Mübarək Ramazan ayına artıq bir neçə gün qalıb. Ənənə üzrə yenə mövzuya uyğun müvafiq Quran ayələri, müvafiq hədislər xatırlanacaq. Allaha imanı olan hər kəsin bu aydan müəyyən gözləntisi var. Elə buna görə də səylə dualar ediləcək, günahlara qarşı daha diqqətli olacaq və ciddi sipər çəkiləcək. Amma nə qədər qəribə səslənsə də, bu mübarək ayda mütəal Allahın da bizdən gözləntiləri var. Bu gözləntilər sırasında isə ümmətin vəhdəti naminə atılan addımlar (söhbət, əlbəttə ki, səmimi addımlardan gedir) xüsusi yer tutur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” (Ali-İmran, 103)...
Bu günlərdə sosial şəbəkələrin Azərbaycan seqmentində Türkiyə cəfərilərinin lideri Səlahəddin Özgündüzün vəhdət mövzusunda etdiyi çıxış geniş müzakirələrə səbəb oldu. Onu həm qınayan oldu (belələri çoxluq təşkil etdi), həm də təqdir edən. Bu məsələyə dair biz də bir-iki kəlmə əlavə etmək istərdik.
Birincisi. İslamın 14 əsrlik tarixi bizi günümüzün reallığı ilə üz-üzə qoyub. Ümmət müxtəlif məzhəblərə, cərəyanlara və qruplara parçalanıb. Kimsə önə çıxıb “mən müsəlmanların hamısını bir bayraq altında birləşdirəcəm” desə, əlbəttə ki, ona ağılı olan heç kim inanmayacaq. Çünki bu, mümkünsüz bir işdir. Qeyd etdiyimiz kimi, bizim 14 əsrlik parçalanma tariximiz var. Əqidələr, nəzərlər, fiqhi məsələlər o dərəcədə oturuşub ki, nəyi isə kardinal surətdə dəyişmək qeyri-mümkündür. Odur ki, istər Səlahəddin Özgündüz, istərsə də digər fərd olsun, - bir, hətta on nəfərin mövqeyi ənənəni silkələyə bilmyəcək. Bu səbəbdən də belə çıxışlara da müvafiq yanaşmaq lazımdır. Hər kəsin müəyyən məsələyə dair fikri ola bilər. Bu, Səlahəddin hocanın nəzəridir. Və razılaşaq ki, onun dini sahədə söz deməyə haqqı var. Ən azından ona görə ki, dövrünün ən böyük fəqihi və mərce-təqlidi olan mərhum Ayətullahul-Uzma Seyid Əbülqasim Xoyi, Ayətullah Seyid Ruhullah Xomeyni, Ayətullah Seyid Abdullah Şirazi kimi alimlərin dərslərində iştirak edib və buradakı elmi müzakirələrdən faydalanıb.
İkincisi. Səlahəddin Özgündüzün Türkiyədə cəfəriliyin təbliğində, mütəşəkkil qüvvəyə çevrilməsində və formalaşmasında müstəsna xidmətləri var. Hər il Aşura mövsümündə təşkil edilən möhtəşəm əza məclislərinin ərsəyə gəlməsi də Səlahəddin bəysiz ötüşməyib. Razılaşaq ki, böyük əksəriyyəti əhli-sünnə olan Türkiyədə belə bir addımı atmaq üçün böyük iman və Əhli-beyt (ə) sevgisi lazımdır. Bunları da bir anın içində unutmaq düzgün deyil. Odur ki, “baltalamayın”, insafınız olsun.
Sonda isə öz tərəfimizdən bir daha müsəlmanları məzhəb mənsubiyyətindən asılı olmayaraq vəhdətə dəvət edirik. Deyirlər ki, bəndənin Allaha ən yaxın olduğu an onun səcdə halında olduğu məqamdır. Gəlin, bir-birimizi elə səcdə halında olaraq görək. Axı müsəlmanın səcdə halında olduğu zaman onun hansı məzhəbə mənsub olduğunu kənardan təyin etmək mümkünsüzdür. Onun müsəlman olduğunu isə dəqiq demək olar. Odur ki, gəlin Allahın birləşdirilməsini əmr etdiyini bu mübarək Ramazan ayında birləşdirməyə çalışaq. Hərə öz miqyasında. Bunu etmiriksə də, heç olmasa birləşməsi zəruri olanı parçalamayaq, kinimizi, zəhərimizi, tikanlı söz və atmacalarımızı din qardaşlarımıza deyil, düşmənlərimizə yönəldək.