Son bir neçə ay ərzində Suriyada yüzdən artıq azərbaycanlı gənc həyata vida dedi. Bu, təqribi hesablanan və rəsmi açıqlanan rəqəmdir, yəni bu qədərinin öldürüldüyü barədə məlumat var.
Bu məlumatları yayan mənbələrin xəbərsiz olduğu daha nə qədər həmvətinimiz ölüb və ya itkin düşüb – bunu bir Allah bilir. Məlum olan budur ki, ən azı yüz ailədə yaşlı valideyn öz oğlunun, cavan gəlin öz ərinin, körpə uşaq öz atasının itkisi ilə barışmalı olub.
Bu cavanlar niyə öz Qarabağımız uğrunda şəhidliyə hazır olmaq əvəzinə özgə bir ölkədə, özgə bir xalqın vətənində, özgə adamlarla döyüşərək ölüb? Bu, məsələnin o biri üzüdür və bu məqalədə o barədə danışmayacağıq. Mövzumuz budur ki, fətvaya uyub şirin canından keçən yüzlərlə cavanın ruhu, xatirəsi, adı indi hansı durumdadır? Onlar həqiqətən bu itkilər barədə xəbərlər yayan saytların iddia etdiyi kimi şəhiddirlər? Ya qanı hədər olmuş qurbandırlar? Yoxsa müsəlman qanı tökmüş, ən azından buna fürsət tapmasa belə, bu niyyətdə olmuş cəlladdırlar? Məncə, üçüncü cavab həqiqətə daha uyğundur.
Amma təəssüf ki, onları şəhid sayan, ruhlarına rəhmət oxuyan, hətta onların taleyinə qibtə edən, Suriyaya gedə bilmədiyi üçün yanıb-yaxılan daha minlərlə həmvətənimiz də var. Kimlərsə bu cahil, təcrübəsiz cavanların beynini hər gün zəhərli təbliğatlarla korlamaqda davam edirlər. Ölüm anında cənab Əzrayılı hansı qiyafədə gördükləri sifətlərindən məlum olan ölülərin fotosu cah-cəlalla “şəhid” kimi təqdim edilir. Necə ola bilər ki, hər gün müsəlman qanı tökən, nəinki qarşı cəbhənin əsgərlərini qıran, hətta tutduqları şəhərlərin dinc əhalisinə də divan tutan, əsirlərin başını diri-diri kəsib kəllələrlə futbol oynayan, ələ keçirdikləri müsəlman qadınları cariyə, müsəlman uşaqları kölə sayan, onların əmlakını döyüş qənimətidir deyə halal bilən, keçdikləri hər yerdə qorxu, dəhşət, zorakılıq, qətlü-qarət, işgəncə, həyasızlıq yayan bir dəstənin nümayəndələri öləndə şəhid sayılsın? Hətta bu cinayətləri etməyə fürsət tapmayan bir şəxs bunlarla eyni cəbhədə döyüşürsə, bunlarla həmfikirdirsə ona şəhid demək olarmı? Bunlar şəhiddirsə, onda Kərbəla çölünü qanı ilə suvarmış İmam Hüseyn (ə) və silahdaşları kimdir? Bunlar şəhiddirsə, onda Seyyid Mübariz İbrahimov kimdir?
Hər döyüşdə ölənə şəhid deməzlər. Hər əlinə silah götürüb vuruşan qazı olmaz. Hər güllə yarasından ölən cənnətə düşməz. Çünki hər özünü haqlı bilən haqlı deyil. Dünyanın bütün vəhhabi saytları bu ölülərə şəhid desə də, bununla onlar nə şəhid adını, nə Quranda şəhidlərə vəd olunmuş diriliyi və ruzini, nə də ağıllı müsəlmanların rəhmətini qazanmazlar. Çünki şəhidliyin meyarları Quranda və Peyğəmbərin səhih sünnəsində bəyan edilib və şəhid sayılmağa layiq olan zümrədə bu bədbəxt ölülərə yer yoxdur. Həqiqətən bədbəxtdirlər ki, həm dünyalarını, həm də axirətlərini puç etdilər. Nə bu dünyada göz dolusu yaşadılar, nə də o dünyada yaxşı bir aqibət qazandılar. Çünki “yaxşı aqibət təqvalılarındır”, müsəlman qanı tökən cəlladların yox!