Mayın 1-i dünyanın bir çox ölkələrində zəhmətkeşlərin Beynəlxalq həmrəylik günü kimi qeyd olunacaq. Özü də dövlət səviyyəsində. Amma Avstriya, Albaniya, Ermənistan, Braziliya, Polşa, Portuqaliya, Türkiyə, hətta əksəriyyətimizin ümumiyyətlə hansı qitədə yerləşdiyini dəqiq bilmədiyimiz Arubadan fərqli olaraq, Azərbaycanda bu gün sıradan biridir. Hərçənd bir zamanlar körpə uşaqlar belə papalarının əlindən tutaraq "1 May paradına" gedərdilər.
Zaman dəyişdi. İndi artıq SSRİ-nin tərkibində deyilik. Bayramlarımız da dəyişib. Amma zatən yuxarıda sadaladığım dövlətlər heç zaman Sovetlər Birliyinə daxil olmayıblar. Bu isə onlara mayın 1-ni bayram etməyə problem yaratmır. Keçmişin tör-töküntüsündən qurtulmaq yaxşı şeydir. Tərəqqi, gələcəyə inamla irəliləmək də bəyənilən əməllərdəndir. Amma bəzən köhnədən qurtulma prosesi zamanı yaxşı ənənələrə də arxa çeviririk.
Azərbaycanda zəhmətkeşlərin beynəlxalq həmrəylik günü niyə qeyd edilmir? Ola bilsin ki, məmləkətimizdə artıq zəhmətkeş qalmayıb? Belə şey ola bilər? Söz yox, SSRİ dönəmi ilə müqayisədə respublika əhalisinin tərkibi xeyli dəyişib. İndi pullarını balta ilə kəsmək mümkün olmayan soydaşlarımız var ki, cəmi 25-30 il bundan əvvəl ən yaxşı halda Sibirdə meşə qırmağa məhkum olardılar. Eyni zamanda, evsiz-eşiksiz, hər şeydən məhrum olanların da sıraları mükəmməl surətdə genişlənib. Burda da Qarabağ yarasının fəsadları aşkar sezilir. Bir də ki, əgər bir zamanlar halal zəhmətlə ruzi qazananlar hörmətlə yad edilirdisə, indi tam fərqli olaraq min bir fırıldaqla bank hesablarını şişirdənlər yuxarı başa çəkilir. Bunu inkar etməyək. Amma yenə də inanmaq olmur ki, bu boyda, rəsmən 9 milyon əhalisi olan ölkədə zəhmətkeş qalmayıb. Ola bilməz belə şey, mümkünsüzdür!
Ən azından hər səhər, hər axşam bizləri mənzil başına çatdıran ictimai nəqliyyatın sürücüləri var. Nə olsun ki, bizlərdən olmazın sözünü eşidirlər? Nə olsun ki, saatlarla "tıxaclarda" gözləməkdən əksəriyyətinin əsəb dispanserlərində əməlli-başlı müalicəyə ehtiyacları var? Nə olsun? Ən azından simalarını gizlədərək paytaxtın küçələrini zir-zibildən təmizləyən xadimə xanımlar var. Nə olsun ki, əməklərinə qiymət vermirik? Nə olsun ki, əlimizə nə keçdi küçələrimizə atırıq? Nə olsun? Ən azından səhər tezdən tarlalara çıxanlar var, məhsul toplayanlar var. Nə olsun ki, bu məhsulu bazarlara çatdırana qədər olmazın əziyyətini çəkir, neçə yerdə rüşvət verməli olurlar? Nə olsun ki, bazara çatanda da başlarının üstünü müəyyən işbazlar alır? Nə olsun? Zəhmətkeşlərimiz var. Amma ildə bir dəfə dünyanın müxtəlif guşələrində hamı bayram edəndə, Azərbaycan zəhmətkeşi elə zəhmətini çəkməkdədir. Bəlkə onlara da bir gün ayıraq? Zəhmət çəkdiklərinə xatir. Şərait yaradaq ki, ildə bir dəfə Braziliya, Myanma, Banqladeş, Argentina və sair ölkələrdə yaşayan zəhmətkeşlərlə bayram etsinlər! Nə olar, dünya dağılmaz ki! Yoxsa dağılar?
Salam aleykum.Daqilmaz belkede qurular,o qeder geydirme bayramlar cixardiblar ki indi men ne bilim badimcan bayrami,xiyar bayrami ,pamidor bayrami ve saire bunlari leqv etmek lazimdir zehmeti ise Allah ozude Quranda cox sayda vurqulayib,halalliq zehmetsiz mumkun deyil hetda arilari,qarishqalari bele numune qetirib insanlara.Vusal qardash amma rushvet ve ishbaz sohbetin yerinde yazmisan.Teshekkur.