Mübarək Ramazan ayı ekvator xəttinə yetişdi. Bu günlər ərzində hər kəs bacardığı kimi, imkanları dairəsində fürsətdən istifadə etməyə, mümkün qədər çox savab qazanmağa can atır. İlahiyyatçılarımız da digər aylardan fərqli olaraq daha intensiv fəaliyyət göstərir, daha tez-tez dini cameyə üz tutub ilahi kəlamları bizə çatdırırlar. Bu çatdırılma prosesində də hər kəsin öz üslubu, öz yanaşma prinsipi var. Sözümüz də elə bu yanaşmalar haqqındadır. Xüsusən də nəzərə alsaq ki, yaxşılığa dəvət və pislikdən çəkindirmə hər bir müsəlmana vacibdir və hər bir müsəlman da bu dəvət və çəkindirmə zamanı düzgün davranmalı, səhvə yol verməməli, necə deyərlər, qaş düzəltdiyi yerdə göz çıxarmamalıdır…