Əldə həna (xna) ləkəsi olanda dəstəmaz almaq düzgündürmü?
Ümumiyyətlə, dəstəmaz alan zaman dəstəmaz üzvlərinin üzərində su ilə tam islanmağa əngəl ola biləcək heç bir maneə qalmamalıdır. Məsələn, üzük, qolbaq, eynək kimi vasitələr ya gərək dəstəmaz zamanı çıxarılsın, ya da onların altındakı dərinin su ilə tam islanması təmin edilsin. Dəstəmaz üzvlərinin üzərində olan ləkələr də bu qəbildəndir.
Əgər ləkə dərinin üzərində qat əmələ gətirirsə və su ilə dəri arasında maneə yaradırsa, onu mütləq təmizləmək lazımdır. Amma həna (xna) elə bir boyaqdır ki, çox qısa müddət ərzində öz rəngini dəriyə hopdurur. Özü də bu rəng dəriyə o qədər hopur ki, onu əllə hiss etmək də olmur. Bunu artıq boyaq kimi yox, dəriyə hopmaq kimi qəbul etmək lazımdır. Ona görə də həna ləkəsi dəstəmaz almaga mane olmaz.