Belə bir mənzərəni təsəvvür edək. Nəqliyyat naziri Bakıda sərnişindaşıma ilə məşğul olan avtobus sürücülərini böyük zala toplayaraq soruşur: “Kimin sürücülük vəsiqəsi yoxdur? Tez boynunuza alın!”. Deyəcəksiniz mümkünsüzdür? Tələsməyin. Azərbaycan möcüzələr ölkəsidir, burda hətta nağıl da həqiqətə dönür. İnanmırsınız?
Bu günlərdə QMİ-də keçirilən imam və axundlar üçün nəzərdə tutulan vahid xütbələr vəsaitinin təqdimatı zamanı qurumun rəhbəri həmən bu axund və imamlara üzünü tutaraq soruşdu: “Latın əlifbasını hamınız bilirsiniz? Düzünü deyin!”. Hə, necə sualdır? Düzünü desəm, heç özüm də bilmirəm cəmiyyətimiz üçün hansı daha təhlükəlidir: sürücülük vəsiqəsi olmayaraq avtobusları idarə edənlər, yoxsa doğma dilində hətta reklam lövhələrini oxuya bilməyən mollalar.
Sözügedən təqdimat mərasimində hörmətli şeyx daha bir məsləyə toxundu. Hacı Allahşükür Paşazadə bu gün əksər məscidlərin boş olmasında axund və imamları ittiham etdi. Şeyxlə razılaşmamaq olmur. Xütbə müasir kino, milyonlarla dollar xərclənərək lentə alınan film deyil. Hollivudda hansısa uğursuzluqdan sonra yüzlərlə bəhanə gətirmək olar: ssenari zəif idi, rejissorun işi alınmadı, baş rolun ifaçısı vicdansızlıq etdi və s. Amma xütbə tam fərqli bir şeydir. Burda minbər, bu minbərə özünü layiq bilən konkret şəxs və tamaşaçılar, yəni düşünən dinləyicilər var. Zənnimcə, yuxarıda şeyxlə əlaqədar nəzər saldığımız iki epizod bir-biri ilə sıx bağlıdır və qarşılıqlı olaraq bir-birini tamamlayır. Necə?
Azərbaycanın dini cameəsinin “qaymaqlarına” (hər halda onların tutduqları vəzifə belə düşünməyə vadar edir) latın əlifbası ilə əlaqədar sual verən QMİ sədri, uzun müddət ətrafında müzakirələr aparılan problemin altından faktiki olaraq yağlı qırmızı xətt çəkdi və nöqtəsini qoydu. Bəli, nə qədər təəssüf doğursa da, faktdır: bu gün cəmiyyətimizin din sahəsində aparıcı rol oynamaqla vəzifələndirilən şəxslərin böyük əksəriyyəti bu yükü daşımaq iqtidarında deyillər. Boş qalan məscidlərin səbəbini də elə bu kontekstdə aramaq lazımdır. Bu gün reallıq belədir: axund və imamların çoxu məscid əhlinə yeni heç nə deyə bilmir. Onlar ötən əsrin 60-70-ci illərində, bəlkə hətta 20-ci yüzilliyin əvvəlində ilişib qalıblar. Həyat isə sürətlə irəli qaçır: “feysbuk”, “odnoklassniki”, “vkontakte”, “tvitter”... Əminəm: təqdimat mərasimində şeyxin xitab etdiyi insanlar arasında bu sadalananlardan tam bixəbər olanları da az deyil. Təəccüb doğuran məqam isə, onların vəziyyəti düzəltməyə hətta cəhd etməməsi, bu durumla barışmasıdır. Minbərə çıxırlar, 10-15 mürgü vuran müsəlmana memuarlar söyləyirlər, 1-2 dua, amin... Vəssalam! Dağılışaq ki, sabah yenidən yığılaq. Nədənsə bunlar özlərinə sual vermirlər: axı niyə belə olmalıdır? Axı nə üçün müsəlmanlar məscidlərdən yan keçməlidirlər, bizim xütbələrə ağız büzməlidirlər? Nə üçün Məşədi Dadaş məscidində, İran Mədəniyyət Mərkəzinin hüseyniyyəsində, Bakıdakı “türk məscidlərində” izdiham yaşanmalıdır, bu ibadət ocaqlarının imamlarının xütbələri milyonlarla disklərə yazılıb bütün Azərbaycana yayılmalıdır, biz isə...? Yəni Quranda “yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın” göstərişinə də rast gəlməyiblər bunlar? (Hm... Bəlkə ərəb əlifbasını da... Yox əşi, ola bilməz!.. Lənət şeytana!). Bəs nə etməliyik onda?
Təbii ki, bir anın içində imam və axundları müasirləşdirmək mümkünsüzdür. Bir dəfə artıq bu məsələyə toxunmuşdum. Yenə də təkrar edirəm: bəzilərini (bəlkə də, əksəriyyətini) sadəcə olaraq yola salmaq lazımdır. Namizədlərin mənəvi xüsusiyyətlərinə əsas diqqəti yönəldərək, yeni kadrlar önə çəkilməlidir. İnsanlarımız saf din xadimini buqələmundan fərqləndirməyi bacarırlar. Kimsə yenə kadr qıtlığından şikayətlənəcək. Amma sadəcə olaraq diqqətlə aramaq, axtarmaq lazımdır. Saf din adamları kifayət qədərdir. Bu gün qətiyyətli addımlar atılmasa, sabah artıq gec ola bilər. Gənclər mənəviyyat, Allah, yüksək və əbədi dəyərlər axtarışındadır. Onlar asanlıqla “qara qüvvələrin”, radikal təxəyyülə malik liderlərin şikarına çevrilə bilərlər. Günümüzdə əsasən gənclərə yönələn belə bir təbliğat maşınının işə düşdüyü aşkar sezilir. 21-ci əsrin müsəlmanı ilə müasir dildə ünsiyyət qurulmalıdır. Aydındır ki, nağıllar, darıxdırıcı təmsillər, ürəksıxıcı mühazirələr dövrü çoxdan geridə qalıb. Yeni ideyalar, qətiyyətli addımlar, müasir düşüncə tərzi lazımdır. Bu yalnız inanclılara deyil, bütün xalqa, dövlətimizə gərəkdir.
(Hm... Bəlkə ərəb əlifbasını da... Yox əşi, ola bilməz!.. Lənət şeytana!)
Her sey ola biler.
Meqalelerde qiymetlendirme cedveli qoysaydiniz cox yaxsi olardi, nece ki "Kitabxana" bolmesinde qoyulub.
Salam aleykum.Vusal qardash meqaleni sonuncu cumlenle noqtelemeseydin yazin yarimciq olacaq idi,beli bunu tek mescidlere,axundlara,inanclilara aid etmek doqru olmazdi,islam besheriyet ucun qurtulush yoludur ferq etmez shahsan yoxsa noker,muminsen yoxsa siravi muselman.Allaha gizlinde iman getirib ve tevazokarcasina buyurduqlarina emel eden kesler sonda nicat tapacaqlar.Teshekkur.