Düşünmək olardı ki...
Son günlər Azərbaycanda dini radikallıq və təkfirçiliyin qarşısının alınması istiqamətində ciddi tədbirlərin həyata keçirilməsini desək, heç də yanılmarıq. Suriyada artıq üç ilə yaxındır ki davam edən döyüşlərdə Bəşər Əsəd ordusu tərəfindən öldürülənlər arasında azərbaycanlıların sayının kəskin surətdə artması dövlət qurumlarını daha ciddi hərəkətə keçməyə sövq edib. Bu tədbirlər cəmiyyətin istər dindar, istərsə də qeyri-dindar təbəqəsi arasında müsbət qarşılandı. Bunu anlamaq da çətin deyil. Heç bir sağlam düşüncəli insan yaşadığı məmləkətin ikinci Suriyaya çevrilməsini istəməz. Digər tərəfdən isə, heç bir valideyn min bir əziyyətlə böyüdüb boya-başa çatdırdığı övladının kimlərinsə məkirli planlarının həyata keçməsi uğrunda canını qurban verməsini istəməz. Bir sözlə, son günlərin nəzər saldığımız hadisələrini cəmiyyətimizin saflaşması, radikallıqdan və fanatizmdən xilas olmaq istiqamətində atılan addımlar kimi də dəyərləndirmək olar. Düşünmək olardı ki, heç olmasa bu işdə əhalisinin böyük hissəsi müsəlman olan Azərbaycanda nəhayət ki, vəhdət əldə olunacaq. Axı özlərini İslam dininə mənsub olduqlarını düşünən insanlar heç vaxt sərtliyə, qəddarlığa, başkəsənliyə bəraət qazandıra bilməzlər. Axı İslam sülh və əminamanlıq deməkdir. Bu baxımdan da etirazların meydana gəlməyəcəyini ehtimal etmək olardı.
Əslində, bu proqnozlar özünü doğrultdu. Həqiqətən də, istər telekanallarda, istər qəzet səhifələrində, istərsə də elektron KİV-də radikal dini cərəyanlara qarşı atılan addımlar alqışlandı. Bəziləri isə hələ daha sərt tədbirlərin görülməsini təklif etdilər. Amma...
“Meşə çaqqalsız olmaz”
Əslində bu yazıda jurnalist etikasını pozmaq, kimisə təhqir etmək niyyətimiz yoxdur. Amma neyləmək olar ki, bəhs etdiyimiz məsələyə ən çox uyğun gələn misal budur – “Meşə çaqqalsız olmaz”. Baş verənlər əcdadlarımızın söylədikləri bu ibarənin həyat təcrübəsindən irəli gəldiyini bir daha sübut etdi. Çox olmasalar da, amma bəzi KİV, daha doğrusu İnternet resursları öz aləmlərində maskalanmış şəkildə və dolayısı ilə, əslində isə çox aşkar sezilən tərzdə radikallığa və təkfirçiliyə qarşı başlanan kampaniyaya qara yaxmağa, radikallıq və təkfirçiliyə bəraət qazandırmağa çalışdılar. Təbii ki, sual yaranır: niyə? Axı hansı məqsəd güdülür? Belə bir mövqeyin səbəbləri nədir? Bu sualların mümkün cavablarını tapmağa çalışaq.
Mümkün səbəblər
Səbəb 1. Azərbaycan cəmiyyətində təlatüm yaratmaq cəhdinin qarşısının alındığını görən bəzi “qara qüvvələr” buna yol verməmək üçün cəhd göstərirlər. Bu qüvvələrin hardan idarə edilməsindən asılı olmayaraq (buna dair də müxtəlif versiyalar mövcuddur), bəllidir ki, onlar Azərbaycanın, dövlətçiliyimizin, millətimizin qatı düşmənləridir. Baxmayaraq ki, şəxsiyyət vəsiqələrindəki soyadlar onların bu millətə mənsub olmalarından xəbər verir.
Səbəb 2. Radikal və təkfirçi düşüncə tərzinə malik qrupların fikrini bölüşən ayrı-ayrı şəxslər sərəncamlarında olan bəzi saytlardan istifadə edərək, guya cəmiyyətin əksəriyyətinin nəzər saldığımız sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlərdən narazı qalması görüntüsü yaratmağa çalışırlar. Bunun üçün də, əsasən, heç bir dəlil və sübut olmadan anonim yazılara üstünlük verilir, müxtəlif dövlət qurumlarında çalışan vəzifəli şəxslərin ünvanlarına böhtanlar yağdırılır. Amma bunların “ağ sapla tikilən yalan” olduğu da çox asanlıqla sezilir.
Səbəb 3. Diqqət yetirmək lazımdır ki, bu təxribat xarakterli tək-tük yazılar əsasən 3,4, bəlkə də 10-cu dərəcəli hesab edilən xəbər saytlarında yer alır. Ölkə mediasında dəbi diqtə edən agentliklər, telekanallar və qəzetlər isə, artıq yuxarıda qeyd edildiyi kimi, birmənalı mövqe sərgiləyirlər. 10-cu dərəcəli saytların “qara PR”nın isə, zənnimizcə, 2 səbəbi ola bilər. Ya “sarı mətbuata” xas olan iş prinsiplərini rəhbər tutaraq özlərinə ucuz populyarlıq qazanmağa cəhd edirlər, ya da ki, müəyyən qurumlardan və konkret şəxslərdən “umacaqları” var ki, buna da deyərlər “reket jurnalistikası”.
“Milçək bir şey deyil, amma ürək bulandırır”
Bu səbəblər silsiləsini bir qədər də davam etdirmək olardı. Amma elə bunlarla da kifayətlənək. Nəzər saldığımız “qara PR”ın səbəbi nə olursa olsun, aydındır ki, nə sadə vətəndaşların, nə dövlətimizin, nə də dindar əhalinin maraqlarına cavab vermir. Bulanığ suda balıq tutmaq eşqi ilə alışıb yananlar, təbii ki, suların durulmasını heç vaxt həzm edə bilməzlər. Elə buna görə də 10-cu dərəcəli KİV “sarı mətbuat” funksiyaları ilə yüklənib üzərinə düşən vəzifəni icra edir. Əlbəttə ki, bu faydasız və əvvəlcədən iflasa məhkum bir işdir. Cəmiyyətimiz də bu murdar cəhdlərə layiqli qiymət vermək üçün kifayət qədər sağlam düşüncəyə malikdir. Ancaq... Əcdadlarımız demiş, “milçək bir şey deyil, amma ürək bulandırır”.
Vüsal Əliyev