Novruz qabağı ehsanlar haqqında bəzi elanlara rast gəldim. Qeyri-ixtiyari yadıma bir hadisə düşdü...
Əlamətdar günlərdən biri idi. Məsciddə axşam izdihamlı məclis təşkil olundu: Quran oxundu, moizə, rövzə, sinəzən... Tədbir sona çatandan sonra insanlar qapıya tərəf axışdı. Asta-asta, addım-addım irəliləyən dindarların yolu mütləq 2-3 böyük teştin və bu teştlərin arxasında dayanan 2 şəxsin yanından keçməli idi: alternativ yox idi sadəcə. Bu 2 nəfərdən biri çox gənc, digəri isə artıq yaşa dolmuş kişi idi. Ehsan sahibi də elə o idi. Teştlərin birində 4 yerə bölünmüş qoğallar, digərində isə limonadla dolu bardaqlar var idi. Gənc bu ehsanı dağıtmağa yardıma çağırılmışdı. Bu teştlərin qarşısına çatanda kişi mənə sellofana bükülmüş qoğalı uzatdı. Aldım. Heç 1 addım atmamışdım ki, mənimlə çiyin-çiyinə addımlayan şəxs “qardaş, mənə də birini al” dedi. Əlimi kişiyə tərəf uzatdım. Cavabı isə sərt oldu: “Əlindəki nədir bəs? Verdim da! Keç get! Keç!” Gözlənilməz cavabdan sanki şok keçirdim. Əlim elə havada qaldı, beynimdə isə yaranmış vəziyyətə adekvat hərəkətlərin və deyiləcək sözlərin bəlkə də onlarla ssenarisi ani olaraq bir birini əvəzlədi: o adama nə deyəcəyimi tam dəqiq bilirdim. Amma demədim, şükür olsun Allaha. O məkanın və o əlamətdar günün ehtiramı qorundu... Xoşagəlməz vəziyyətin qeyri-ixtiyari səbəbkarı bu səhnəyə şahidlik etdikdən sonra məni qolumdan irəli çəkdi: “Lazım deyil day, qardaş, istəmirəm”. Amma mən əlimdəki “ehsanı” ona uzatdım, götürmək istəməsə də, təkid etdim, götürdü: mən artıq bu “ehsanın” bir hissəsi olmaq istəmirdim... O axşamdan illər ötüb. Amma nə yalan deyim, qəlb yarası sağalmır ki, sağalmır...
Sözümüzün canı nədir? Bəzən ehsan etmək istəyənlər (söhbət həqiqi ehsan edənlərdən gedir. Kiməsə bir pay verib özünü bütün saytlarda və TV-lərdə reklam edənlərlə işimiz yoxdur) qeyri-ixtiyari rəngləri həm qatılaşdırırlar, həm də qarışdırırlar, necə deyərlər, “qaş düzəltmək istədikləri halda gözü çıxarırlar”. Nədir ehsan? Ehsan, ərəb mənşəli sözdür. Mənası, gözəllik, yaxşılıq etmək deməkdir. Ehsan, yalnız sırf kiminsə qarnını doyurmaqla da məhdudlaşmır . Allahın rizasını qazanmaq məqsədi ilə tam təmənnasız verilən maldır ehsan. Vəssalam. Bu qədər sadə. Amma təəssüf ki, bəzən ehsanı, istər paylamazdan əvvəl, istərsə də bilavasitə paylayan zaman müxtəlif xoşagəlməz hallar müşahidə olunur, müxtəlif şərtlər irəli sürülür. Məsələn, tələb olunur ki, insan mütləq surətdə həqiqətən səfil olduğunu sübuta yetirsin. Axı, ay qardaşlar, bu artıq ehsan olmadı, daha çox insanın şəxsiyyətini alçaltmaq oldu. Bəzən ehsan payını almaq bəzi idarələrdən əlillik şəhadətnaməsi və ya təqaüd almaqdan çətin olur. Məgər hər işdə bizə nümunə olan Peyğəmbər (s) və imamlar belə ediblərmi ehsanı və ya belə edərdilərmi?..
Rəvayət edirlər ki, bir gün İmam Rzanın (ə) yanına bir adam gəlib deyir: “Ey Peyğəmbərin övladı!.. Yol pulum qurtarıb, öz şəhərimə qayıda bilmirəm. Məsləhətdirsə, mənə bir qədər pul borc verin... Söz verirəm ki, evimə çatandan sonra öz malımdan həmin məbləğdə pul ayırıb Sizin adınızdan kasıblara sədəqə verərəm”.
İmam qalxıb öz otağının qapısını açır və içəri keçir. Az sonra qapını aralayıb iki yüz dinar pulu oradan çölə uzatdı və buyurdu: “Bu iki yüz dinarı al və yol xərcini tədarük et. Vətəninə çatandan sonra bu pulu mənim adımdan sədəqə verməyə də ehtiyac yoxdur. Mən bu pulu sənə hədiyyə edirəm. İndi get ki, nə mən səni görüm, nə də sən məni görəsən”.
Həmin adam pulu İmamın əlindən alıb çıxır... O həzrətdən soruşurlar: “Niyə pulu qapının arxasından verib onunla görüşmədiniz?”. İmam buyurur: “Belə etdim ki, onun üzündəki xəcaləti görməyim”...
Odur ki, siz ehsanınızı edin, kisənin ağzını Allaha xatir açın. Əgər niyyətiniz pak, maliniz isə halaldirsa, inanın ki, Allah Özü bu ehsanı lazımi ünvana çatdıracaq. Buna zərrə qədər şübhə etməyin. Yoxsa ki, savab qazanmaq istədiyiniz halda kimisə incitmək, kimisə alçaltmaq, hələ üstəlik qəlbini qırmaq, pəjmürdə etmək... Belə ehsan verməkdənsə, bu təşəbbüsə elə əzəldən xitam verilsə yaxşıdır.
P.S. “Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin...” (Bəqərə, 264).
Vüsal Əliyev