Biri var idi, biri yox idi. Qədim Odlar Yurdu Azərbaycanda Sumqayıt şəhəri var idi. Bu şəhərdə aydan arı, sudan duru, mötədil, sülhsevər, hakimə üsyan etməyən sələfilər yaşayırdılar. Amma nədənsə camaat bunların hamıdan üstün olmasını anlamır, onlara layiq olduqları məhəbbət və ehtiramı bəsləmir, onları ümumiyyətlə “vəhhabi” kimi tanıyırdılar. Təəssüf...
Elə həmin şəhərdə başqa bir dəstə də yaşayırdı – xəvariclər. Bəzən bu bisavad camaat zahiri görünüşlərini əsas tutaraq onları sələfilərlə səhv salırdılar. Amma sələfilər qətiyyətlə özlərini xəvaricdən uzaq tutmağa çalışırdılar. Xəvaric də özünü aydan arı, sudan duru tutmağa çalışır, ara sıra səsləri Suriyadan və İraqdan gəlir, bəzən isə ordan səsləri yox, ordakı yerlilər tərəfindən öldürüləndən sonra fotoları gəlirdi. Amma bu iki qrupu birləşdirən bir xüsusiyyət var idi ki, bu da “əsl İslamın” məhz onlar tərəfindən yaşanması və təbliğ edilməsi iddiası idi. Nə isə...
Günlərin birində, daha dəqiq desək 2013-cü il dekabrın 11-də saat 20.30 radələrində, bu iki aydan arı, sudan duru qrupun təmsilçiləri “Nisa” surəsinin 60-cı ayəsində buyurulan “hökm yalnız Allaha məxsusdur” ifadəsinə aydınlıq gətirmək üçün bir araya gəldilər. Necə deyərlər, elmi bəhsə rəvac vermək istədilər. Bəs elmi bəhs üçün nə lazımdır? Elmi bəhsə, Quran, Allahın Zatı, şəriət, surə və ayələr haqqında danışmaq üçün əsl mömin, əsl müsəlman, “əsl İslamı” yaşayan bəndə nə ilə gedər? Quranla? Hədislər toplusu ilə? Tapmadınız! Bəlkə də bunun səbəbi “əsl İslamdan” uzaq olmağınızdır. Amma onlar bilirlər “əsl İslam” nədir! Buna görə də Quran ayəsinin təfsiri ətrafında yaranmış fikir ayrılığını aradan qaldırmaq üçün özləri ilə avtomat və “F-1” qumbarasını götürdülər. Əsl müsəlmanın elmi müstəvidə apardığı polemikaya bundan fəzilətli dəstək ola bilərmi? Təbii ki... İstədim “yox” yazım. Amma düşündüm ki, günaha bataram. Bəlkə də daha fəzilətliləri var. Məsələn, pulemyot, qumbaraatan, zenit qurğusu və s. Mən bilmirəm, nə bilim. Onlar bilər yenə, aydan arılar, sudan durular. Nə isə. “Hökm yalnız Allaha məxsusdur” buyuruğu ətrafında müzakirələr əsnasında avtomat və qumbara kimi elmi dəlillərdən istifadə edildi həmin axşam. Amma tərəflər konsensus əldə etməyiblər. İndi bu məsələyə Bakı Ağır Cinayətlər Məhkəməsi aydınlıq gətirməlidir. Hələ ki, proses davam edir...
P.S. Əgər əziz oxucu avtomat və “F-1” qumbarasının elmi bəhsə xəvariclər tərəfindən gətirildiyini düşünürsə, üzr istəyirəm, yanılır. Bu elmi atributlarla mötədil, sülhsevər, hakimə üsyan etməyən sələfilər silahlanıblarmış. Xəvariclər isə... Hesab edək ki, onlar bu elmi bəhsə hazırlıqsız gəliblər. Çünki üzvlərinin sədası Suriyadan, İraqdan gələn, şəxsi hesablarında onlarla kəsilmiş baş olan bir qrupun mümkün deyil ki ehtiyatda avtomat və “F-1” qumbarasından daha tutarlı dəlilləri olmasın...