“İndi sensasiyadan yazmaq lazımdır... Bax, yağdı yağış, “i tut je” çıxdı Günəş!” Mərhum sənətkarımız Yaşar Nurinin “Ordan-burdan” tamaşasında canlandırdığı fotoqraf Əli bəyin dostu, jurnalist Həmidə yazı mövzusuna dair verdiyi nəsihəti, yəqin ki, xatırladınız.
Günümüzdə Əli bəyin məsləhətini həyatının şüarı eləmiş o qədər insan var ki! Sensasiya bazarında bir basabas, bir vur-çatlasındı ki! Burda bir-birini ayağından çəkərək, yaxasını cıraraq, ətini didərək hamı yuxarı, sensasiya zirvəsinə dırmanmağa, gündəmə gəlməyə, özünü camaatın gözünə soxmağa can atır. Müxtəlif peşə sahiblərinə rast gəlmək mümkündür bu bazarda. Şou-biznes adamlarından deputata qədər, ilahiyyatçıdan şairə qədər. Amma fikirləri, amalları eynidir: “bomba” partlatmaq, gündəmi zəbt etmək. İnsafən deyək ki, arzularına bu yolla çatanlar da az deyil, hətta bəziləri əsl peşəkara çevriliblər. Məsələn, keçən həftə bir “ilahiyyatçı” haqqında yazmışdıq. Adam bu işin uzmanlarındandır. Gəlir, bir atmaca atır, çəkilir kənara. Vəssalam. Gündəm bunundur! Amma indi bu yolda “irəliləyənlərimiz” yaman çoxalıb.
Bu günlərdə daha bir sensasiya acgözü növbəti fəndini işlətdi. Özünü şair adlandıran Emin Pirinin sosial şəbəkədə paylaşdığı status istədiyi effekti verib: hətta biz ondan söz açırıq. Bu “qəhrəman” belə yazıb: “30 iyun geydirmə sevgi söhbətini kim çıxarıb? Ümumiyyətlə, o qadını orda niyə basdırıblar? Bu biabırçılıqdı”.
Qeyd edək ki, 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədar bu tarix ölkəmizdə “Sevgililər günü” kimi qeyd edilir.
Belə baxanda, Piri ilə digərlərinin heç fərqi yoxdur. Sıradan olan dəyərləri təhqir etməklə indi heç kimi təəccübləndirmək mümkün deyil. Odur ki, nəhəng hədəflər olmalıdır: Qıran, Peyğəmbər, pirlər, şəhidlər...
Əslində, bu insanlar daxili çürüklüyünü hətta özləri də etiraf edirlər. Məsələn, bu Piri müsahibələrin birində deyir: “Bir gün durğun vaxtın olacaq, gündəmə gəlmək istəyəcəksən, ancaq alternativin yoxdur, qalmaqal yaradacaq sözün qalmayıb. Mən də bu baxımından bütün alternativlərimi gələcəyə saxlamışam... Mənim bir neçə gün gündəm olacaq ehtiyat qalmaqallarım var... Düşünürlər ki, qalmaqala daha çox diqqət var”.
Belə. Adam özünü tam çılpaqlığı ilə təqdim edib. Həyatını da bu müstəvidə qurur. Amma bir məqam var. Özünü şair sayan birisinin belə hərəkətlərinə bəraət qazandırmasaq da, onu anlaya bilərik. Günümüzdə əksəriyyət “şair” sözünə sinonim kimi “içki düşkünü” söz birləşməsini göstərir (yeri gəlmişkən, qəribə tendensiya yaranıb. Guya əsl sənətkar mütləq “vurmalıdır”. Daha bu bədbəxtlər barmaqlarını və ya başqa yerlərini dişləyib yada salmırlar ki, ay dili qafil, axı Nizami, Füzuli, Nəsimi “alkaş” olmayıblar). İndi Allah bilir, bu Piri danışanda ayıq olub ya içkili. Nə isə... Lakin sensasiya axtarışı, “bomba” partladılması özünü ilahiyyatçı kimi təqdim edən birisinin şakərinə çevrilirsə, ciddi düşünməyinə dəyər. Əvvəla, onu ilahiyyatçı kimi təqdim edilməsi barədə. İkincisi, onu ilahiyyatçı kimi qəbul edən dini cameənin adekvatlığı barədə. Üçüncüsü isə, ümumiyyətlə belələrinin tribunaya necə yol tapması barədə. Öz aramızdı, kifayət qədər aktual suallardır.