"Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız!"
("Ənkəbut", 57).
Özümüzü dərk edəndən bu dünyadan köçəcəyimizi bilirik. İnsan təkamülü bu gerçəkliyə münasibətin fərqliliyini zərurətə çevirir. Amma ölümə baxışların fərqli olması yalnız bununla izah olunmur. Kimlər üçünsə bu bir dəhşət, kimlər üçünsə də “baldan şirindir”. Amma nəzər saldığımız münasibətlər diaqramının qütbləri ilə işim yoxdur. Söhbət insanların böyük əksəriyyətindən gedir.
Adəm övladı yaşayır, illər bir-birini əvəzləyir. İlk itki, çoxsaylı suallar, bu suallara hələ cavab tapmamış yeni itki, sonra yenə, yenə. Barışırsanmı? Alışırsanmı?.. Düşünürsən. Bəzi yaxın adamlarının bu körpünü keçdiyini bir daha analiz edirsən və özündən asılı olmayaraq ətrafına nəzər salırsan. Bu nəzər əvvəlkilərdən fərqlənən bir nəzərdir. Sanki gələcəyi indinin rentgen şüaları ilə dəyərləndirirsən. Nəzərlərin əski şuxluğunu itirmiş ananın, əvvəlki tək qıvraq olmayan atanın üzərində dayanır. Bədənindən ani bir üşütmə keçir. Reallığı tam çılpaqlığı ilə qəbul etmək məcburiyyətindəsən: bir gün onları da itirəcəksən. Nə qədər ağır olsa da, amma bu, onların səni itirməklərindən daha yaxşıdır. Elə deyilmi? Onları nə qədər sevdiyini nəzərə alsan, belə bir yüklə onların yüklənməsini istəmədiyini etiraf etməlisən. İtirəcəksən... Beynində artıq ssenari də qurursanmı? Anlayırsan ki, bir müddət buna heç alışa bilməyəcəksən. Telefon dəstəyini götürüb illərdir adət etdiyin kimi o doğma səsi eşitmək üçün nömrəni yığıb, sonra xatırlayacaqsan ki, onlar artıq yoxdur. Ətrafdakılara baş verəni sezdirməmək üçün qəhəri boğazında boğacaqsan. Alınacaqmı?...
Yalnız nəqliyyatda qarşıdakı oturacaqda əyləşən uşağın gözlərini üzünə zilləyib təəccüblə baxdığını hiss etdikdə qəfildən ayılacaqsan, reallığı dərk edib qeyri-ixtiyari yanaqlarını isladan, səndən xəbərsiz, satqıncasına axan iki damla yaşı əlinlə silib o məsuma gülümsəyəcəksən: "Hər şey qaydasındadır, balaca... Həyat gözəldir. Sənin ki atan yanındadır...".
Hələ bir müddət onlar haqqında danışanda "rəhmətlik" kəlməsini unudacaqsan, sonra səhvini düzəldib... söhbəti elə yarımçıq saxlayacaqsan. Davam etdirməyə taqətinmi qalacaq?
Bir müddət "Hara gedirsən?" sualına "Papa gilə" deyəcək, yenə də xəta baş verdiyini anlayıb dərindən köksünü ötürəcəksən. İllər keçəcək, amma bu itkiyə heç alışmayacaqsan. Bir sözlə, bu yükü ölənə qədər daşıyacaqsan, bu nisgili elə qəlbində saxlayacaqsan. Və... Yaşamağa davam edəcəksən. Nə vaxtsa qovuşmaq ümidi ilə... Üzücü ssenari alındı deyəsən. Qınamayın...
Əgər onları hələ itirməmisənsə, hələ də səslərini eşidib, əllərini tutub, alınlarından öpə bilirsənsə, tələs, vaxtı itirmə. Onlara qarşı həssas ol. Və yalnız onlara qarşı deyil. Allahın vədəsi hamı üçün haqdır. Ora aparan qapı istənilən an hər birimizin üzünə açıla bilər. Odur ki, tələssək yaxşıdır. Unutmayaq: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur.” (“İsra”, 23).