Namazı qılıb qurtarandan sonra sağ və sol çiyinlərə tərəf dönüb salam verməyin mənası nədir? Bəziləri namazdan sonra əllərini dizlərinə vurub “Allahü əkbər” deyirlər. Bunun mənası nədir?
Dinimizə görə, hər adamın sağ və sol çiyinlərində “katib mələklər” deyilən iki mələk oturur. Sağ çiyindəki mələk adamın yaxşı əməllərini, sol çiyindəki mələk isə pis işlərini qeyd edir. Buna görə namazdan sonra həmin mələklərə salam verməyin müstəhəb olduğunu söyləyirlər. Bunu adətən əhli-sünnə məzhəbində olan müsəlmanlar edirlər, şiə mənbələrində bu barədə göstəriş demək olar ki yoxdur.
Namazdan sonra əlləri dizlərə vurub təkbir deməyə gəlincə, şiə fiqhinə görə namaz bitəndən sonra 3 dəfə əlləri qulaq bərabərinə qaldırıb “Allahü əkbər” demək müstəhəbdir. Bəzən adamlar əllərini çox yuxarı qaldırmır, birinci təkbirdən sonra dizlərinin üzərinə qaytarıb yenə azacıq yuxarı qaldırır və təkbir deyirlər. Ona görə kənardan baxana elə gəlir ki, bu adam əlləri ilə dizlərini döyüb təkbir deyir.