Bir zamanlar yazılaramın kiminsə bəyənməməsinə görə çox narahat olurdum. Mənfi fikir sahibləri ilə polemikaya girərək, mövqeyimi izah etməyə çalışırdım. Amma zaman ötdükcə, anladım: insanların hamısını razı salmaq mümkünsüzdür. Bu məsələdə yeganə göstərici Allahın razılığıdır. Qalanı ilə işimiz yox, bunlar o qədər də əhəmiyyətli deyil. İndi isə keçək əsas məsələyə...
Pifaqor, Pyolemey, Eratosfen, Hippokrat, Frensis Bekon, Rene Dekart, İsaak Nyuton, Albert Eynşteyn, Kuleyni, Əbu Cəfər Tusi, Şeyx Müfid, Nizami, Əllamə Məclisi, Şeyx Fizuli, Molla Sədra, Şeyx Abbas Qumi, Əllamə Təbatəbai, Şeyx Məhəmməd Kərim Bakuvi... Müxtəlif dövrlərdə yaşamış bu insanları birləşdirən nədir? Bütün bu insanlar alim olublar. Fəaliyyət sahələri fərqli olsa da, tarixin yaddaşında məhz alim kimi iz buraxıblar, tarix onları alim kimi tanıyıb. Bəs alim olmaq nə deməkdir? Nə etmək lazımdır ki, bu ada layiq görüləsən? Alim - ərəb dilindən tərcümədə elmlə məşğul olan, elm sahibi deməkdir. Alim müəyyən tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışır, elmə REAL töhfə verir. Adətən alimlər elmi üsullardan istifadə edirlər. Məncə, bu, kifayət qədər aydın mətləblərə etiraz edən olmaz. İndi isə Azərbaycan reallığına keçid alaq, daha doğrusu Azərbaycan cəmiyyətində meydana gələn bir tendensiyaya nəzər salaq.
Son illər məmləkətimizin elə bir guşəsi yoxdur ki, orda hansısa dini mərasim alim kimi təqdim edilən şəxsin iştirakı olmadan təşəkkül tapsın. İlahiyyatçı-alim, filosof-alim, höccətülislam-alim, Quran hafizi-alim və s. və s. İlk baxışdan alimlərin çoxluğu sevindirici haldır. Axı sirr deyil ki, istər İslamın, istərsə də dövlətin düşmənləri adətən bu sahədə mövcud problemləri və boşluqları istifadə edərək dinə və dövlətçiliyə zərbə vurmağa çalışırlar. Bu proseslərlə mübarizədə də alimlərin rolu danılmazdır. Amma... Gəlin məsələyə real yanaşaq. Bu alim qismində təqdim olunan, tanıdılan şəxslər elm aləminə, elmə nə kimi töhfələr veriblər, İslamın indiyə kimi qaranlıq qalan hansı məqamlarına çıraq tutublar? İstər filosof olsun, istər höccətülislam olsun, istərsə də ilahiyyatçı? Söhbət REAL töhfədən gedir. Quranı, 100, 200 hədisi əzbər bilənə alim deyilməz. Əgər məsələyə belə yanaşsaq, o zaman elə mənim kompüterim ən böyük alimdir: yaddaşına bir neçə dildə bütün Quran ayələri həkk edilib, neçə-neçə hədis kitabları var, “Nəhcül-Bəlağə” var. Mən hələ İnterneti demirəm! Onu ümumiyyətlə abid adlandırmalıyıq o zaman!
Dostlar, qardaşlar, müsəlmanlar, məni düzgün başa düşün. Əgər Əli farsca danışırsa, Vəli isə fars dilini bilmirsə, bu heç də Əlinin alim olması anlamına gəlmir. Elə həmin Vəli Əliyə alim kimi münasibət bəsləyə bilər, onu öz mənəvi ustadı seçə bilər, hətta onu görəndə qarşısına qaçıb əlindən öpməyə cəhd də göstərə bilər. Bu, Vəlinin öz şəxsi işidir, onun öz seçimidir. Ona irad tutmamalıyıq. Ola bilər ki, savadsızdır, ola bilər ki, dünyagörüşü, bir az yumşaq desək, lazımi səviyyədə deyil. Hər şey ola bilər. Bütün bu davranışları ona bağışlamaq olar. Amma, bəs sən, Əli? Sən axı bilirsən ki, alim deyilsən! Nə üçün özünə və ona həqiqəti etiraf etmirsən? Nə üçün mərd-mərdanə söyləmirsən ki, yuxarıda adları sadalananlar hara, mən hara? Nə üçün demirsən: “Bəli, müəyyən sahədə mənim biliklərim sizinkindən daha üstündür, mən filan yerdə bir müddət təhsil almışam, fars dilində danışıram, ərəbi anlayıram, onlarla hədisi sinədəftər, raviləri ilə sizə çatdıra bilərəm. Amma... MƏN ALİM DEYİLƏM! Mən Şeyx Müfid, Təbatəbai, Qumi, hətta Aristotel də deyiləm! Mən şəriətə dair suallara cavab vermək iqtidarındayam. Amma siyasi, sosial, iqtisadi, ictimai və digər sahələrdə mənə bel bağlamayın, camaat! Məni bu qədər ilahiləşdirmək lazım deyil. Mən, sadəcə, səhv edə bilərəm. Siz məni təqib edərək ardımca gəlsəniz... Bəli, aqibətimiz acınacaqlı olacaq, ay camaat!”.
Nə yazdığımı anlayıram, hansı mövzuya toxunduğumu da gözəl başa düşürəm. Bilirəm ki, yenə iradlarla üzləşəcəm: aləm dağılır, bu qədər problemlər var, sən isə... Amma yanıldığımı düşünmürəm. Çoxdandır əmin olduğum bir məsələyə toxundum. Bu yalnız dini deyil, artıq ictimailəşmiş bir problemdir. Məsələn, bazarın direktoruna, dəbdəbəli paltar dükanının müdirinə, trikotaj fabrikinin rəhbərinə “müəllim” deyərək müraciət edilməsi artıq heç kimdə narahatçılıq doğurmur, hamı adət edib. Elə “müəllimlər” də razıdırlar. Necə deyərlər, “Əlinin papağı yenə Vəlinin başındadır”.
Vəssalam. Yazının əvvəlində qeyd etdim ki, insanların hamısını razı salmaq mümkünsüzdür. Bu məsələdə ən əsası Allahın razılığıdır. Bu sətirlərin müəllifi üçün də, “alimlər” üçün də, hər bir bəşər üçün də...
P.S. Bəzi öyüd verənlərin nəsihətlərini qabaqlayaraq qeyd edim ki, mən qətiyyən alim adına iddialı deyiləm.