, televiziya ekranlarından etdikləri çıxışlara baxanda aşağıdakı lüğəti nəzərdən qaçırmasınlar:
Fellərin axırındaki “lıq-lik” şəkilçisini nəzərə almayın. Məsələn, “gəlməklik” deyiləndə, bunu “gəlmək” kimi qəbul edin.
“Eləyə bilər” ifadəsini sadəcə olaraq “bilər, bacarar” kimi qəbul edin. (Hətta bəziləri özlərini təbrizli kimi göstərib, “bilər” yerinə “bülər” desə belə).
“Mövzunu ələ almaq” ifadəsini “mövzuya toxunmaq, problemə nəzər salmaq” kimi qəbul edin.
“Xidmətinizə ərz edim” bizim dilimizdə “diqqətinizə çatdırım, sizə bildirim” deməkdir.
“Mövzuya deyinmək”, yəni “mövzuya toxunmaq”.
“Titiz davranmaq” yəni “vasvasılıq etmək, həddən artıq diqqət yetirmək”.
Aşura günü oxunan rövzələrdə “baba” – “ata” deməkdir, “nənə” – “ana”, “əmmə” – “bibi”.
“Şeytanın fısıltıları” ifadəsi “şeytanın vəsvəsəsləri, pıçıltıları” kimi anlaşılmalıdır.
“Aşırı” – “ifrat”, “ələ gətirmək” – “əldə etmək, qazanmaq”, “sual eləmək” – “soruşmaq, sual vermək”, “tərif etmək” – “tanıtdırmaq”, “əsər qoymaq” – “təsir buraxmaq”, “şirkət etmət”- “iştirak etmək”, “nisbət vermək” – “aid etmək” və s...
P.S. Hörmətli oxuculardan, məqaləyə şərh olaraq bu lüğəti zənginləşdirməyi xahiş edirik.