...Camaat 10 dəqiqəlik fasilədən sonra metronun “Nizami” stansiyasının perronuna yaxınlaşaraq qapılarını açan qatarın vaqonlarına Tağı Əhmədovun fövqəlbəşər “Ə, bir-bir!” tövsiyəsini unudaraq pərakəndə şəkildə həmlə edərkən, saytımızın “Sual-cavab” bölməsinə “Naməhrəm oğlanla ailə qurmaq məqsədi ilə təklikdə görüşmək caizdirmi?”, “Nahar fasiləsi zamanı yeməkxanada yer olmadıqda naməhrəmlə eyni masa arxasında əyləşmək olarmı?” və sair bu tipli sualları verən xanımları xatırladım. Kaş bu vaqonda olmayaydılar! Onların yeri deyil bura, vallah. Günü-gündən biri-birimizə məhrəmləşən xalqıq...
Növbəti stansiyada qapılar açılanda qatara susayan sərnişinlərin yeni dalğası hücuma keçdi. Hardansa qadın səsi gəlirdi: “Buraxın, imkan verin, mən düşürəm!”. Qapı ilə perron arasında qalan, var gücü ilə təzyiq göstərərək yola düşəcək xoşbəxtlər sırasında olmağa səy edən bir yaşlı kişi dodaqaltı mızıldandı: “Hara düşürsən e?! Get, o tərəfdən qayıdarsan da!”. Son dərəcə qayğıkeş xalqıq...
Hətta qatarın taqqıltısı lazım olan stansiyada bu cansıxıcı qutudan qurtula bilməyən qadının qışqırtısını boğa bilmirdi: “Allah hamınızı qırsın! Allah bu milləti yox eləsin!...”. Dar məqamda Allaha sığınmağa vərdiş etmiş xalqıq...
Yenə qapılar bağlanmadı. Təngə gələn maşinistin qeyri-adi fəryadı eşidildi: “Ay millət! Arxadan qatar gəlir, vallah! Qurban sizə, bir kömək edin qapılar bağlansın, çıxaq gedək!”. Qəhqəhə səsi ətrafı bürüdü. Xəmiri yumorla yoğurulmuş xalqıq...
Nəhayət mənzil başına çatdım. Səhərdən ağır çəkili evdar qadının əlində əzişdirdiyi kündə kimi sifəti pəncərəyə möhürlənmiş gənc, təzyiq altında olan tıxacı xatırladaraq bayıra sıçradı. Gözləri ilə kimisə aradı. Nəhayət, bayaqdan ondan ayrı düşən və vaqonun dərinliklərində naməhrəmlərin əhatəsində qalan gənc sevgilisini gördü, siması sevinclə doldu. Dərhal onun qoluna girərək Allah bilsin hansı stansiyada yarımçıq qalmış monoloqunu proloqsuz-filansız davam etdirdi: “Hə, bayaq onu deyirdim e, əmim zəng eləmişdi Urusiyətdən...”. Yaman unutqan xalqıq...
Qısa zaman kəsiyində biri-birinə son dərəcə məhrəmləşən camaat dağıldı. Hərə bir tərəfə. Hamı öz həqiqi məhrəmlərinin yanına üz tutdu. Sabah yenidən qeyri-ixtiyarı məhrəmləşdirilmək üçün. Axı biz ümumməhrəm xalqıq. Yoxsa...?