“Hicablı qız elə bir hərəkət etdi ki...”, “Hicablı qızların bu rəqsi İnterneti lərzəyə gətirdi!”, “Hicablı qızları heç belə görmüşdünüz?” və s. və i.a. Belə başlqılara son zamanlar tez-tez rast gəlirik. Oxucu cəlb etmək məqsədi güdən bu populist xəbərlərin ardından müzakirələr başlayır. İstisnaları ümumiləşdirməyə çalışırlar. İslamın, dindarların, halal-harama riayət etməyi özlərinə həyat kredosu seçənlərin üzərinə çirkab tökməyə səy göstərirlər.
Bu kiçik yazıda hicab bağlayanların maariflənməsini, onlara hansı məsuliyyət daşıdıqlarını xatırlatmaq məqsədi qoymamışıq. Hərçənd, hər hicablı anlamalıdır ki, bir söz demədən ətrafdakılara öz xarici görünüşü ilə Allahı xatırladır. Bu isə əslində Tanrının bir lütfüdür: sən küçədə harasa gedirsən, dükanda alış-veriş edirsən, uşağı məktəbə qədər ötürürsən və bu zaman heç nə söyləmədən, bir əlavə əməl etmədən savab qazanırsan. Çünki Allahın dinini təbliğ, əmr be məruf edirsən. Allaha çox şükür ki, böyük əksəriyyət bunu çox gözəl anlayır. Nə isə, mətləbdən uzaqlaşmayaq.
Sözümüz isə dünyanın müxtəlif yerlərində başında yaylıq olanların ÇP-lərini şövqlə axtarıb tapan, bu ÇP-ləri müxtəlif atmacalarla bəzəyib oxuculara, izləyicilərə eyforiya içində təqdim edən media əhlinə və sözügedən xəbərləri “həzm edəndən” sonra vəcdə gəlib “gül ağzını” açan ant-hicab, anti-din dəstəsinin üzvlərinədir.
Birincisi. Bir qədər kobud səslənsə də, “Meşə çaqqalsız olmaz” atalar sözünü unutmayın. Hər toplumda, hər qrupda bu toplum və qrupların üz qarası olan üzvlərinə rast gəlmək mümkündür.
İkincisi. Hər toplumda, hər qrupda yer alan şəxslər səhv edə bilər, ideal insan yoxdur ki! Məgər siz səhv etmirsiniz? Kiməsə “əşi, o heç namazlarını normal şəkildə, vaxtında qılmır” iradını ünvanlayanda özünüzün heç ümumiyyətlə namaza yaxın düşmədiyinizi niyə unudursunuz? Başqasının gözündə saman çöpü aramaqdansa, öz gözünüzdəki tirə bir gün ağlayın. Həzrət İsanın (ə) “kimin günahı yoxdursa bu qadına daş atsın” məşhur kəlamını və sonra baş verənləri xatırlayın.
Üçüncüsü. Ümumiləşdirməyin. Bir azərbaycanlı dünyanın hansısa ölkəsində bankı qarət etsə, bu heç də bütün azərbaycanlıların cinayətkar olması anlamına gəlmir axı! Yaxud sizin sahə həkiminiz keçəldirsə, bu heç də bütün sahə həkimlərinin keçəl və ya bütün dünyadakı keçəllərin sahə həkimi olduqlarına dəlil kimi istifadə edilə bilməz.
Dördüncüsü. Əgər yolda qəza baş verirsə, sürücülər, piyadalar və ya sərnişinlər xəsarət alırsa, dünyasını dəyişirsə, bu heç də yol hərəkəti qaydalarının naqis olmasından irəli gəlmir. Qaydalar mükəmməldir! Onu pozan ayrı-ayrı fərdləri əsas gətirib qaydaları pisləmək isə sadəcə gülüncdür.
Və sonda. Kininizi, dözümsüzlüyünüzü bir qədər ram etməyə çalışın. Vallah, sizin özünüz üçün deyirik. Bu hisslər yalnız sizin özünüzə ziyan vurur, iç dünyanızı qaraldır. Doğrudan düşünürsünüz ki, abırlı, ismətli, həyalı hicablılar sizin “epik” səyləriniz nəticəsində hicablarını açacaq, namazdan, İslamdan, Allahdan üz döndərəcək, hamılıqla gecə klublarına, barlara axışacaqlar? Yəni bu qədər düşüncəsiz və sadəlövhsünüz? Belə olmayacaq! Özünüzə, sağlamlığınıza, vaxtınıza heyfiniz gəlsin. Daha faydalı işlə məşğul olun, uduzmazsınız.