Bir məmləkətin axmaq padşahı olur. Amma baş vəzir ağıl və dərrakəsi ilə seçilir. Bir gün ölkəyə əcnəbi qonaqlar gələcəyi barədə xəbər yayılır. Vəzir də qonaqların yanında rüsvay olmamaq üçün padşaha deyir ki, ağzını açmasın, bütün sualları özü cavablandırıb məclisi yola verəcək. Razılıq əldə olunmasına baxmayaraq padşah görüş zamanı elə hey sərsəm sözlər danışır, vəzir isə ağlını işə salaraq hökmdarın axmaq ifadələrinə “hikmət” donu geyindirir. Qonaqlar gedəndən sonra dardüşüncəli padşah sinəsini qabağa verib vəzirinə deyir: “Gördün, necə ağıllı sözlər dedim? Hətta sənin izahına da ehtiyac oldu, yoxsa qonaqlar heç nə anlamırdılar”...
Bayram sevincini hələ tam yaşamamışdıq ki, sosial şəbəkələrdə 2 dəqiqəlik video geniş müzakirəyə səbəb oldu. Bir əbalı həmvətənimiz minbərə çıxaraq kütləni belə maarifləndirirdi: “Həzrət Əli deyir ki, o zaman ki gördünüz kişilər arvadları ilə məsləhətləşdilər, bilin ki, kişilik ölüb... və o zaman ki kişilər arvadın göz yaşına inandılar, bil ki, kişilik ölüb”. Daha sonra isə belə davam edir: “Arvadların ah-naləsinə inanmayın. Hamısı tələdi, özü də şeytanın tələsi”.
Bu vətəndaş çıxıb minbərdə belə mövqe nümayiş etdirirsə, deməli, bir əsası var. Deməli, nə vaxtsa hansısa kitabdan nəsə oxuyub. Ya da hansı dərsdəsə nəsə eşidib. Əksini düşünmək belə istəmirəm. Sözümün canı başqadı. Məncə, məncə ha, insan hər oxuduğuna və hər eşitdiyinə inanmaz. Necə mən bu vətəndaşın dediklkərinə inanmadım. Həzrət Əlinin (ə) şəninə yaraşdırmadım bu sözləri, yaraşdırmadım Əliyə (ə). O Əliyə ki, Xanım Xədicənin yanında böyümüşdü, ondan ana nəvazişi görmüşdü. O Əliyə ki, Peyğəmbərin ciyərparəsi ilə qısa da olsa ömür-gün yoldaşı olmuşdu. O Əliyə ki, məzlumlara arxa-dayaq idi, kasıblara isə gecələr çiynində un daşıyardı. İnanmadım Əli (ə) desin ki, qadınların göz yaşlarına inanmayın. Çünki Həzrət Xanım Fatimənin (s.ə) göz yaşlarını görmüşdü. Görmüşdü və... inanmamışdı? Ya inanmışdı, əstəğfrullah, kişiliyi əldən vermişdi? Ya biz bu “xütbədən” irəli gələrək Xanım Rübabın, Kərbəlanın qeyri məzlumlarının göz yaşlarını yalan sayaq? Yaxud bu gün fələstinli anaların göz yaşlarına inanmayaq? Mən saymıram, ay minbərdəki vətəndaş. O məsləhətlərini də saxla daxilində, lütfən. Çünki sənə inanan gənclərin analarına, bacılarına, yenicə ailə qurduqları həyat yoldaşlarına həyatı hansı cəhənnəmə çevirəcəklərini təsəvvür edirəm.
Bilirəm, indi bəziləri dəfələrlə sınaqdan keçirdikləri “arqumentlərlə” məni tənqid atəşinə tutacaqlar: “Alimdən çox bilirsən?”, “İmanında naqislik var...”, “Əhli-beyti ağılla dərk etmək olmaz” və s. Amma deyəcəm e, gəlib: qardaşlar, sizin “zibillərinizi” “malalamaqdan” təngə gəldik, belə, türklər demiş, “bıkdık”! Gah çıxıb tam ciddiliklə dünya səyahətinə yola düşən danışan badımcandan bəhs edirsiniz, gah iti irfanın zirvəsi elan edirsiniz, gah Peyğəmbərin (s) uşaq ikən Məkkədə şer müsabiqəsində iştirakından və orda “İxlas” surəsini söyləyərək qalib gəlməsindən söhbət aparırsınız, gah Quranda mədh edilən Beytullaha qarşı hörmətsizlik ünmayiş etdirirsiniz, gah nə bilim daha nələr, nələr. Yorulmadınız? Heç fikirləşmirsiniz ki, İslama nə qədər zərbə vurdunuz? Əgər kimsə deyirsə “İslam sənə qalmayıb!”, “İslamın müdafişəçisinə bir bax!”, qoy desin. Badımcana beyət edənlərdən artığını gözləmirəm də. Heç vaxtı da kilosu 30 qəpiyə bu tərəvəzdən alanda “necəsən, badımcan?” sualınıl verib həsrətlə cavab gözləməyəcəm. Bu yazdıqlarım da analarına, bacılarına, ömür-gün yoldaşlarına şəfqətlə yanaşanlara, onları göz yaşları içində görəndə qəlbləri sıxılanlara, bu iztirabdan onları qurtarmağa can atanlaradır. Əzizlər, gəlin İslamı olduğu kimi təbliğ edək, başqa cür yox, ana-bacıların göz yaşlarına biganə qalmayaq, onlara inanaq. Qəddar sifəti ilə deyil, şəfqət və mərhəmət sifəti ilə tanıdaq dinimiz. Əminəm ki, bunu etsək həm İslamı yaşadacağıq, həm də kişiliyə bir xətər yetməyəcək.
P.S. Yazının əvvəlində qeyd edilən rəvayət tam mövzuya aiddir. Belə məhrəm söhbətlərdə göz yaşına inanmayanları tənqid etsək də, bəzi xoşagəlməz hallar ortaya çıxanda dalana sıxışmış oluruq, məcburiyyətdən çıxış edərək o vəzir kimi bəzi qardaşların danışdıqlarını “bəzəyirik”. Çünki anti-islamçılar üçün göz yaşına inanmayan müsəlmanla inanan arasında heç bir fərq yoxdur. Heyif ki, öz aramızda bu anti-islamçıları arqumentlərlə silahlandıran “daşürəklilər” var...
Qadinlarla meslehet etmemek haqda mende bir neche yerde oxumuwam,amma bu o demek deyil ki,qadinlar yalanchidir,pisdir,hiylegerdir,goz yawlarina inanmaq olmaz,esla ele deyil,sadece qadinlar hisslere daha chox önem verir,sert qerarlar teleb olunan yerde merhemetle davranirlar,bu sebebden.
Qadinlara ehtiram etmek haqda chox hedisler var.