Xəbər saytları həmişə olduğu kimi bir-birini qabaqlamağa çalışaraq, öz təbirləri ilə desək, “şad xəbər” yaydılar: gələn həftə 3 gün işləmirik! Çünki 9 May Qələbə günü rəsmi bayramdır... Daha sonra Leyla Yunus “ay mən “pi-pi” istəyirəm!” hayqırtıları ilə keçdi “yuxarı başa”...
İlk baxışdan bir-biri ilə əlaqəsi olmayan bu iki hadisə qəribə surətdə beynimdə sintez olaraq qəlbimə axdı, məni uzaqlara apardı, düşüncələrə sövq etdi. Bir də gördüm əməlli-başlı qəhərlənmişəm. Nə isə, sentimentallıq XXI əsrdə “modda” deyil, odur ki, bu hissəsini buraxaq...
Böyük Vətən müharibəsində hər iki babam iştirak etsə də, onlardan yalnız biri tam dəqiqliyi ilə bizə əlavə istirahət günü bəxş edən Qələbəni görüb. O birisinin taleyi isə bəlli deyil. 1939-cu ildə 19 yaşlı həyat yoldaşını və 6 aylıq körpəsini Allaha tapşıraraq “povestka” ilə Finlandiya ilə müharibəyə yollanan, sonradan isə faşist Almaniyasına qarşı vuruşan Həsən kişidən son məktub 1942-ci ildə, Mozdok şəhəri ətrafından gəlib. Vəssalam. Beləcə, 1942-ci il Qırmızı Ordunun itkin düşmüş əsgərinin ailəsi üçün də bir dönüş nöqtəsi olur. Həyat yoldaşının taleyindən bixəbər nənəm həyatını yeganə qızının böyüyüb boya-başa çatmasına həsr edir. Gündüzlər kolxozda cəbhəyə getmiş kişilərin əvəzinə çalışan sütül qadının hansı sınaqlardan keçdiyini indi təsəvvür etmək çətindir. Amma nə az, nə çox – 60 il, ta 2002-ci ilin avqustuna, dünyaya vida edənə qədər bu qadın sonuncu dəfə 19 yaşında ikən gördüyü ərindən bir xəbər gözlədi. Axtarışlar aparıldı, amma faydasız. Həsən kişi müharibənin amansız məngənəsində iz buraxmadan itdi. Beləcə, bu cütlüyün bu dünyadakı tarixinə nöqtə yox, 3 nöqtə qoyuldu. Nənəm ər, anam isə ata intizarı ilə bu dünyaya vida etdilər...
O biri babam isə müharibənin ilk günündən son anına qədər faşistlərlə üz-üzə durdu, artilleriya tağımının tərkibində düşmənə qan uddurdu, yaralandı, amma yenə sıraya döndü. Nuh kişi də cəbhəyə gedəndə həyat yoldaşını və 1 yaşlı oğul balasını Allaha tapşırıb ölümlə savaşa qalxmışdı. 1945-ci ilin avqustunda Göyçaya qayıdandan sonra atam hələ uzun müddət “özgə kişidən” yan gəzib. Beləcə, bu babam da indiki “zəhmətkeşlərin” “məşəqqətli” iş rejimində heç olmasa bir gün istirahət “pəncərəsi” yaranmasına öz töhfəsini verib...
“Məni ayaqyoluna buraxmırlardı!..”, “Mən şalvarımı aşağı salanda...”, “Mən “pi-pi” edəndə...”. Bu ifadələrə görə üzr istəyirəm. Bunları hətta yazanda özümdən asılı olmayaraq soyuq tər basır məni. Amma neyləyim ki, bu bir reallıqdır. Mənim yuxarıda çox qısa təsvir etdiyim Qadınlar və Leyla Yunus. O Qadınlar olmazın iztirablarına dözüblər ki, günümüzün “qəhrəmanı” belə həyasızlıq etsin? Kim, hansı qüvvə məni məcbur edə bilər ki, mən o Qadınlara da, Leyla Yunusa da “Azərbaycan qadını” deyim? Məsələ heç o Qadınların mənim əzizlərim olmasında deyil. Oxşar aqibəti, taleyi yaşamış onlarla ailəni şəxsən tanıyıram. Böyük əksəriyyəti də artıq Allaha qovuşublar. Söhbət o Qadınlardan və bu gün bəzilərinin bizə “Azərbaycan Qadını” kimi sırımağa çalışdığı Leyla Yunusdan gedir. Leyla Yunusun siyasi baxışları, ictimai fəallığı da heç bir əhəmiyyət kəsb etmir. Məsələ prototipdədir.
Biz kimə deyə bilərik bu söz birləşməsini – “Azərbaycan Qadını”? Kimə yaraşdıra bilərik? Anamıza, bacımıza, qız övladımıza, həyat yoldaşımıza. İndi bir anlığa düşünün. Hər bir qeyrətli, namuslu azərbaycanlı kişisinin müqəddəsatı olan bu sadaladığım varlıqların Leyla Yunus kimi davranmasını qəbul edə bilərsinizmi? Əgər cavab müsbətdirsə, o zaman daha heç bir sözüm yoxdur. Sizin “Azərbaycan Qadını” anlayışınıza elə ayaqyolu inqilabına çıxan Leyla Yunus tən gəlir. Qoy sizin idealınız o olsun. Mənim ideallarım isə... Artıq onlar barədə yazdım.