Bu günlərdə qonşu Sənəm nənədən hal-əhval tutmaqa getmişdim. Söhbətin şirin yerində 3-4 yaşlı qız nəvəsi eyvanda mürgüləyən pişiyə nəzər salıb, soruşdu: ”Nənə, bunu böyüyəndən sonra kəsib yeyəcəyik? ”...
Bir xeyli güldük. Birdən Sənəm nənənin qəfil susaraq fikrə getdiyini gördüm.
Bir qədər beləcə süküt icində oturduq. Susduğu kimi, qəfildən də danışmağa başladı: “Körpə qınamalı deyil. Deyərlər “aşıq gördüyün çağırar”. Uşaq da gözünü acıb, dünyanı belə görüb. Hamı xeyrini güdür, mənfəət arayır, rüşvətsiz bir işimiz kecmir. Hə, deyirəm axı, söhbəti hara gətirirdim. Qoçalığa nə deyim! Rüşvət, bala, rüşvət. Hara baxırsan, bu bəlaya rast gəlirsən. Dünyaya gəlmək ücün “görməlisən”. Dünyadan köçəndə də son dəfə bu murdarlıqla üzləşməkdən qurtulmaq olmur. Bağcada rüşvət, məktəbdə rüşvət, universitetdə rüşvət, yolda rüşvət. İndi bir nəsil yetişib ki, artıq rüşvətə cinayət kimi yanaşmır. O günü iki tələbənin söhbətini eşitdim. Elə bilmə ki, qocalan vaxtı kimisə pusmağa başlamışam. Yox . Qızım gilə gedirdim. Metroya minməli oldum. Orda da, özünüz bilirsiniz də vəziyyəti. Nəinki kiminsə söhbətini, hətta aldığı nəfəsi də duymağa məcbursan. Axı hamı mənzil başına çatmaq istəyir, insanları nə qınayım? Hə, onu deyirdim axı, bir tələbə o birinə deyirdi ki, “imtahana 150 manatdan yığdıq”.
Düşündüm, yəqin indi dostunun belə deməsinə o biri ona öyüd verər ki, bəs belə etmək olmaz. Axı savadı pulla almırlar. Ancaq yox. O biri cavan dedi ki, “yaxşıdır! Bizdə 200 manatdan aşağı düşmürlər”. Söhbət uzun çəkdi. Hələ daha bir neçə imtahanların da qiymətləri ilə naəlac tanış oldum. Bu sohbətə qulaq asmaq istəmirdim. Neynim, addım atmağa yer yox idi. Elə beləcə bu gənclərimizin dərdləşməsinə qulaq yoldaşı oldum. Deyirlər gənclər bizim gələcəyimizdi. Gələcəyimiz pulla həkim, mühəndis, müəllim olursa... Düzü, bu gələcəyimizin qiyafəsini heç cür təsəvvur edə bilmirəm... Artıq bu murdarlığın adınıda “mədəniləşdiriblər” – “hörmət”. Zəmanəyə nə deyim? Əvvəllər böyüyə hörmət, kiçiyə hörmət, müəllimə hörmət, ata-anaya hörmət var idi. Ancaq indi mənə elə gəlir ki, bütün bu hörmətləri bir yerə yığıb ezam ediblər gedər-gəlməzə. Sonra da baxıblar ki, “yox, belə olmaz. Hörmət adına bir şey olmalıdır”. Bu boyda məmləkətdə ən hörmətə layiq olan da rüşvəti görüblər.
Əcdadlrımız deyiiblər ki, “haram olan yerdə xeyir-bərəkət olmaz”. Daha hansı xeyir-bərəkəti axtarıriq? Niyə şikayətlənirik? Bir də görürsən, oğullarım, kürəkənlərim, boyük nəvələrim bir yerə yığışıb, başlayırlar dərdləşməyə: ”Gecəni gündüzə qatıb işləyirik, amma...”. Ürəyim yanır,ərşə dirənəcək fəryadımı içimdə böğuram belədə. Axı neçə dəfə demişəm onlara ki, ruzini insana Allah yetirir, bu ruziyə haram qatmayın. Məgər dinləyən var? Elə “baş üstə”, “göz üstə” deyib məni sakitləşdirirlər. Elə bilirlər heç nəyi görmürəm. Rüşvət icad edən, evin yıxılaydı o dəm! Gör bir insanlar nə günə qalıblar? Haram yeyirlər, hec gözlərini də qırpmirlar. Əksinə, sevinirlər...Eh, nə isə...”
Sənəm nənənin sinəsi dolu imiş. Onun bu monoloqu mənim ücün gözlənilməz olduğundan nə deyəcəyimə çaşıb qaldım. Nə lehinə, nə də əleyhinə bir söz deyə bildim , hec onun buna ehtiyacıda yox idi. Ən məzəlisi isə onunla vidalşanda dediyi sözlər oldu: ”...Gedim pişiyə bir az süd verim. Son vaxtlar o da ağ eləyib. “Hörmət” etməsən , damdakı siçanlara heç məhəl qoymur. Rüşvət icad edən... Sənə nə deyim!”.