“Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişində jurnalist Mirismayıl Xələflinin 7-ci sinifdə oxuyan qızla nişanlanması, 17 yaşına çatdıqda isə onunla evlənməsi və təhsil almağa icazə verməməsi barədə sözləri istər veriliş əsnasında, istərsə də daha sonra sosial şəbəkələrdə müzakirələr zamanı geniş rezonans doğurub. Fikir söyləyənlər iki düşərgəyə bölünüb ki, hərəsinin öz arqumentləri mövcuddur. Yaxşı, bəs həqiqət haradadır? Optimal, “orta yol” hansıdır?
Əvvəla qeyd edək ki, cəmiyyətimizin mənəvi baxımdan hər gün tənəzzülə uğraması danılmaz faktdır. 10-15 il əvvəl ancaq pozğun qadınlara xas olan geyimlər və davranış bu gün paytaxt küçələrinin, ofislərin, toylxanaların ənənəvi atributuna çevrilib. Bu çevriliş birdən-birə olmadı, elə bu səbəbdən də çoxu bunun fərqinə varmadı və varmır da. Ancaq fakt faktlığında qalır. Abır, həya, isməti lazımsız söz toplusu kimi qəbul etməyənlər də məhz qeyd etdiyimiz tendensiyadan ehtiyatlanır, özünü və yaxınlarını cəmiyyətin zəhərli təsirindən qorumağa çalışır. Bu gün elan saytlarında gimenoplastika (qızlıq pərdəsinin bərpası) xidmətlərini təklif edən ginekoloqlar müştəri ovuna çıxıblar. Uzunmüddətli bərpanın qiyməti 1000 manat, qısamüddətli isə (toy ərəfəsində, 3 günlük) – 500 manat. Təsəvvür edirsiniz? Cəmi 500 manat və... gəlin gəlininizi aparın, ay qaynana, ay qayınata! “Abırlı”, “həyalı”, “pak”!..
İndi bütün bunları görən, bilən, eşidən normal düşüncəli azərbaycanlı kişisi ailə qurarkən yüz ölçüb bir biçməlidir ya yox? Belə “gəlinlərin” toruna düşmək ehtimalı var ya yox? Və düşməmək üçün tədbir görülməlidir ya yox? Axı təklif varsa, deməli tələbatdan irəli gəlir. Deməli artıq belə 1000 manatlıq, 500 manatlıq “qızlar” hansısa kişiləri “xoşbəxt” ediblər... Odur ki, bəziləri “dəmiri isti-isti döyür”.
Amma məsələnin digər tərəfi də var. Qadın da kişi kimi Allahın yaratdığı varlıqdır. Onun da haqları, hüquqları, tam və dolğun həyat sürmək ixtiyarı var. Hamı qızını, gəlinini, bacısını 13-14 yaşından təhsildən ayırıb ailə daxilində qapasa, onun təhsil almasına, əmək fəaliyyətinə icazə verməsə, ona kəniz kimi yanaşsa, cəmiyyətdə çox ciddi fəsadlar yarana bilər. Eyni zamanda belə davranış insan həyatının puç, bəzən isə insanın tam bədbəxt edilməsi, savadsız ana isə savadsız övladlar deməkdir.
Deməli, fəsad nə qədər güclü və əhatəli olsa da, sırf qadağalar və məhdudiyyətlərlə məsələni həll etmək mümkün deyil. Allah hər kəsə ağıl, düşünmək qabiliyyəti verib. Ondan yararlanaraq, heç kimin haqqını tapdamayaraq, həyatını alt-üst etməyərək dirəndiyimiz dalandan çıxış yolu tapmaq mümkündür. Ataların dediyi “nə şiş yansın, nə kabab” deyimi tam yerinə düşür burada.