Məəttəl qalmışam, vallah. Bir günün içində insanlar necə də mütəşəkkil surətdə “dinə gələrmiş”!? Səbəb isə Hacı Şahin Həsənlinin cinsin dəyişdirilməsinə dair “fətvasıdır”.
Kosmik surətlə xəbər saytları, hətta əyləncə portalları ilahiyyatçının məsələ ilə bağlı söylədiklərini tirajladılar, bəziləri qınaq dolu şərhlərini də əsirgəmədilər. Bir sözlə, heç gözlənilmədiyi halda yeni “ümummilli düşmən” və yeni “ümummilli ideya” tapıldı. Artıq qeyd etdiyim kimi, KİV bu proseslərdə müstəsna xidmət göstərdi. Burda bəzi maqamlar var ki, onları bölüşmək istərdim.
Əvvəla, zəruri qeyd: bu məsələnin məhz belə tərzdə təqdim olunmasının kökündə vəhhabi yönümlü medianın dayanması aydın məsələdir. Son aylar ərzində dəfələrlə Suriyada törətdikləri qanlı cinayətlərə şahidlik edən sadə azərbaycanlının təfəkküründə dönüş yaratmaq üçün belə ucuz tryuklara əl atılır. Eyni zamanda vəhhabi şeyxlərindən həftədə bir dəfə gələn gülünc və iyrənc fətvaları arxa plana keçirmək cəhdi də aşkardır. Bütün bunlar anlaşılandı. Amma... Vəhhabilərin canfəşanlığını, hiyləsini (Bu sual və bu cavab aylar öncə lentə alınıb. Bəs elə isə nə üçün məhz indi ortaya atılıb?) anlamaq olar. Təkfirçi həmişə öz məkirli siyasətini yürüdəcək və gec-tez şeytani simasını ortaya qoyacaq. Bəs dinə, İslama heç bir aidiyyatı olmayan saytlar, sayt rəhbərləri nə əl qatıblar özlərinə? Rəhbərlik etdikləri KİV-də əxlaqsızlıq, homoseksuallıq, eynicinslilərin izdivacının təşviqinə aludə olanlar indi hansı rolun, hansı havanın ifaçılarıdırlar? Azərbaycanda dini təmayüllü saytları çıxmaq şərti ilə erotik fotosessiyalar, bulvar xəbərlərinə yer verməyən xəbər saytlarını saymaq üçün bəlkə də bir əlin barmaqları yetər. Çox maraqlıdır ki, hansısa müğənninin yataq səhnələrinin fotolarını dərc etməkdən çəkinməyən saytlar qəfildən milli mentaliteti, mənəvi dəyərlərimizi xatırlayaraq Hacı Şahin Həsənliyə əxlaq dərsi verməyə qalxdılar. Özü də dindən, şəriətdən, ümumiyyətlə müzakirə olunan məsələnin məğzindən xəbərləri olmadan. Hərçənd, bəlkə də artıq Azərbaycan oxucusu üçün burda qeyri-adi heç nə yoxdur. Çünki populizm, ucuz reklam ardınca aludəçilik xəstəliyi faktiki olaraq bütün mediamızı bürüyüb. Təki oxucuya bir “sensasiya” dürtüşdürə (bu ifadəmə görə üzr istəyirəm) bilsinlər. Bu “dürtüşdürmə” ajiotajı zamanı isə hər şey yaddan çıxır: abır da, həya da, vicdan da. Təki rəhbərlik razı qalsın... Sən isə yeni-yeni “kəşflərə” imkan qazanasan.
Hacı Şahin Həsənli sadəcə olaraq bu üzdəniraq, əsl amalını sensasiya axtarışında görən “medianın” növbəti “şikarı” oldu. Vəhhabilər sevindilər, ateistlər razı halda “dəyərli” şərhlər verdilər. Vəssalam. Amma bir neçə gündən sonra Hacı Şahin də, onun gözçıxaran “fətvası” da unudulacaq. Gündəmə başqa “xəbərlər” gələcək, “jurnalistlərin” də başı onları camaata “dürtüşdürməklə” qatılacaq. Axı “dürtüşdürmə” mediasının nümayəndələridi bunlar...
P.S. Sonda mərhum aktyorumuz Həsən Məmmədovun canlandırdığı obrazlardan birinin bütün zamanlar üçün keçərli olan çağırışını xatırlatmaq istərdim: “Adam kişi olar!”. Bu çağırışa hamı “ləbbeyk” desə, o zaman cinsdəyişdirmə məsələlərinə də adekvat reaksiya verərlər.