Dünyanın müxtəlif yerlərində Peyğəmbər (s) ümmətinin başına gətirilən müsibətləri, din qardaşlarımızın bir-birinə güllə atdığını izlədikdə “Ayə, bu müsəlmanlar nə gündədilər!?” tipli ritorik sualları tez-tez eşidir, oxuyur və hətta veririk. Sanki bu müsəlmanlar yadplanetlilər, ən azından başqa Qitə sakinləridirlər. Amma “biz”in “mən”lərdən təşəkkül tapdığını xatırlasaq, o zaman sualı başqa cür verməliyik: “Mən nə gündəyəm?”
Bəli, bu gün müsəlmanların acınacaqlı vəziyyətdə olmalarında bizim hər birimizin öz payı var, mənim payım var. Müxtəlif kürsülərdən, simpoziumlardan, konfranslardan, FB statuslarından tez-tez vəhdətə çağırış eşidirik, imkan düşəndə hətta özümüz də bu prosesə töhfə veririk. Bu vəhdəti nəzəri cəhətdən əsaslandırır, perspektivlərini dəyərləndirir, belə bir hadisənin baş verəcəyi təqdirdə ümmətin necə qüvvətlənəcəyini, dünyanın siyasi gərdişində hansı öncül mövqelərə yiyələnəcəyini dilə gətiririk. Vəhdət problemi Peyğəmbərimizin (s) vəfatından dərhal sonra, bəlkə hələ o Həzrətin bu dünyada varlığı zamanı gündəmə gəlib, əsirlər boyu da müsəlmanların ən yaralı yeri olaraq qalıb. Amma zəmanəmizdə bu dərdimiz lap böyüyüb, yaramızın üzərinə tonlarla duz (oxu: bomba və raketlər) yağdırılıb. İndi vəhdətə daha çox ehtiyacımız var. Bəs nədir vəhdət? Hardan başlayır vəhdət? Biz, siz, mən bu vəhdət üçün nə edə bilərik, nə etməliyik?
Adətən vəhdət dedikdə sünni və şiə məzhəblərinin nümayəndələrinin ümumi dəyərlər ətrafında birləşməsi, qarşılıqlı hörmət nümayiş etdirməsi başa düşülür. Amma... Məncə bu məqsədə yetişmək üçün öncə hər kəs özündən başlamalıdır. Peyğəmbərin (s) çox xurma yeyən uşağın anasına buyurduğu sözlərin aktuallığı qorunmaqdadı. Allahın elçisi özü xurma yeyib bunun əksini hətta uşağa tövsiyyə etməyi rəva bilmədi. Amma biz özümüz aramızda vəhdət olmaya-olmaya ümmətin ən ağrılı probleminin həllinə başlamaq üçün qolumuzu çırmayırıq.
Bəli, bu gün Azərbaycanın dini cameəsində çox acınacaqlı vəziyyət yaranıb. Eyni məzhəbdə olanlar az qala bir-birini təkfir edirlər. Müxtəlif fikirlərə, çox təəssüf ki, dözümlülük müşahidə olunmur. Bəzən ölkəmizdə din sahəsində tanınmış simalar, dəyərli kitabların müəllifləri üz-üzə gəlirlər. Məsələ elmi bəhs ilə kifayətlənsəydi – nə problem? Amma nə yazıq ki, belə olmur. Bu hörmətli qardaşlarımız söz və mütaliə əhli olaraq sanki peşəkar və amansız əlbəyaxa döyüşçülər kimi qarşı tərəfin zəif yerlərini müəyyənləşdirir və ora sarsıdıcı zərbələr vurmağa çalışırlar. Əlbəttə ki, sözlə. İkibaşlı ifadələr, kinayəli ibarələr, atmacalar, opponentin dəlillərini qəti surətdə rədd etmək və sair. Hər kəsin də öz “dəstək qrupu” var. Hansısa ümumi məxrəcə gəlməkdən söz gedə bilməz.
Kimsə deyə bilər ki haqq hər şeydən üstündür, mən haqq tərəfdarıyam. Amma, əzizlər, axı opponentləriniz də bu yola elə eyni əqidə ilə çıxıblar. Bir də ki, əgər bu proseslərə “sona qədər gedəcəyəm!” şüarı ilə qatılsaq, o zaman hansı vəhdətdən söhbət gedə bilər? Peyğəmbər (s) bizə xitab etmək imkanı qazansaydı baş verənləri görüb “Əhsən!” deyərdimi? Biz belə davranışla kimi sevindiririk: Allahın dostlarını, yoxsa düşmənlərini? Bəlkə kifayətdi? “Atəşkəs” elan etməyin zamanı yetişmədimi?
P.S. Allah Ona üz tutanları bir-birinə qardaş görmək istəyir. Bəs biz davranışlarımızda bu istəyə müti olduğumuzu nümayiş etdiririkmi? Qardaşlarımızla qardaşcasınamı davranırıq? BİZ nə gündəyik?