İmam Hüseyn (ə) atasının hakimiyyəti dövründə siyasi və ictimai sahələrdə İmam Əli (ə) ilə çiyin-çiyinə çalışmışdır və bu illər ərzində baş vermiş hər üç döyüşdə fəal iştirak etmişdir.
Cəməl döyüşündə ordunun sol cinahının başçılığı İmam Hüseynin (ə) öhdəsində idi. Siffeyn döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədilə etdiyi çıxışlarda, istərsə də düşmənlə mübarizədə İmam əsas rol oynamışdır. Əbu Musa Əşəri ilə Əmr ibn As arasında gedən danışıqlarda da İmam Hüseyn (ə) Həzrət Əli (ə) tərəfindən seçilmiş əsas şahidlərdən biri idi.
İmam Hüseyn (ə) atasının şəhadətindən sonra zəmanənin rəhbər və İmamı - İmam Həsənlə (ə) birgə olmuşdur. İmam Həsənin (ə) ordusu Şama tərəf hərəkət edəndə, mübarizə meydanında İmam Hüseyn (ə) İmam Həsənlə (ə) çiyin-çiyinə olmuşdur. Müaviyə İmam Həsənə (ə) sülh təklif etdikdə, İmam Həsən (ə) İmam Hüseyni (ə) və Abdullah ibn Cəfəri çağırıb bu təklif barədə onlarla məsləhət etdi. Nəhayət, sülh müqaviləsi bağlanandan sonra İmam Hüseyn (ə) qardaşı ilə birlikdə Mədinəyə qayıtdı və elə orada da yaşamağa başladı.