Əvvəlcə bu fotolara nəzər salaq...





3 gün əvvəl Xətai rayonunda baş verən yanğın bir ailəni evsiz-eşiksiz qoydu. Damda qısa qapanmadan meydana gələn hadisə xoşbəxtlikdən insan tələfatı olmadan ötüşdü. Ev tamamilə yandı. Əşyalarla birlikdə. El arasında adətən belə halları nəql edəndə “yazıqlar bir kibrit çöpü də çıxara bilmədilər” deyirlər. Bu hadisə elə həmin qəbildən olan hadisələrdən idi. Amma bir maraqlı məqamı oxucularımızın diqqətinə çatdırmaq istərdik. Evdə olan kitab şkafı da digər əşyalar kimi tamamilə yanıb kül olub. Cəmi bir kitabdan və bir sellofan torbada saxlanılan vərəqlərdən savayı. Söz açdığımız Kitab – Qurandır.

Şəkildən də göründüyü kimi, səhifələrin kənarları yansa da, od mətnə heç bir xətər yetirməyib: Kitabın ancaq üz qabığı yüksək temperatur və alovun söndürülməsi zaman istifadə edilən suyun təsiri nəticəsində yararsız hala düşüb. Kitabın vərəqləri bir-birindən qopsa da, istifadəyə yararlı haldadır...
Qeyd edək ki, biz Allahın varlığını, Onun peyğəmbərlərinin (ə) məsumluğunu, nazil etdiyi kitabların isə müqəddəsliyini aslanın nəriltisi, balığın və ya inəyin üzərindəki “Allah” sözünə bənzər naxışlarla isbat edilməsinin tərəfdarı deyilik. Bütün bunların daha bariz və daha tutarlı sübutları mövcuddur. Ancaq bəzi hadisələrin şahidi olanda istər-istəməz bir daha “Allahu Əkbər!”, “La ilahə ilallah!” deməmək mümkünsüzdür. Təbii ki, bu hadisə barədə oxuyub, fotoları seyr edib bizim kimi beyəti təzələynlərlə yanaşı skeptiklər də tapılacaq. Ən azından “neçə dəfə Quranı yandırıblar?! Bəs niyə yanır? Nə üçün Allah kafirlərə belə fürsət tanıyır?” söyləyə bilərlər. Buna nə cavab vermək olar? Əlbəttə ki, ən doğrusunu Allah bilir. Bizi isə öz versiyamızı təklif edə bilərik. Quran Şəfadır, Nemətdir, Kəlamdır, Hikmətdir, Sərvətdir, Müqəddəsdir! O kəslər üçün ki, bunu anlayır, buna iman bəsləyir. Onların əlində, onların yanında Quran öz müqəddəsliyini hər an təsdiqləməyə, insanları hidayət etməyə, onlara şəfa verməyə hazırdır. Və əksinə. Bunu anlamayanların əlinə düşdükdə bu Kitab müqəddəsliyini qorusa da, artıq onlara nə şəfa verəcək, nə də onları hidayət edəcək. Əksinə, Quranda buyurulduğu kimi, Onun ayələri oxunduqca bu zəlalət əhlinin zilləti bir qədər də dərinləşəcək...
Belə bir əhvalat və belə bir hikmət...
P.S. Hə, qeyd etmişdik axı, yanğın zamanı bir sellofan torbada saxlanılan vərəqlər də salamat qalıb. Yəqin maraqlıdır bu vərəqlərin mənşəyi, deyilmi? Bu vərəqlər isə ev sahibinin körpə uşaqları tərəfindən müxtəlif zamanlarda “Çərəkə” kitabçasından və ilin dini hadisələri qeyd edilən taqvimdən qoparılıb. Onların üzərində Quran ayələri, Allahın və müqəddəs şəxslərin adları olduğu üçün bir torbaya yığıb saxlayıblar ki, bir gün torpağa basdırsınlar. Bu da belə...