Yenə aləm dəydi bir-birinə. Dini çevrələrdə kifayət qədər tanınan rozəxan “şok açıqlamaları” ilə gündəm yaratdı. Arkadaşlarımız demişkən, qısa özəti belədir: sən demə Həzrət Əli (ə) Xeybər qalasının qapısını iki barmağı ilə çıxarıb. Bu zaman da müqərrəb mələklərin qanadları onun ayağının altında olub. Bu iddianın mənbəyi kimi isə “Tarixi Təbəri” qeyd olunur. İnanmayanlar üçünsə eksklüziv olaraq Allaha, Qurana and içilir.
Əvvəla qeyd etmək istərdik ki, məddahın belə davranışı bir çox tanınmış ilahiyyatçılar, dini sahədə fəaliyyəti ilə tanınan şəxslər tərəfindən çox kəskin etiraza səbəb oldu. Artıq hər kəsə bəlli oldu ki, rozəxan, yumşaq desək, yanılır, Təbərinin ruhu isə yəqin o biri dünyada əsl şok yaşayıb. Din adamlarının belə ayıqlığı, məzhəb təəssübünə qapılmadan həqiqəti açıq söyləmələri alqışlanmalıdır. Kimsə kənardan gəlib irad tutmalıdır məgər? Çatışmazlıqlar, eyiblər nə qədər tez aradan qaldırılsa, bir o qədər yaxşı olar. Həm dinimiz üçün, həm də cəmiyyət üçün.
Digər tərəfdən isə rozəxanı müdafiə edənlərin (ümid etmək istərdik ki, burda heç bir təəssübdən söhbət getmir) bəzilərinin mövqeyi anlaşılmaz və müəmmalıdır. Onun İslama uzun illər misilsiz xidmət göstərməsi, eyni zamanda son dərəcə elmli olması xüsusi ilə qabardılır. Qəribədir. Məgər İslamda kiməsə keçmiş xidmətlərinə görə güzəştlər nəzərdə tutulub? Tarixə nəzər salsaq kifayət qədər insanın acınacaqlı talelərini nümunə kimi göstərmək olar. Məgər Şimr zamanında Həzrət Əlinin (ə) qoşununda vuruşmayıb? İndi neyləyək, bu xidmətinə görə onun Kərbəladakı cinayətini unudaq? Əlbəttə, bu sadəcə bir nümunədir və heç kim nəzərdə tutulan rozəxanı Şimrin cinayətinə nisbət cinayətə imza atdığını iddia etmir.
İslama xidmətə qayıdaraq bir məqamı da qeyd etmək zəruridir. Allah Öz dininin yayılması üçün kimisə seçirsə, kimsə İslamın təbliği sahəsində zərrə qədər xidmət göstərə bilirsə - bu Tanrının bəxş etdiyi böyük nemətdir. Bu xidmət nəticəsində əldə olunan maddiyyətin qədəri isə artıq başqa bir mövzudur. Bu məbləğ çox da ola bilər, az da. Ümumiyyətlə, olmaya da bilər. Yəni İslama xidmət şansını qazandığına görə Allaha sonsuz şükür etməklə yanaşı üzərinə götürdüyün məsuliyyəti də unutmamalısan. İstehkamçı təhlükəli minaya bəslədiyi diqqətdən daha artıq olmalıdır diqqət. Onun səhvi bu dünyadakı həyatına, sənin səhvin isə axirətinə son qoya bilər.
“Müdafiəçilərin” digər bir dəlili isə rozələrdə, mərsiyələrdə mübaliğələrə yol verilməsinin normal hal hesab edilməsidir. Burda razılaşmaq olar. Amma... Əgər tarixi əsərin adı çəkilirsə, sonra da söylənilənlərin haqq olmasına dair Allaha, Qurana and içilirsə, o zaman rozə və mərsiyələrin bütün özəllikləri qalır bir kənarda. Ortada isə... Olan göz qabağındadır.
Kimsə deyə bilər ki, bu məsələni həddindən artıq şişirdirlər. Çox səhv yanaşmadır. Əgər Əli, Vəli və ya Pirvəli məhlə uşaqlarını başına yığıb yuxarıda qeyd edilən hərəkətlərə yol versə - bu pisdir. Amma heç kim onların davranışını din və məzhəbin siması kimi qələmə verib din və məzhəbə zərbə vurmayacaq. Çünki bu sadəcə alınmayacaq. Amma dini cameədə tanınan şəxslər – başqa məsələ. Belə hadisələrdən din düşmənləri, təkfirçilər çox məharətlə istifadə edirlər. Odur ki, minbərdən söz demək nemətinə malik olanlar bu nemətin böyüklüyünü, bunun bir məsuliyyət olduğunu anlamalı, bu nemətə adekvat davranmalıdırlar.
P.S. Kimsə qeyd olunan yanlışlıqları dinlədikdən sonra etirazını sosial şəbəkələrdə status paylaşmaqla bildirir. Şəxsi tanışlığı olan rozəxanın özü ilə əlaqə saxlayır. Kimsə başqa üsula əl atır. Amma nə yazıq ki, belə və buna bənzər çıxışları dinlədikdən sonra bəziləri cahilliklərindənmi və ya başqa səbəbdən “Bəsdir daha!” deyib Bakı-Ankara reysinə bilet alıb “cihada” yollanır. Medalın bu tərəfi də var...
P.P.S. Hər kəs səhv edə bilər. Hər səhvin ardından etiraf və peşmançılıq çox məntiqli sonluq olmaqla yanaşı, həm də gözəl sonluqdur. Həm səhv edən şəxs, həm də bu səhv nəticəsində təlatümə gələn cəmiyyət üçün. Səhvi buraxanla Allahı arasında olacaq proseslərə isə artıq heç kim qarışa bilməz.
islam.az