Allahın bəndələri üçün müəyyən etdiyi konkret qanunlar toplusu mövcuddur. Bir qismini mütləq icra etməlisən, bir qisim əməllərdən isə mütləq surətdə çəkinməlisən. Vaciblərə əməl edən, qadağalardan çəkinən artıq Allahın göstərdiyi yolla irəlilədiyini yəqin etməlidir. Amma bir nüansa diqqət yetirmək istərdim. Əvvəlcədən də qeyd edim ki, bu, nə şəri məsələlərə kölgə salmaq cəhdidir, nə də alimlərimizin, müctəhidlərimizin fikir və rəylərini şübhə altına almaq istəyi, necə deyərlər, o sahədə hər şey yerindədir...
Təsəvvür edin ki, bir zəngin dindar bütün dini vergiləri (zəkat, xüms, sədəqə) vaxtı-vaxtında ödəyir. Qəti gecikdirmir. Bütün bu ödəmələrdən sonra da zənginliyinə bir xələl gəlmir, maşallah, pulunu balta kəsməz. Amma bu zəngin dindar çox ağır şəraitdə yaşayan qonşusundan bir dəfə də olsa maddi durumu barədə maraqlanmayıb. Hərçənd, onun vəziyyətindən halidir. Ya da öz nəhəng həyətyanı sahəsinə neçə kilometrlik su kəməri çəkdirib. Yayda ətrafdakılar susuzluqdan inləyəndə, bunun tükü də tərpənmir. Nəyinə lazımdı ki? Xümsu verib, zəkatı ödəyib, yeri gələndə sədəqə də verir. Hər il də həccə gedir, bir dəfə də bu fürsəti əldən verməyib. Suyu haqq etməyibmi?...
Bir daha qeyd edim ki, məqsədim şəriəti müzakirəyə çıxarmaq deyil. Sadəcə maraqlıdır: bəs belə insanların vicdanı nə deyir? Susur? Ya özləri susdururlar?...
P.S. Bir seyid tanıyıram. Bakının ucqar yerində məskən salıb. Bir neçə il bundan əvvəl bütün məhəllə susuzluqdan inləyəndə ona bir nəfər eksklüziv su xətti çəkməyi təklif edib: çox hörmətli adamdı bu seyid. Amma o, imtina edib. Deyib ki, “ayıbdır, müsəlmana yaraşmaz bu. Mən su işlədim, kef edim, camaat isə susuz qalsın. Allaha acıq gedər... Gedin, bütün camaata su çəkin”. Sizcə, bu seyid haqlıdır, ya söz açdığım mücərrəd hacılarımız?