İmam Sadiq (ə) hicrətin 148-ci ilində şəhid olan zaman xəlifə Mənsur Dəvaniqi (137-158 h.q) öz hakimiyyətinin kulminasiya mərhələsini yaşayırdı. Mənsur elə bir şəxsiyyət idi ki, öz hakimiyyət dayaqlarını möhkəmləndirməkdən ötrü saysız-hesabsız insanları qətlə yetirirdi.
İmam Kazim (ə) atasının vəfatından sonra iyirmi yaşında İslam hökumətinin (bütün xilafət ərazisinin) xəlifəsi sayılan belə bir zalım hakimlə üzləşmişdi. Mənsur, Mədinə hakimi olan Məhəmməd ibn Süleymandan İmam Sadiqin (ə) şəhadət xəbərini eşitdikdən sonra ona bir məktub yazıb bildirdi ki, əgər Cəfər ibn Məhəmməd öz yerinə bir nəfər canişin təyin edibsə, onu çağırtdır və boynunu vur!
Çox çəkmədi ki, Mədinə hakimi Bağdada aşağıdakı məzmunda bir məktub yazdı: “Cəfər ibn Məhəmməd rəsmi şəkildə yazmış vəsiyyətnaməsində beş nəfəri öz canişini təyin etmişdir. O beş nəfər bunlardır:
Mənsur Dəvaniqi (dövrün xəlifəsi);
Məhəmməd ibn Süleyman (Mədinə hakimi və məktubu yazanın özü);
Abdullah ibn Cəfər ibn Məhəmməd (İmam Kazimin (ə) böyük qardaşı);
Musa ibn Cəfər (İmam Kazim (ə);
Həmidə (İmam Sadiqin (ə) həyat yoldaşı)”.
Mədinə hakimi bunları yazdıqdan sonra qeyd etmişdi ki, bunlardan hansını çağırıb boynunu vurdurum?
Vəziyyətin belə alınacağını gümanına belə gətirməyən Mənsur həddən artıq bərk qəzəblənib qışqırır ki, bunları öldürmək olmaz! (“Tarixül-xüləfa”, səh.259).
İmam Sadiqin (ə) bu vəsiyyətnaməsi tamamilə siyasi bir hərəkət idi. Çünki İmam Sadiq (ə) özündən sonrakı İmamı və öz canişinini qabaqcadan tərəfdarlarına tanıtdırmış (“Üsuli-kafi”, c. 1, səh. 310-311; “Biharül-ənvar”, c. 47, səh. 3; “Elamül-vəra”, səh. 299), lakin Mənsurun təhlükəli planlarından xəbərdar olduğu üçün yeddinci İmamın canını qorumaq məqsədilə vəsiyyətini bu şəkildə yazmışdı.