Türkiyənin məşhur müğənnisi və rejissoru Mahsun Kırmızıgül jurnalistlər qarşısında çıxış edərkən Bakıdan danışıb. Bu dəfə adət etdiyimiz tərif olmayıb. Kırmızıgül “qırmızı-qırmızı” bizi tənqid edib: “Bakı çox dəyişib, küçələr, şəhərin memarlıq quruluşu çox dəyişib. Çox sevinirəm bu inkişafa görə. Amma inkişaf tək binalarla olmur. Mədəniyyət də inkişaf etməlidir”.
Əlbəttə, vətənpərvərlik nümayiş etdirərək qonağa bizim gözümüzdə saman çöpü axtarmamağı, gəldiyi yerlərin “qırmızı zonalarından” danışmağın daha məqsədəuyğun olduğunu, “qırmızı xətləri” keçməməyi məsləhət görə bilərdik. Amma min məddah və qeyri-səmimi dostdansa düşndüyünü dilə gətirən bir qonağın daha üstün olduğuna inam bəslədiyimiz üçün bütün bunları demirik. Sadəcə olaraq deyilənlər haqqında düşünməyə çalışırıq. Əcəba türkiyəli sənətkar nə üçün belə deyib? Və, etiraf edək ki, cavab variantlarımız nə bir deyil, nə də iki.
Bəlkə Kırmızıgül “ças pik”də avtobus və ya metrodan istifadə edib? Olur da, bəzən sənət adamları təəssüratlarını zənginləşdirmək üçün sadə xalqla ünsiyyət qurmağa, dünyaya onların gözü ilə baxmağa çalışırlar. Əgər Kırmızıgül belə bir səhvə yol veribsə, onu qınamağına dəyməz. Ya sürücü əsəbi halda ona “arkadaş, ayağuvu sal içəri qapını bağlıyım rədd olaq gedək da!” deyə bağırıb, ya da sərnişinlərdən kimsə “ala İstanbulda döyülsən e, nə şişirtmisən özüvü, bir az sıxlaş da!” məsləhətini verərək qapıdan salona “sıxlaşdırıb”.
Ya bəlkə Kırmızıgül burda yas mərasimində iştirak edib? Ola bilər da. Baxıb ki, molla Allahdan, imandan, Qurandan bəhs edərkən məclis əhli ona heç əhəmiyyət vermir, hərə öz probleminin həlli ilə məşğuldur. Bura da yas mərasimindən daha çox “Kapalı çarşı”ya bənzəyir.
Yox, yəqin Kırmızıgülü toya dəvət ediblər. Hörmətli qonağdı axı! Toyda da buna uzağı yarım saat layiq olduğu diqqəti ayıra biliblər. Sonra deyilən sağlıqları bir deyən eşidib, bir də tamada. Sonda da qarnı qlobusu xatırladan bir pəzəvəng səndələyə-səndələyə gəlib bu Kırmızıgülün əyləşdiyi masanın üstünə 5-6 “yüzlük” atıb ki, bəs, “ayə, ay Sarıköynəksən, Yaşılbaş sonasan, nə zibilsən! Sən dədön goru, dur bizə bir “Milyon alıx roz” oxu görüm!.. Hay? Başarmırsan? Ayə, onda “Qanqam stayl” oxu və oyna!”
Bəlkə Kırmızıgül Bakı küçələrində heç bir utanc hissi keçirmədən damağında siqaret, bədənini sərgiyə çıxararaq, dikdaban çəkmələr üzərində naşıcasına gəzişən “qadınlara” rast gəlib? Ürəyində elə “Ya, olmaz böylə bir şey! Yakışdırmadım Baküyə!” demək istəyərkən bu “qadınlardan” biri ona “nə baxırsan, alə? ... görməmisən?” deyərək “qulaqburma” verib. Və yalnız bundan sonra Kırmızıgül anlayıb ki, sən demə bu “qadınlar” o düşündüyü “qadınların” yolunu getsələr də, əslində qadın deyillər.
Ya bəlkə... Nə isə. Özümüzü yormayaq. Elə sizi də. Bu "bəlkələr" çoxdu, lap çox. Kırmızıgül gərək konkretləşdirəydi. İndi biz nə bilək söhbət nədən gedir?
P.S. Bəlkə səhv edir, ümumiyyətlə, hə? Əşi, Kırmızıgüldü da, danışır... Az idi arıq-uruq, biri də gəldi dabanı cırıq.