İmam Sadiqin (ə) Abbasilər qiyamının başçılarının təklifini qəbul etməməsinə səbəb onların həqiqi və əsl bir qiyam üçün lazım olan qüvvəyə malik olmamalarıdır. Onlar əsas qüvvələr deyildi ki, onların vasitəsi ilə əsl İslami bir hərəkata başçılıq etmək mümkün olsun. Əgər İmam Sadiqin (ə) ixtiyarında kifayət qədər qüvvə olsaydı, şübhəsiz ki, İmam qiyamın başçılığını öz öhdəsinə götürərdi.
Başqa sözlə desək, millətin fikri və əməli vəziyyətindən, eləcə də siyasi-ictimai durumundan xəbərdar olan İmam Sadiq (ə), siyasi mübarizə aparmaq üçün əlində olan imkan və qüdrəti silahlı qiyam edib əsl İslam hökuməti yaratmaq üçün qələbə qazanmağa kafi bilmir və imkanların məhdud olduğunu yaxşı anlayırdı. İmam Sadiqin (ə) səhabələrindən biri ilə etdiyi söhbət də yuxarıda deyilənləri təsdiq edir. Südeyr Seyrofi deyir ki, İmam Sadiqin (ə) yanına gedib dedim: “Nə üçün (sakit) oturmusunuz?” İmam buyurdu: “Südeyr, məgər nə hadisə baş vermişdir?”
Dedim: “Dost və tərəfdarlarının çoxluğu barədə deyirəm.”
— Səncə onlar neçə nəfər olar?
— Yüz min nəfər.
— Yüz min nəfər?
— Bəli, bəlkə də iki yüz min.
— İki yüz min?
— Bəli, bəlkə də dünyanın yarısı.”
Bu söhbətdən sonra İmam Sadiq (ə) Südeyrlə birlikdə Yənbə adlı bir yerə gələrək orada bir sürü keçi balası görüb buyurdu: “Südeyr, əgər bizim dost və tərəfdarlarımızın sayı bu keçi balaları qədər olsaydı, biz sakit oturmazdıq.”
Bu hədisdən belə nəticəyə gəlirik ki, İmam Sadiq (ə) təkcə hakimiyyətə gəlməyin kifayət etmədiyini, nə qədər ki, hökumət camaatın müxtəlif kütlələri tərəfindən himayə olunmur, köhnə rejimi aradan götürüb yeni - əsl İslami rejimin qurulmasının qeyri-mümkünlüyünü düşünürdü. İmamın söhbətindən belə anlaşılır ki, əgər o Həzrətin ixtiyarında düşmənə silahlı mübarizə yolu ilə qalib gəldikdən sonra İslami məqsədlərini həyata keçirə biləcək dost və tərəfdarları olsaydı, yəqin ki, silahlı mübarizəyə başlayardı. Ancaq zamanın şərait və vəziyyəti İmama bu fürsəti vermirdi. Mövcud şəraitdə hərəkat məğlubiyyətə uğramasaydı da, onun qələbə ilə nəticələnəcəyi də qəti deyildi.
(Mehdi Pişayi, “İmamların həyatı” kitabından)