Kimi müsəlman hesab etmək olar? Təbii ki, çoxları bu sualı ritorik adlandıracaq. Amma bu sual təsadüfən verilməyib. Səbəbi haqqında bir qədər sonra.
Bu günlərdə bir irlandiyalı haqqında kiçik məqalə oxudum. “Duty Free” şirkətinin 81 yaşlı sahibi, 7,5 milyard dollar qazanan şəxs – Çak Fini. Buna rəğmən, şəxsi avtomobili yoxdur, evi isə kirayələyir. Restoranlara getmir, qəlyanaltılara üstünlük verir, metrodan istifadə edir.
Deyəcəksiniz ki, simicdir? Amma son 30 il ərzində xeyriyyə məqsədləri üçün 6 milyard dollardan çox pul xərcləyib. Lakin məni, cəmiyyətimizin reallıqlarını görən sıravi azərbaycanlını, təəccübləndirən bunlar deyil. Təəccüblü budur ki, bu, milyardlara sahib irlandı nəinki pul, şöhrət də maraqlandırmır. Milyardlarla vəsait xərcləməsinə baxmayaraq, ilk 15 il ərzində onu heç kim tanımayıb. Hətta “ifşa” baş tutduqdan sonra belə, Fini adətlərini dəyişməyib: 2012-ci ilıə qədər o, cəmi 5 müsahibə verib. Təsəvvür edirsiniz?
Belə. Çak Fini müsəlman deyil. Amma hərəkətləri, davranışı İslamın ardıcıllarından tələb olunan hərəkət və davranışlardır. Bir gün eşidirik ki, Dubayda hansısa şahzadə avtomobilinin dəbdəbəli nömrəsinə milyonlar xərclədi, bir gün xəbər gəlir ki, hansısa müsəlman okeanın o tayından şəxsən onun üçün bir neçə mahnı ifa etməyə təşrif buyuran “ulduza” 100 milyon bəxşiş etdi... Məgər nümunələr azdır? Heç uzağa da getmək lazım deyil. Müxtəlif telekanallarda hansısa iş adamının, deputatın və s. xeyriyyəçiliyindən bəhs edən süjetləri izləməkdən bezməyən qalıb görəsən? Hamı ekranda görünməyə cəhd edir, əsl yarış gedir! Bəs necə? Görün e, qocalar evinə, yetimxanalara bir neçə quruş (əksər hallarda da haram yolla qazanılmış) ərməğan ediblər! Tez, toplaşın, ay telekanallar! Çəkin onları! Bir də, yenə də, təkrarən çəkin! Hara belə? Yoooox, belə tez getmək olmaz! Çəkin! Hər pozada, hər görkəmdə! Dayanın, bəlkə hələ gözümüzdən yaş da sıxa bildik...
Cənablar, kimi aldadırsınız? Bu teatr kimə lazımdı? Bizə? Bəsdir! Vallah, hamı sizi də çox gözəl tanıyır, məramınızı da çox gözəl bilir. Hə, Allaha xatir edirsiniz? Bəsdir! Niyə düşünmürsünüz? Əgər sizin iç üzünüzü biz görürürksə, bizi, sizi yaradan Allah nə yuvanın quşu olduğunuzu bilmir? Gülək? Ağlayaq? Amma gülsək də gözümüz nəmlənəcək. Çünki acınacaqlı mənzərə hələ daşlaşmayan qəlbləri yandırır, yaxır...
İstər-istəməz tez-tez verilən sualı xatırlayıram: nə üçün bir neçə əsr əvvəl elmdə, mədəniyyətdə, həyatın digər sahələrində bəşəriyyətin öncülü olan müsəlmanlar bu gün belə bir acınacaqlı durumdadırlar? Cavabı da belə alınır: çünki bu gün İslamın tələblərinə qərblilər müsəlmanlardan daha dəqiq əməl edirlər, sanki onlar İslamı namaz qılanlardan, az qala hər il Həccə gedənlərdən, hicab bağlayanlardan daha gözəl mənimsəyiblər. Çünki biz – Allahın son Rəsuluna iman gətirən nəzəri müsəlmanlarıq, onlar isə, İslamın ruhunu özlərinə hopduran, Həzrət Məhəmmədə (s) iman gətirməsələr belə, praktiki müsəlmanlardır. Bilmirəm, ola bilsin yanılıram, ola bilsin məsələyə səthi yanaşıram. Hər şey ola bilər. Mən ki alim deyiləm. Amma bəlkə də həqiqət elə də dərində gizlənməyib...
P.S. Düşünməyin ki, müəllif yazının əvvəlində verilən sualı unutdu. Kimi müsəlman hesab etmək olar? Bu sual ritorikdir, ya yox? Qınamayan, düzü bilmirəm...