Məhərrəmlik ayı başlayanda dini cameədə də “Aşura dərsləri” mövzusunda müzakirələrə start verilir. KİV-də, sosial şəbəkələrdə, məscidlərdə, dindarların dar çərçivədə təşkil etdikləri məclislərdə İmam Hüseyn (ə) hərəkatının biz, sıravı müsəlmanlara nə kimi ismarıclar buraxdığı haqqında fikirlər bölüşülür. İrfan, fəlsəfə, kiçik və böyük qeybət dövrü, Allahın sifətləri və s. böyük və geniş əhatə dairəsi olan söhbətlərin şahidi oluruq. Amma mən bu böyük mövzulara toxunmaq istəmirəm. İstəyirəm ilk baxışdan kiçik, çox zaman diqqət yetirmədiyimiz, təəssüf ki, bəlkə artıq adət etdiyimiz problemdən (kimlərsə bunu artıq heç problem də saymır) danışaq.
Zehninizdə ötüb-keçənləri ani vərəqləyin, lütfən. Və dini cameədə təşkil edilən məclis və ya tədbirlərin əvvəlcədən müəyyən edilmiş zamanda başlamasına şahid olduğunuz faktları sayın. Heç bir mübaliğəyə yol vermədən deyim: belə bir şeyə şəxsən mən hələ rast gəlməmişəm! Mütləq yubanma olmalıdır. Hətta deyərdim ki, bu yubanma artıq sanki bir vizit vərəqəmizə çevrilib. Bəzi tədbirlər hətta 1 saat gecikmə ilə başlayıb. Ən maraqlısı isə, çox nadir hallarda təşkilatçılar toplaşanların haqqını tapdadığına görə üzr istəyib, halallıq almağa çalışıblar. Artiq belə bir fikir formalaşıb: əgər məclis 5-10 dəqiqəlik gecikmə ilə başlayırsa, bu heç gecikmə deyil. Hər şey elə belə də olmalıdır.
Amma bu nizamsızlığın müəllifləri bir qayda olaraq haqqun-nasdan söz açmağı sevir, yeri gəldi-gəlmədi halal-harama nə dərəcədə həssas olduqlarını nümayiş etdirirlər. Əcəb! Bəs elə isə masa üzərindəki qələmin kimə məxsus olduğunu bilmədikdə onu götürüb vərəqdə “əlif” yazmağı özünə rəva bilməyən müsəlman, 10, 20, bəzən isə yüzlərlə insanın 10, 20, bəzən isə saatlarla vaxtını itirməsinə niyə barmaqarası baxır? “Aşura dərslərində” irfandan bəhs edənə belə davranış yaraşarmı? Ya Aşura günü qara geyinib “Kaş bu gün bu dəmdə Olaydım Kərbəlada” deyən müsəlman hesab edir ki hicrətin 61-ci ilində imam Hüseyn (ə) karvana “dur!” əmri verib səhabələri və peyğəmbər övladları ilə birlikdə onu saatlarla gözləməli idi? Ya vəd olunmuş yerdə karvanı görməyincə “bəs məni niyə gözləmədin, ağa?” deyib yenə qarşı tərəfi ittiham edəcəkdi?
Şəhidlər seyyidinin atası Həzrət Əli (ə) buyurub: “Haqq nizamsız olanda, batil nizamlı olanda, batilin haqqa qalib gəlməsi haqdandır“. Bu gün, demək olar, hər yerdə, planetimizin hər guşəsində imamımızın bu sözlərinin nə dərəcədə real həyata keçməsinə şahidlik edirik. Haqq nizamsızdır və bu xislət müsəlman ümmətinin maarifsizlikdən sonra, bəlkə də, ən böyük bəlasıdır.
Kimsə “Aşuranı bu dərəcədə cılızlaşdırmaq olmaz” söyləyəcək. Hər kəsin haqqıdır. Amma bir mətləbi xatırlatmaqla bu yazımı yekunlaşdırmaq istərdim. Mərsiyəxan “Kaş bu gün bu dəmdə Olaydım Kərbəlada” söyləyərkən eşidənlərin hamısı ona səs verir. Hüsnü-zənn edək, inanaq ki, hamı bunu tam səmimiyyətlə deyir. Hərçənd, yerinə yetirilməsi mümkünsüzdür, imkanlarımız fövqündədir.
Ancaq imkanlarımız daxilində olan məsələlər də var. Nizamlı olmaq, çalışdığımız sahədə, təhsildə, məişətdə, təşkilatlanmaqda nizam-intizama riayət etmək, intellektual potensialımızı nizamlı surətdə yüksəltmək, nəinki İslamdakı məzhəblər arasında, hətta məzhəblər daxilindəki parçalanmalar və qarşıdurmaların aradan qaldırılmasında nizamlı olmaq, verdiyimiz vədlərə “öldü var, döndü yoxdur” prinsipi ilə yanaşmaq, başqalarının haqqını tapdamamaq və bu haqqa hörmətlə yanaşmaq, bu haqq məsələsində “qırmızı xətti” keçdikdə isə, ən azından özümüzü müqəssir saymaq və halallaşmağa can atmaq.
Fikrimcə, “Kaş bu gün bu dəmdə Olaydım Kərbəlada” əlçatmaz arzusu ilə yaşamaqdansa, dünyanın bütün zalımlarını qılıncdan keçirmək xülyasını beyində cilvələndirməkdənsə, başqa sözlə, göyün yeddinci qatında qanad çalmaqdan, nağıllar aləmində yaşamaqdansa reallığa dönmək daha yaxşıdır. Pilləkansız nərdivan olmur. Zirvəyə çıxmaq üçün addım-addım irəliləmək lazımdır.