Din elə bir sahədir ki, ondan heç kim yan ötə bilmir. Nə qədər qatı ateist olsa da, zaman-zaman yaxınlarının dəfn mərasimində dünya görüşünə zidd olan ayinlərə şahidlik edir, çoxu da nəhayətdə elə dinin buyurduğu kimi dünya ilə vidalaşır – pambıqla, kafurla, sidrlə...
Bunu hamı yaxşı anlayır və müxtəlif ictimai formasiyalarda hakimiyyət uğrunda gedən savaşlar zamanı dindən çox məharətlə istifadə edilib və edilir. Uzağa getməyərək hələ də tam məhv edilməmiş İŞİD bəlasını xatırlamaq yetərlidir. Dünyanın müxtəlif bölgələrindən minlərlə müsəlman, xüsusən də gənclər uzaq məsafə qət edərək İraq və Suriyaya “Allahın razılığını qazanmaq” niyyəti ilə dinc sakinləri qətl etməyə yolandılar. Niyə? Çünki din onlara belə təqdim edilmişdir, onlar İslamı belə tanımışdılar. Cəmiyyətin, dövlətin dinə münasibəti də fərq etmir. Cəmiyyət və dövlət dinə əhəmiyyət verməyə bilər, vətəndaşların böyük əksəriyyəti dindar olmaya bilər. Ancaq günlərin bir günü din özü haqqında xatırladacaq. Vay o günə ki, bu xatırlatma İŞİD xatırlatması kimi olsun. Deməli, dinin təbliğatı olduqca önəmli, hətta deyərdik ki, həyati əhəmiyyətli məsələdir. Deməli, dini təbliğ edənlərin üzərinə çox böyük məsuliyyət düşür. Bəs bu gün Azərbaycanda dini təbliğ edənlər kimdir?
Şərti olaraq dini təbliğatçıları iki böyük qrupa bölə bilərik: peşəkarlar və həvəskarlar. Öz növbəsində bu iki qrup da xırda alt qruplara bölünür (Biz onların hamısını dərin təhlil etmək niyyətində deyilik. Konkret hədəfimiz var). Həvəskarları bir kənara qoyaraq peşəkarlardan başlayaq. Onların sırasında həm Azərbaycanda təhsil almış fərdlər var, həm də xaricdə. Yerli təhsil ocaqlarının yetirmələrinə çox diqqət ayırmayaraq sadəcə qeyd edək ki, onların arasında müasir dövrün nəbzini tutmağa bacaranlar da var (öz üzərində çalışan, sıravi dindarın maraq dairəsini anlayan), 19-20-ci əsrin Məlik Məmməd nağıllarında ilişib qalanlar da. Sonuncular İslama xidmətdən çox ziyan vururlar.
O ki qaldı xaricdə dini təhsil alıb Azərbaycana qayıdanlara, burada deyiləsi söz çoxdur. Hədəfimiz də elə onlardır.
Əvvəla etiraf etməliyik ki, mühit insana çox dərin təsir buraxır. Xaraktercə nə qədər möhkəm formalaşmış şəxs olsa da, yenə ətraf aura insanda iz buraxır. Nəzərə alsaq ki, xaricə dini təhsil ardınca gedənlərin böyük əksəriyyəti yeniyetmə və gənclər olur, o zaman qeyd etdiyimiz təsirin nəhəngliyini anlamaq çətin olmaz. Beş il, bəzən isə daha çox Səudiyyə Ərəbistanında, Türkiyədə, İranda, Misirdə yaşayan insan istər-istəməz dəyişir. Onun təfəkkürü də, dünyaya baxışı da, dəyərləri də transformasiyaya uğrayır. Xüsusən də nəzərə alsaq ki, təhsil müəssisəsi elə bu istiqamətdə ciddi səylər göstərir. Nəticədə bir müddətdən sonra onların bir qismi Azərbaycana alimlik, minbər, əlini öpdürmək iddiası ilə (əlbəttə ki, bu hamıya aid deyil) artıq yeni insan kimi qayıdır: qiyafəsi başqa, düşüncəsi fərqli, leksikasında əcaib ifadələr (burda söhbət danışıq zamanı sıravi azərbaycanlıya aydın olmayan ərəb və fars sözlərindən istifadədən getmir, - hərçənd bu da olmamalıdır, - bir neçə dilin sintezindən “yaradılan” ifadələr nəzərdə tutulur). Aydın məsələdir ki, belə fərqli insanların təbliğatı da, İslama yanaşması da fərqli olacaq, hərəsinin ağzından bir avaz gələcək. Necə ki, indi də gəlməkdədir. Təəccüblü də deyil: axı dəyərlər, dünya görüşü dəyişib. Onlar artıq nəinki adi azərbaycanlıdan, hətta bir-birindən uzaqdırlar. Nəticədə bu şəxslərin bəziləri minbərə yol tapdıqda paradoksal vəziyyət yaranır: biri deyir “oxu”, biri deyir “oxuma”. Bəzilərinin nitqini isə hətta ən peşəkar tərcüməçi belə doğma dilimizə çevirə bilmir. İndi gəl, baş aç bunlardan.
Əlbəttə ki, bu yazıda məqsəd xaricdə təhsili birmənalı şəkildə pisləmək, bunun qadağan olunmasını təbliğ etmək deyil. Amalımız başqadır. Daha doğrusu isə konkret təklifimiz var. Yəqin ki, xaricə dini təhsil ardınca gedənlərin yaşı 17-18 yox, 23-25 olsa daha məqbul olardı. Gənclərimiz Azərbaycanda İslam haqqında ilkin biliklərə yiyələndikdən, bu sahə barədə artıq fikir formalaşdırdıqdan sonra Misirə, İrana, Türkiyəyə və s. ölkələrə üz tutmalıdırlar. O zaman xarici amilin təsiri qat-qat azalar, ən azından oxuyub geri qayıdanlar da səlis Azərbaycan dilində danışmağı unutmazlar. Eyni zamanda daha təcrübəli insanın beynini zəhərləmək də o qədər asan olmayacaq. Bu isə hamımıza faydalıdır: həm dindara, həm dünyəviyə, həm dövlətçiliyə, həm də İslamın özünə.
Odur ki, Azərbaycanda təkcə universitet deyil, məhz hövzə, mədrəsə üslubunda təhsil verəcək yüksək səviyyəli tədris müəssisələrinə də ehtiyac var. Onların da üzərində düşünməli, onların təsisini və təşkilini gücləndirmək lazımdır.
V.Əliyev