İslamın yarandığı ilk dövrlərdən ümmətin vəhdəti ən ağrılı problemlərdən birinə çevrilərək günümüzə qədər həllini tapmayıb. Əksinə, peyğəmbərin vəfatından sonrakı illərlə müqayisədə parçalanma bir qədər də artıb, “Allahu əkbər” deyən müxtəlif qruplar arasında uçurum bir qədər də dərinləşib.
Azərbaycan da bu ümmətin ayrılmaz hissəsi olaraq istisna deyil. Əvvəllər də cürbəcür məsələlər ətrafında sərgilənən fərqli mövqelər bir dövlətin vətəndaşı olan inanclılara bir-birinə qarşı xoşagəlməz ifadələr işlətməyə, bəzən hətta ağır ittihamlara əl atmağa əsas verirdi. Lakin oktyabrın 9-da məmləkətdə keçiriləcək prezident seçkiləri vəziyyəti bir qədər də qəlizləşdirdi. Artıq əks-mövqedə dayanan inanclılarla bağlı şübhələr, sui-zənnlər, maskalanmış, bəzən isə aşkar hücumlar geniş vüsət alıb. Kimi deyir Cəmil Həsənlinin yanında olmayanlar zülmə dəstək verir, kimi fəğan edir ki, bəs əsl möminlər İlyas İsmaylovu dəstəkləməlidir, bəzi qruplar hazırki prezidentə səs verəcəyini bildirir... Bir sözlə, ara qarışıb, məssəb itib. Hər kəsin də öz dəlili, bir qucaq hədisi, “inkarolunmaz” faktları və ümumi əks-arqumenti: sizin dindarların adından danışmağa haqqınız yoxdur!
Bax, məhz sonuncu ifadə üzərində bir qədər dayanmaq istərdim və yazımın sonunda da bu ifadəyə qayıdacam.
Mən şəxsən Azərbaycan bərbərlərinin prezident seçkilərində kimə səs verəcəyi haqqında tam məlumatsızam. Ya da ki, qəssablar. Razılaşın ki, onların da sayı az deyil. Bəs onlar seçki bülletenlərində hansı namizədi “quşlayacaqlar”? Və ya ictimai nəqliyyat işçiləri? Yaxud, bir qədər başqa cür yanaşaq məsələyə. Azərbaycanda yaşayan talışlar oktyabrın 9-da kimə “hə” deyəcəklər? Bəs avarlar? Ləzgilər? Əminəm ki, siz də bu suallar qarşısında acizsiniz. Çünki heç vaxt heç kimin ağlına belə gəlməyib ki, seçici elektoratını məhz belə kateqoriyalara bölsün. Amma dindarları nə üçünsə bütün digər vətəndaşlardan fərqləndirməyi hamı özünə borc bilir. Axı niyə? Məgər inanclılar 5-10 min başı olan bir vücuddur? Məgər inanclılar bir partiyada cəmləşiblər, bir fikri bölüşürlər? Məgər oktyabrın 9-da hansısa namizədə səs vermək inanclının şəri vəzifəsidir? Məgər bu namizədlər sırasında məsum imamlar, Zəmanənin Ağası, Allahdan vəhy almışlar var? Bəlkə din xadimləridir bunlar? Bəlkə... Yox e, yox! Dünyəvi bir məmləkətin dünyəvi namizədləridir bunlar. Onlar arasında seçim etmək hər kəsin fərdi, məhz FƏRDİ haqqıdır. Hər kəsin də öz dəlili, öz əsaslandırması var. Bu gün kimsə kiməsə vəzifə təyin edə bilməz. Niyəsi aydındı. Aramızda Allah tərəfindən bununla mükəlləf olan birisi sadəcə yoxdur. Bəs elə isə bu süni bölgü, süni ajiotaj, əsəblərin tarıma çəkilməsi kimə lazımdır?
Etiraf edək ki, bu gün Azərbaycanda siyasi islam formalaşmayıb. Özlərini dini cameənin liderləri sayan bəzi şəxslərin bəyanatlarına, çıxışlarına, proqnozlarına nəzər salanda... üzr istəyirəm bu ifadəmə görə, amma adamın lap “əti tökülür”. Amma onların ardıcılları var və çox təəssüf ki, liderlərini dəstəkləməyən din qardaşlarını bir qayda olaraq ya dardüşüncəli, ya sadəlöhv, ya da hətta satqın sanırlar. Gəl ki, heç kim öz qatığına turş demək istəmir. Bu gün Azərbaycanda siyasi islamın formalaşmaması o deməkdir ki, din çox asanlıqla siyasi alətə çevrilə bilər. Təəssüf ki, bu tendensiya müşahidə edilməkdədir. Son illər Azərbaycanda dindarların sayının nəzərəçarpacaq dərəcədə artması siyasi dividendlər əldə etmək istəyən qüvvələr tərəfindən amansızcasına istismar edilir. Özü də bu qüvvələr ayrı-ayrı fərdləri yox (bu olduqca səmərəsiz olardı), bütövlüklə dindarları öz tərəfinə çəkmək istəyirlər. İstifadə edilən vasitələr isə müxtəlifdir: əvvəlcədən utopik olduğu şübhə doğurmayan vədlərdən tutmuş qəfildən dinə oyanan məhəbbətə qədər. Bir sözlə, hər parıldayan qızıl deyil, qardaşlar. Yaxud da bu el misalına bir qədər dini çalarlar qataraq belə deyim: imam hələ zühur etməyib.
Sonda isə, vəd etdiyim kimi, bir daha inanclıların müxtəlif qruplara bölünərək bir-birinə ünvanladıqları “sizin dindarların adından danışmağa haqqınız yoxdur!” ifadəsi haqqında. Bu ifadə tam bir həqiqətdir və elə hamıya da aiddir.Heç kim heç kimin adından danışmasın. Heç kim heç kimə vəzifə təyin etməsin. Heç kim boynuna imamlıq yükünü götürməsin. Mənim adımdan heç kim danışa bilməz. Mənim səsim mənim haqqımdır. Eyni ilə digərlərinin də. Siz mənə, mənim haqqıma, mənim seçimimə hörmətlə yanaşın, mən də sizinkinə. Absurd “məntiq zəncirlərinə” (Hafiz Hacıyev “hamınıza qan uddurajam” deyib, deməli bütün killerlər və vampirlər ona səs verməlidir; İqbal Ağazadənin heç kim dodağının qaçdığını görməyib, deməli bütün təlxəklər və klounların düşmənidir və s. ) ehtiyac yoxdur. Hamı öz tutumuna görə düşünür və nəticə çıxarır. Zatən elə seçkilər də bu xüsusiyyətinə görə “ümummillli” adlanır. Gəlin parçalanmayaq, qarşılıqlı ittihamlara son qoyaq. Bizi bir dünyada yaşamağımızdan, bir səma altında gəzməyimizdən, bir ölkənin vətəndaşları olmağımızdan savayı birləşdirən daha uca və ali məhvum var. Ona xatir... Qardaşlığımıza zərbə vurmayaq.
P.S. Bəlkə düz demirəm? İndi mən də bəziləri kimi durum deyim ki, “filankəsə səs verməyən...”?
SALAM ALEYKUM TAMAMILE SIZLE RAZIYAM MENDE BU SOZLERIN BEZILERIN DEYIRDIM FB-DE MENI ITDIHAM EDIRDILER SESS VERMEYEN CEHENNEM EHLIDIR NEDIR HER KES CEMIL HESENLININ YANINDA OLMALIDIR. BELE SOZLER DEYILIRDI AMMA BIR SEYI XATIRLADIMKI BU MUXALIF PARTIYANIN TERKIBINDE OLANLARIN COXU REHMETLIY IMAM XOMEYNINI FAZIL LENKARANINI BU KMI BIR COX ALIMLERI TEHGIR EDIRLER, HETDA SIELERI IRANIN KOLESI BELE BIR ITDIHAMLAR VURURLAR DEYIRLER SECKI ONCESIDIR DIYE UJE BIRAZ SAXLIYIB INANCLI INSANLARDAN YARDIM ISDIYIRLER ISDIFADE EDIRLER MEN DUSUNMUREMKI BUNLAR HAKIMIYETE GELENDE BEE INANCLI INSANLARLA DOLANSINLAR O UZDENDE MENDE FERD OLARAQ HEC KIME SES VERMIYECEM AILEMIZDE VERMIYECEK BUTUN QOHUMLARIMIDA VERMEMEYE DEVET EDIREM BIR COXLARI MENLE RAZILASIR allah razi olsun sizden.
Müəllif: Yusif | 27 Sentyabr, 2013 18:24| Ответ на #2091
Yazara təşəkkür edirəm. Mən Cəmil Həsənlini və Milli Şuranı dəstəkləyirəm, düşünürəm ki, ən doğru seçim budur, amma kimsə belə düşünmürsə, bu onun haqqıdır. Təbii ki, dartışa, polemika aça bilərik, amma qarşılıqlı hörmət mütləq olmalıdır. "Qardaşlığımıza zərbə vurmayaq" deyir hörmətli yazar. Bəli, razıyam, çünki bir məsələdə fikir ayrılığımız varsa, min məsələdə ortağıq. Amma soruşmaq istəyirəm ki, Milli Şuranın mitinqində iştirak edən dindarları ələ salıb onlara "vedrə" bağlamaq qardaşlığa uyğun və qardaşın seçiminə hörmətdirmi?
Müəllif: Adasha | 7 Oktyabr, 2013 11:04| Ответ на #2112
Vusal bəy! İcazə verin Sizin səmimiyyətinizə inanmayım. Əvvəlki təşəkkür hara, sonda yazdığınız cümlə hara? ))) Məncə Sizin əsl simanız, fikriniz məhz sonda özünü biruzə verib, birinci cümlə isə, üzr istəyirəm, "vedrə bağlamaqdı". Bu bir. İkincisi isə, Vüsal bəy, qeyd etdiyiniz "Vedrə" verilişinə bir daha baxın. Çoooox diqqətlə! Sonra da orda söylənilənlərdən heç olmasa 2-3 cümlə bura yazın. Bəli, 2-3 cümlə. Hardakı həmən tədbirdə iştirak edən dindarlar ələ salınıb. Siz əgər o verilişin məqsədinin məhz dindarlar olduğunu düşünürsünüzsə - yalnız təəssüf edə bilərəm.