... və ya Kaş ki siz İslamdan danışmayaydınız!
Şəxsiyyətinə böyük hörmət bəslədiyim yaxın dostumla heç gözləmədiyim mövzuda fikir ayrılığı yarandı. Özünü İslamın dərin bilicisi kimi ona təqdim edən kəsin sözlərini təkrar-təkrar dilə gətirir, inadından əl çəkmirdi ki, çəkmirdi. Sözünün məğzi də bu idi ki, bəndə Allaha birbaşa əl açıb dua etməməlidir. Bunu ona “ustadı” təlqin etmişdi. “Gözəl” də əsaslandırması var idi: “Müqəddəs şəxslər yarımstansiya kimidirlər. Necə ki, məsələn, Mingəçevirdən elektrik enerjisini birbaşa evimizə versələr evimiz partlayar, mütləq ötürücü yarımstansiya olmalıdır, biz də Allahla birbaşa rabitə qursaq “yanarıq”, bizə də mütləq vasitəçi lazımdır”. Qurandan misal göstərilən ayələr də - “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!” (Ğafir, 60), “Biz Ona şah damarından da yaxınıq” (Qaf, 16) - işə yaramadı. “Ustadın” dedikləri beynində elə yer etmişdi ki, artıq ayələr də özünəməxsus tərzdə “təfsir” edilməyə başladı. Etiraf edim ki, yaxından tanımadığım biri olsaydı bu qədər dərinə getməzdim. Ən azından mən vəzifəmi yerinə yetirmişdim, hər inadkar isə öz inadına görə özü cavab verəcək. Ancaq neçə illik dostluq bağları, kəsilən duz-çörək üz çevirib getməyə imkan vermədi. Nəhayət təqlid etdiyi ayətullah Sistaninin istiftaatından müvafiq sualı və verilən cavabı dostuma göndərdim:
“Suаl: Möminin hеç bir vаsitə sеçmədən (təvəssül еtmədən) Аllаh-təаlаyа duа еtməsi icazəlidirmi?
Cаvаb: Bu, icazəlidir. Lаkin Pеyğəmbər (s) və Əhli-bеyti (ə) vаsitə sеçərək duа еtmək duаnın qəbul оlunmаsını tеzləşdirir.”
Məsələ dərhal həllini tapdı. Dostum səhvini etiraf etdi.
Düşünmək olardı ki, nə gözəl, insan haqqa qayıtdı. Amma bu hadisə ilə çox ciddi problem bir daha əyani şəkildə təzahür etdi. Təəssüflər olsun ki, bu gün ətrafına 5-10 nəfər toplayıb və ya sosial şəbəkədə hər hansı dini motivli səhifə açaraq öz aləmində İslamı təbliğ edən, Allah qatında savab qazanan, əslində isə İslama bayağı söhbətləri, gülməli “hədislərlə” zərbə vuran kifayət qədər insan var. Özlərinin azğınlıqda olmaları bir yana, hələ insanları da uğurla azdırırlar. Qəribədir ki, insanlar da məmnuniyyətlə onların ardınca gedir. Səbəbi? Zənnimizcə əsas səbəb insanların düşünməməsində, hər eşitdiklərini ağıl süzgəcindən keçirmədən qəbul etmələrindədir. Nəticədə də yuxarıda qeyd etdiyimiz acınacaqlı mənzərə yaranır. İslam haqqında yanlış məlumatlar yayanlara isə bir məsləhətimiz var. Sizin İslama ən gözəl, ən üstün xidmətiniz İslamdan danışmamağınız olar. İnşallah Rəbbimiz sizin bu susmağınızı elə İslama göstərdiyiniz xidmət kimi dəyərləndirər.
P.S. Bir məsələni də qeyd edək. Müctəhidə təqlid lazımdır, onun fətvalarına əməl etmək də labüddür. Ancaq hər şeyi alimin ixtiyarına buraxmaq, öz ağlını isə soyuducuda saxlamaq da olmaz. Allah Quranda insana düşünmək əmrini verirsə, ona bu qabiliyyəti veribsə, bu nemətini şükürünü etməliyik. Düşünmək istedadının şükürü isə elə düşünməkdir. Düşünməkdən vaz keçən insan Allahın bu nemətinə naşükürlük edir.