Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.
Nizami
Hər bir şeyin ifratı eybəcərdir. Xüsusən də bu ifrat dini sahədə müşahidə olunursa. Allaha bağlılıq, hər bir işdə Allahın təqdirinin olmasına inam, ruzinin də, imtahanların da Allahdan gəlməsinə əminlik gözəl xüsusiyyətlərdir. Ancaq yenə də, məncə ifratdan qorunmaq lazımdır.
Həyatlarını İslam qanunları ilə tənzimləyən, Allahın halal və haramlarına olduqca həssas yanaşan insanlarımız çoxdur. Onların zahiri görünüşü, gündəlik davranışları, cəmiyyətdə formalaşdırdıqları imicin özü İslamın vacib buyurduğu yaxşılıqlara dəvət və pisliklərdən çəkindirməkdir. Amma təəssüflər olsun ki, bəzən məhz şəriət qayda-qanunlarına olduqca həssas yanaşanların dünya məsələlərindəki mövqeyi hətta sıravi insanları da xeyli təəccübləndirir. Son zamanlar müşahidə etdiyim və şahidi olduğum bir problemə diqqət çəkmək istərdim.
Artıq qeyd etdiyim kimi, dini müstəvidə həyatını tənzimləyən insan üçün ruzisinin, hər bir yaxşılığın və gözəliiyin əzəli mənbəyi Allah olması şübhə doğurmur. Bunun müqabilində də bəndə hər bir yaxşılıq əta olunduqda gizlində və ya aşkarda Rəbbinə şükür edir. Bu çox gözəl xüsusiyyətdir. Ancaq hərdən Allaha ünvanlanan şükürlərin arxasında Tanrının nemətini bizə gətirib yetişdirən vasitələr unudulur. Hansısa insan vasitəsi ilə ruzi əldə ediriksə edək, hansı insanın vasitəsi ilə olursa olsun hansısa zirvəni fəth ediriksə, o insanın haqqını ödəməyi də unutmamalıyıq. “Haqq” deyəndə mən nə “şapka”, nə də “otkat” nəzərdə tutmuram. Ən azından o insana təşəkkür etməliyik axı! “Onun borcudu da!”, “Allah mənim ruzimi onun vasitəsi ilə göndərib, onluq nə var ki?”, “O olmayacaqdı, Allah başqasını yollayacaqdı” kimi mülahizələr, zənnimcə, kökündən səhvdir və İslamın bizlərə aşıladığı ümumu ruhiyyə ilə qətiyyən uzlaşmır. Mən təklif etmirəm ki hamılıqla Allahı unudub bir balaca maddi imkanı və ya vəzifəsi olanların qarşısında səcdə qılaq, onları mədh edək. Qətiyyən! Amma vəzifəsindən və bizə nisbətdə səlahiyyətlərindən asılı olmayaraq zərrə qədər yaxşılıq edənə ən az təşəkkürümüzü bildirməliyik.
Mən ərəb dili bilicisi deyiləm. Amma bildiyim qədəri ilə “şükür” və “təşəkkür” sözləri ərəb mənşəlidir və elə ərəbcə də faktiki olaraq eyni məna kəsb edirlər. Allaha şükür etmək – yəni Allaha təşəkkürünü bildirmək anlamına gəlir. Ancaq biz heç vaxt “Ay Allah, sənə çox təşəkkür edirəm!” və ya “Filankəs, sənə min şükür!” demirik. Allahın Allah payı, bəndənin isə bəndə payı var. Gözəl Azərbaycan dilimzdə də bu çox gözəl bölüşdürülüb. Bu həm də xalqımızın müdrikliyindən, milli adət-ənənələrimizin nə dərəcədə İslama bağlılığından xəbər verir. Bəs elə biz də İslama və milli köklərimizə zidd rəftara yol verməyək. Şükürə layiq Olana şükür edək, təşəkkürə layiq olanlara isə təşəkkürümüzü bildirək.
P.S. Istər şiə, istərsə də sünni mənbələrində mövzuya aid Peyğəmbərimizdən nəql olunan hədislərin məzmununu ümumiləşdirərək deyə bilərik: bəndənin təşəkkürünü layiqincə yerinə yetirməyən bəndənin Allaha ünvanladığı şükür də hardasa kosmik fəzada dolaşaraq o Dərgaha yetişməyəcək. Elə hey o yana bu yana vurnuxacaq. Ta o vaxta qədər ki, yerdəki vasitəyə haqqı əta edilsin. Bəlkə onda nəsə dəyişdi...